Yas mərasimlərinin təşkilinə maliyyə ayrılması qaydası müəyyənləşdirildi

Nazirlər Kabineti “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” qərar verib.

Etikxeber.az xəbər verir ki, qərara əsasən dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımı müəyyən edilib.

Hərbi ehtiram göstərilən şəxslərin dəfninə müvafiq maliyyə yardımının verilməsi üçün həmin şəxslərin valideynləri (yaxın qohumları və ya qanuni nümayəndələri) tərəfindən yaşadığı yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə həqiqi hərbi xidmət zamanı hərbi qulluqçunun (toplanışda olan hərbi vəzifəlilərin) həlak olması və ya vəfat etməsi barədə hərbi hissə (müəssisə, idarə və təşkilat) komandirinin (rəisinin) əmri, ehtiyatda və istefada olan şəxslər üçün ölüm haqqında şəhadətnamə təqdim edilməlidir. Bu sənədlər aidiyyəti üzrə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin hərbi hissə (müəssisə, idarə və təşkilatı), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri tərəfindən verilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri maliyyə yardımının verilməsi barədə müraciəti dərhal qəbul edib, 3 iş günü müddətində müvafiq vəsaitin nağdsız hesablaşma yolu ilə ödənilməsini təmin edir. Hərbi ehtiram göstərilən şəxslərin şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili ilə əlaqədar maliyyə yardımının göstərilməsi hər il üçün dövlət büdcəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanılması xərclərinin tərkibində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Qeyd edək ki, hərbi ehtiram göstərilən şəxslərin siyahısına hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər, ehtiyatda olmağın son yaş həddinə çatmayan, lakin yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20  təqvim ili və daha çox xidmət etmiş ali və baş zabitlər, hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış ali və baş zabitlər, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş, Azərbaycan Respublikasının “Şöhrət” ordeni və “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslər, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti ali orqanlarının rəhbərləri daxildir.

Etikxeber.az

Read Previous

Düşmən bu gecə atəşkəsi 12 dəfə dəfə pozdu

Read Next

“Bir savadlı redaktor qalmayıbmı, bu məmləkətdə?” – Telli Pənahqızı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir