Elsəvər Ağacan oğlu Əhədzadə…
Əslən Sabirabadlı, özü isə Bakı doğumlu…
İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…
İkinci Vətən Müharibəsi, Nur üzlü İkinci Qarabağ Savaşı Şəhidi…
Cəmi 25 yaşında qanı, canı ilə Qəhrəmanlıq dastanı yazan Vətən fədaisi…
Elsəvər Əhədzadə 1995-ci ilin iyun ayının 3-də Bakı şəhərinin Nizami rayonunda, sadə bir ailədə dünyay gəlib…
Ailədə iki övlad, iki qardaş idilər…
Elsəvər ailənin böyük övladı, ondan 2 yaş kiçik olan 1997-ci il təvəllüdlü Fərid isə evin sonbeşiyi olub…
Elsevərgil Bakı şəhərinin Nizami rayonunda yerləşən yataqxanalardan birində yaşayıblar, Şəhidliyinə kimi onların öz şəxsi evləri, mənzilləri, isti ocaqları olmayıb…
2001-2012-ci illərdə Nizami rayonunda yerləşən Xalid Quliyev adına 62 nömrəli tam orta məktəbdə təhsil alıb, məktəbi əla qiymətlərlə, müvəffəqiyyətlə başa vurub…
Və elə həmin ali məktəbə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat texnologiyası fakültəsinin Tikinti matereallarının və məmulatlarının mühəndisliyi ixtisasına qəbul olunub…
2016-cı ildən ali məktəbi bitirdikdən az müddət sonra həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…
O da, qardaşı da eyni yerdə-Tovuz istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmət ediblər…
Elsəvər həqiqi hərbi xidmətini bitirdikdın sonra ixtisası üzrə müxtəlif tikinti şirkətlərində çalışıb…
2020-ci ilin 21 sentyabr tarixində isə hərbi səfərbərliyə cəlb olunub…
Qardaşı Fərid isə ondan cəmi 6 gün sonra səfərbərliyə cəlb edilib…
Hər iki qardaş İkinci Vətən Müharibəsində, təxminən eyni istiqamətlərdə döyüşüb, vuruşublar…
Qardaşı Fərid Elsevərin Şəhidliyindən bir neçə gün öncə Hadrut istiqamətində ağır yaralanıb və xəstəxanaya yerləşdirilib…
Ancaq bu barədə ailəsinə məlumat verməyib, heç nə deməyib…
Fərid xəstəxanada müalicə alan vaxt isə Elsəvər Şəhidlik məqamına ucalıb Füzuli istiqamətində…
Elsəvər ayın 21-də qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib…
Ancaq nəşi 4 gün sonra ailəsinə təhvil verilib və oktyabrın 25-də Keşlə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Qardaşı Fəridə isə Elsəvərin Şəhidliyi xəbəri saatlar sonra-xəstəxanada olarkən verilib…
Şəhidliyindən sonra Elsəvər cəmi iki medalla-“Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…
Qardaşı Fərid də medallarla təltif edilib…
Ancaq təəssüflər olsun ki, müharibədə iştirak etməsinə, yaralanmasına, hələ də səhhətində problemlər qalmasına baxmayaraq, Şəhid qardaşına-Fəridə Haqqı olan əlillik dərəcəsi verilməyib…
Bugünədək də əlillik, Qazilik Haqqı tanınmayıb…
Qəbuledilməz, üzücü və xoş olmayasn bir durum…
Uzun illər yataqxanada yaşayan Şəhidin ailəsinə isə yalnız bu yaxınlarda Bakı şəhərində Şəhid ailələri üçün tikilmiş binalardan birində, özü də cəmi iki otaqlı mənzil verilib…
Hansı ki, Şəhidin atası insult, Qazilik Haqqı ala bilməyən qardaşı isə nişanlıdır…
***
Bu gün Nizami rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi Alı Həsənlinin Cənnətdəki üçüncü doğum günü ilə bağlı məzarını ziyarət edərkən Elsəvərin anası Dilbər xanımla tanış oldum…
Olduqca sadə, sakit, təvazökar olan Dilbər xanımla bir xeyli söhbətləşdim, dərdləşdim…
Şəhidimizin anasına, ailəsinə Allahdan səbr arzuladım…
“Şəhidimizin məkanı cənnətlik olsun!”-dedim…
Qeyd edim ki, söhbət boyu Dilbər xanımın, Dilbər Ananın gözlərindən yaş sel kimi axırdı…
Gözlərindən, çöhrəsindən dərd, kədər yağırdı…
Və bəzən nə deyəcəyimi, necə təsəlli verəcəyimi belə bilmirdim…
Yenə də sözlərin, kəlmələrin bitdiyi, aciz qaldığı yer idi…
İki oğlundan biri Şəhid, biri hələ də Haqqını ala bilməyən Qazi, üstəlik həyat yoldaşı da insult xəstəsi…
Allah bir daha səbr və dözümünü versin, Şəhid anasının, Dilbər ananın, Əhədzadələr ailəsinin!
Böyük Yaradan övladının-övladlarının – Elsəvər Əhədzadənin məqamını Uca, ruhunu şad etsin!
Nurlar içində uyusun!
Milyon kərə Amin!
***
FOTOLAR:






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az