“Yaxın Şərqdə və Şimali Afrikada baş verən qeyri-sabitlik…” – ELŞAD HƏSƏNOV – FOTO

Avropada mühacir və diaspor cəmiyyətlərinin radikallaşması ən qısa müddətdə həll edilməsi tələb olunan bir problemdir. Mühacir və etnik icmaların nümayəndələri müxtəlif səbəblərə görə vətənlərini tərk edirlər, hərbi münaqişələr, sosial və iqtisadi qeyri-sabitlik buna təsir edən əsas amillərdir. Təəssüf ki, Yaxın Şərqdə və Şimali Afrikada baş verən qeyri-sabitlik mühacir və qaçqınların nəzarətsiz axını ilə nəticələndi. Avropa isə milyonlarla qaçqının çevik qəbuluna və səmərəli inteqrasiyasına hazır deyil. Nəticədə indi biz bəzi Avropa ölkələrində qaçqın düşərgələri və müvəqqəti sığınacaq mərkəzlərinin meydana gəlməsinin şahidiyik.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elşad Həsənov bildirib.

elsaddddddd-aspa

Deputat qeyd edib ki, bəşəriyyət tarixi boyunca mühacir və ya qaçqınların həyatı heç zaman asan olmayıb. Yeni ölkədə mühacirin mədəni və sosial uyğunlaşması həmişə müxtəlif problemlərlə müşayiət olunub. Mühacirlərin sayı milyonlarla olanda isə bu, regional və qlobal bir problemə çevrilib.

Nümayəndə heyətinin üzvü deyib ki, Avropa ölkələrindəki qaçqın düşərgələri və mərkəzlərinin risk zonası olduğu etiraf edilməlidir, çünki sosial və iqtisadi problemlər mühacirlər arasında çarəsizlik yaradır. Bu hal isə yeni gələnləri radikalların asan hədəfinə çevirir.

“Bu gün tez-tez ekstremist təbliğatın nümunələrini görə bilirik. Sosial media bəzən milliyyətçi və ekstremist əhval-ruhiyyəni təhrik etmək üçün bir növ platforma rolunu oynayır. İndi biz mühacirləri inteqrasiya etmək üçün bütün zəruri addımları atmalıyıq. Əks təqdirdə, bu insanlar radikal təbliğat üçün yumşaq bir hədəf olacaqlar. Eyni zamanda, Avropa ölkələri qaçqın axınının baş qaldırdığı ölkələrlə fəal əməkdaşlıq etməlidirlər. Hökumətlərarası əməkdaşlıq bu məsələni həll etməyə kömək edə bilər” – -deyə, Elşad Həsənov qeyd edib.

Millət vəkili bildirib ki, radikalizmə qarşı mübarizə İslam əleyhinə əhval-ruhiyyəyə stimul verməməlidir. Antiislam ritorikası ekstremist və terrorçu təbliğata yardım edə bilər. Təhlükəsizlik və insan hüquqları arasında tarazlıq tapmalıyıq. Mühacir və etnik icmalar Avropa multikulturalizmi üçün yeni bir sınaqdır.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Paşinyan işğal edilmiş 5 rayonu da Dağlıq Qarabağın ərazisi adlandırıb ki…” – MİLLƏT VƏKİLİ – FOTO

Read Next

“Bu təşkilatın hansı gələcəyi ola bilər?” – SƏMƏD SEYİDOV AŞPA-YA SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir