“Yaxşı yolun olmaması rayonların inkişafını ləngidir…” – KOMİTƏ SƏDRİ

Ziyad SƏMƏDZADƏ: “Azərbaycan dünyanın mühüm müasir nəqliyyat mərkəzlərindən biridir”

“Şəhərləri, rayonları birləşdirən yolların tikintisinə ciddi ehtiyac hiss olunur. Bəzi hallarda insanlar bir bölgədən digərinə getmək üçün Bakıdan keçməyə məcbur olurlar ki, bu da həm vaxt itkisinə, həm də paytaxtda və Bakı ətrafında nəqliyyat sıxlığına səbəb olur…”

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biri də qədim İpək Yolu nəqliyyat dəhlizində respublikamızın aktiv iştirakını təmin etməsidir. Çünki bu dəhlizin fəaliyyəti respublikamızın sosial-iqtisadi inkişafına böyük təsir göstərəcəkdir. İpək Yolu kimi beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizində Azərbaycanın aktiv iştirakı ölkəmiz üçün əsrlər boyu faydası olacaq bir vasitədir. Çünki qloballaşan dünyada əlverişli nəqliyyat dəhlizlərinə yiyələnmək, bu mümkün olmadıqda isə alternativ yollar axtarmaq istiqamətində böyük mübarizələr gedir. Ona görə də bu rəqabət mübarizəsində uduzmamaq, ölkənin iqtisadi inkişaf imkanlarını artırmaq, xarici iqtisadi əlaqələrini genişləndirmək, Azərbaycanın sahib olduğu məkanın üstünlüklərini reallaşdırmaq məqsədilə Prezident İlham Əliyev başçılıq etdiyi dövlətin nəqliyyat kompleksinin inkişaf strategiyasının prioritet istiqamətlərini müəyyənləşdirdi.

Etikxeber.az xəbər verir ki, bunu 5-ci dəfə deputatlığa namizədliyini irəli sürən millət vəkili, akademik Ziyad Səmədzadə deyib.

“Tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycanın nəqliyyat kompleksinin bütün strukturları bu strategiyanın həyata keçirilməsi ilə bağlı böyük işlər görmüş və görürlər. Bütün bunların nəticəsidir ki, bu gün respublikamız gəmiçilik donanmasına, müasir gəmiqayırma zavoduna və hava nəqliyyatı sisteminə malikdir”-deyən millət vəkili qeyd edib ki, son illərdə Azərbaycanda bütün sahələrdə inkişaf, gündən-günə geniş vüsət alan islahatlar prosesi yaşanmaqdadır. Bu proses, bu inkişaf Azərbaycan dəmir yolundan da yan keçməyib və keçə də bilməzdi.

“Ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərindən başlayan və 2000-ci illərin əvvəllərinə qədər davam edən gerilik, tənəzzül dövrü artıq arxada qalmışdır. Azərbaycan dəmir yolunun inkişafında yeni mərhələ başlanmışdır. Bakı və Sumqayıt Dəmiryolu vağzallarının ən müasir standartlara cavab verən səviyyəyə çatdırılması, elə ötən ildə Bakı-Gəncə sürət qatarının işə salınması, ən əsası tarixi layihə olan “Bakı-Tbilisi-Qars” dəmiryolu xəttinin təhvil verilməsi deyilənlərin əyani təsdiqidir. Davos Dünya İqtisadi Forumunun dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatında göstərilir ki, Azərbaycan dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci, dəmir yollarının keyfiyyətinə görə 34-cü yerdədir. Bununla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, yükdaşımalar kəskin artır, eyni zamanda, ölkə daxilində infrastruktur təzələnir, İsveçrə istehsalı olan yeni müasir “Ştadler” vaqonları alınıb. Hazırda Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir. Qəbələyə, Şahdağa qədər dəmir yollarının tikintisi nəzərdə tutulur. Həmçinin, Bakı-Yalama, Astara-Ələt dəmir yolunun bərpası planlaşdırılır.

Abşeron dairəvi dəmir yolu xəttinə gəlincə, orada ümumilikdə 17 stansiya və dayanacaq var. Yəni, Bakı sərnişin-Sabunçu-Pirşağı-Sumqayıt sərnişin-Xırdalan-Biləcəri-Bakı sərnişin dairəvi dəmir yolu xəttinin ümumi uzunluğu 191,6 kilometrdir. Aparılan yenidənqurma işləri çərçivəsində Zabrat-1, Məmmədli dayanacaqları, Pirşağı və Zabrat-2 stansiyaları yenidən qurulub. Eyni zamanda, gələn il artıq Sumqayıt-Pirşağı dəmir yolu birləşəcək və beləliklə, dairəvi yol formalaşacaq. Həmçinin, gələn ilin investisiya proqramında yenə əlavə vəsaitin nəzərdə tutulması gözlənilir ki, bununla da dəmir yolu şəbəkəsini genişləndirmək mümkün olsun. Uzun illər respublikanın şəhər və kəndlərində avtomobil yollarının tikilməsi, yenidən qurulması, təmiri və yolların cari saxlanmasının təmin edilməsi üçün bizim kifayət qədər maliyyə imkanlarımız yox idi. Amma 2008-ci ildə Prezident İlham Əliyevin sədrliyi ilə respublikada avtomobil yolları şəbəkəsinin inkişafına həsr olunmuş müşavirə keçirildi.

Müstəqillik tariximizdə bu qəbildən ilk müşavirədə ölkə üzrə avtomobil yollarının vəziyyəti barədə müvafiq icra strukturlarının məlumatını dinlədikdən sonra dövlət başçısı qeyd etdi ki, Azərbaycanın dinamik inkişafı naminə bu sahədə də dönüş əldə edilməsi üçün böyük işlər görülməlidir. Respublikanın bir çox rayonlarında, xüsusən dağ rayonlarında avtomobil yollarının texniki səviyyəsi yüksək deyildir. Əhali yolun keyfiyyətsiz olmasından narahatlıq keçirir. Kənd təsərrüfatı məhsullarının daşınmasında itkilərə yol verilir.

Bir sözlə, yaxşı yolun olmaması rayonların inkişafını ləngidir. Eyni zamanda, şəhərləri, rayonları birləşdirən yolların tikintisinə ciddi ehtiyac hiss olunur. Bəzi hallarda insanlar bir bölgədən digərinə getmək üçün Bakıdan keçməyə məcbur olurlar ki, bu da həm vaxt itkisinə, həm də paytaxtda və Bakı ətrafında nəqliyyat sıxlığına səbəb olur. Bununla yanaşı, artıq 3 milyona yaxın əhalisi olan Bakının özündə geniş yollar məsələsi müstəsna hallar istisna olmaqla, sanki unudulmuşdu. Bir sözlə, ölkədə şəhər nəqliyyatının intensivliyi, minik avtomobillərinin sürətlə artması şəraitində şose yollarının köhnə vəziyyətdə qalması mümkün deyil.

Müşavirəyə yekun vuran Prezident demişdir: “Azərbaycanın avtomobil nəqliyyatı infrastrukturunun tamamilə yeniləşməsi mümkün olacaqdır. Bu, çox böyük proqramdır və həm magistral yolların, şəhərlərarası, kənd yollarının, şəhər yollarının tikintisi, həm də yol qovşaqlarının, piyada keçidlərinin tikintisi, nəqliyyatı idarəetmə sisteminin təkmilləşdirilməsi üçün çox vacib bir vasitə olacaqdır. İndi sadəcə olaraq, təqdimatda göstərilən bütün layihələri bir daha nəzərdən keçirmək lazımdır. Biz onların prioritetlərini müəyyən etməliyik ki, bu il hansılar və gələn il hansılar başlanmalıdır. Ancaq hesab edirəm ki, bu, böyük, gözəl proqramdır və bunun icrası nəticəsində, demək olar ki, nəqliyyatla bağlı əsas məsələlər öz həllini tapacaqdır. Əlbəttə, bunu etmək üçün texniki imkanlar lazımdır və onlar da var”.

2018-ci ildə avtomobil yollarının tikintisinə, yenidən qurulmasına, təmirinə və saxlanmasına dövlət zəmanəti ilə alınan məqsədli xarici kreditlər də daxil olmaqla 1710,8 milyon manat vəsait yönəldilmiş, o cümlədən “Avtomobil yolları” məqsədli büdcə fondundan ümumi istifadədə olan və Bakı şəhər yollarının və yol qurğularının saxlanmasına və təmirinə 372,0 milyon manat vəsait sərf olunmuşdur. Respublikanın 54 rayonunda, həmçinin Bakı və Sumqayıt şəhərlərində 90 layihə başa çatdırılmışdır. Respublika üzrə 500 yaşayış məntəqəsini əhatə edən 1300,0 km uzunluğunda yollar tikilərək istismara verilmiş, o cümlədən 10 respublika əhəmiyyətli, 64 kəndlərarası, 11 Bakı şəhərinin qəsəbələrarası və 2 ümumşəhər əhəmiyyətli avtomobil yolunun, 2 körpünün və 1 avtomobil yolu tunelinin tikintisi başa çatmışdır.

Son 16 ildə 16 min km-dən çox yeni mobil yolları salınmışdır. 2018-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə ümumilikdə tikintisi başa çatan layihələr də daxil olmaqla, 40 layihə üzrə avtomobil yollarının və yol qurğularının açılış, təməlqoyma mərasimləri keçirilib, dövlət başçısı tərəfindən müvafiq tövsiyə və tapşırıqlar verilib. Bütün bu işlər həm də biznes mühitinin yaxşılaşmasını səciyyələndirən yüksək göstəricilərdən biri kimi qiymətləndirilir.

Dövlət başçısı deyir: “Bütövlükdə ölkənin səviyyəsini, onun imkanlarını göstərən amillərdən biri də yol infrastrukturudur. Bizdə isə yol tikintisi çox sürətlə gedir. Hər bir kənd məntəqəsinə çəkilən yeni yol, öz növbəsində, biznes mühitini də yaxşılaşdırır, turizm imkanlarını genişləndirir. Bir sözlə, bu, aydın məsələdir ki, yol olan yerdə canlanma da, inkişaf da var. Bütün bu sahələr üzrə konkret proqramlar var, büdcə vəsaiti var və növbəti illərdə bu vaxta qədər əldə edilmiş uğurlar, əlbəttə ki, daha da artırılmalıdır” -deyə, akademik sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Gözləyirik…” – Sabiq deputatın-NAMİZƏDLİYİ QEYDƏ ALINACAQMI?

Read Next

Sabir Rüstəmxanlının partiyasından deputatlığa namizəd kimi qeydə alınanlar varmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir