Yaz sessiyası: Kimlər nə edəcək?-Eldəniz Səlimov ərzaq və qida təhlükəzliyi, Kamilə Əliyeva isə – AİLƏ HƏKİMİ, ALİ TƏHSİL VƏ TƏHSİL KREDİTLƏRİ İLƏ BAĞLI QANUN LAYİHƏLƏRİNİN QƏBULUNU VACİB HESAB EDİR

Milli Məclisin bir neçə gün sonra öz işinə başlayacaq növbəti yaz sessiyasında təbii ki, bir çox məsələlərin, hesabatların və qanun layihələrinin geniş müzakirəsi gözlənilir və nəzərdə tutulur. Qanun layihələri deyərkən də, burada təkcə yenilərdən deyil, həm də mövcud qanunvericilik aktlarına, qanunlara, məcəllələrə önəmli dəyişiklikləri, əlavələri nəzərdə tutan qanun layihələrindən söhbət gedir. Bəli, həm yeni qanunlara, həm tam yeniləndirilmiş, tam təkmilləşdirilmiş qanunlara, həm də mövcud olanların bu günün reallıqlarına tam cavab verməsini, uyğunlaşdırılmasını nəzər tutan qanunvericilik aktlarının müzakirəsinə və qəbuluna ehtiyac var.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili onu da deyib ki, yaz sessiyası həmçinin, hesabatlar sessiyasıdır. Bu sessiyada hökumət-Nazirlər Kabineti də daxil olmaqla, ən azı beş mühüm qurum, sahə, məsələ üzrə hesabatların dinlənilməsi, müzakirəsi və təsdiqlənməsi baş verir.

“Bu il də məhz belə olacaq. Hesab edirəm ki, həmin hesabatların müzakirəsi zamanı yeni ideyalar, yeni məsələlər ortaya gələ bilər və bu, istisna da deyil. Şəxsən mən özüm də həmin hesabatlar zamanı çıxış və ya yazılı şəkildə bir sıra təklifləri irəli sürməyi, səsləndirməyi, təqdim etməyi düşünürəm. Burada həm təmsilçisi olduğu Xaçmaz rayonu, onun seçiciləri, həm də ümumən ölkəmiz, cəmiyyətimizin inkişafı ilə bağlı məsələlər, məqamlar var. Bununla yanaşı, hesab edirəm – bunları da bir neçə dəfə təklif etmişəm – ki, parlamentdə ərzaq təhlükəsizliyi, qida təhlükəsizliyi ilə bağlı yeni qanunlara ehtiyac duyulur. Çünki yaşadığımız zəmanə, dövr, reallıqlar, ətraf mühit, ekoloji durum, iqlim dəyişiklikləri, ölkəmizdə, ətrafımızda, bütövlükdə dünyamızda baş verən hadisələr bu qanunların hazırlanması və qəbulunu zəruri edir. Çünki həm ərzaq təhlükəsizliyi, həm də qida təhlükəsizliyi milli təhlükəsizlik qədər vacib məsələlərdir.

Təbii ki, bu gün ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı ciddi narahatçlıq doğuracaq bir məsələ yoxdur. Bu istiqamətdə daim önəmli addımlar atılır. Amma biz bütün hallarda ərzaq təhlükəsizliyi bağlı məsələni daim yadda, diqqətdə saxlamalı və bu yöndə təkmil qanunvericilik aktı hazırlayıb, müzakirəyə çıxarıb, qəbul etməliyik. Eyni zamanda, artıq bir neçə ildir üzvü olduğum Aqrar siyasət komitəsinin də gündəmində olan “Qida təhlükəsizliyi haqında” qanun layihəsinin parlamentə təqdim edilməsini və hərtərəfli müzakirələrdən keçirilərək, qəbulunu vacib sayıram. Komitəmizin rəhbərliyi tərəfindən də belə bir sənədin qəbuluna ehtiyac olduğu dəfələrlə vurğulanıb, dilə gətirilib və elə hesab edirəm ki, qanun layihəsini hazırlayan müvafiq qurumlar bu məsələni bir qədər də sürətləndirəcək, adıçəkilən sənədi də zamanında, məqamında parlamentin müzakirələrinə təqdim edəcəklər. Qida təhlükəsizliyi sağlam həyat, sağlam insan, sağlam gələcək deməkdir. Bu, çox-çox önəmli bir məqamdır.

Həmçinin, təmsil olunduğum Gənclər və idman komitəsinin gündəmindəki məsələləri dəstəkləməklə, bu istiqamətdə də bir sıra qanunlara yeniliklərin, təkmilləşdirmələrin edilməsini, aparılmasını məqsədəuyğun sayıram. Bütövlükdə bu il və qarşıdakı illərdə işğaldan azad olunmuş ərazilərimizin, 28-29 ildən sonra Azərbaycanına qovuşmuş Qarabağmızın bərpası, dirçəldillməsi ilə bağlı məsələlər daha çox aktuallıq kəsb edəcək. Odur ki, Qarabağımızın bərpasına, yenidən dirçəldilməsinə töhfə verəcək qanunvericilik bazasının formalaşdırılmasına, mövcud olanların təkmiləşdirilməsinə üstünlük verilməlidir və heç şübhəsiz ki, belə də olacaq. Yəni, bu yöndə hansısa qanunlarda önəmli dəyişikliklərə, yeniliklərə ehtiyac olacaqsa, məhz onlar da daha çox öndə olmaldır və olacaq. Bütövlükdə belə hesab edirəm ki, 6-cı çağırış Milli Məclisin ikinci yaz sessiyası da kifayət qədər səmərəli, məhsuldar keçəcək və parlamentarilər öz üzərlərinə düşən vəzifələri tam layiqincə yerinə yetirəcəklər. Bunun üçün də Milli Məclisdə tam potensial var. Hər kəsə yaz sessiyasında uğurlar, Azərbaycanımıza isə firavan gələcək arzulayıram”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Millət vəkili, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva da həmkarı kimi hesab edir və qəti əmindir ki, MM-in builki yaz sessiyası digər sessiyalar kimi, maraqlı, məzmunlu, səmərəli və məhsuldar keçəcək, nəzərdə tutulan bütün məsələlər öz müsbət həllini tapacaq və bütövlükdə ölkəmizin tərəqqisinə, inkişafına, Qarabağa tam sahiblənməsinə öz müsbət təsirini göstərəcək.

Bununla yanaşı, millət vəkili belə düşünür ki, parlamentdə yeni qanun layihələrinin hazırlanmasına, müzakirələrə çıxarılmasına və qəbuluna ehtiyac var.

“Bildiyiniz kimi, mən parlamentin Səhiyyə, o cümlədən, Elm və təhsil komitələrində təmsil olunuram. Hər iki komitənin də artıq ilk iclasları onlayn şəkildə baş tutub, gündəlikdəki məsələlərlə bağlı da ətraflı müzakirələr aparılıb və onlar yaz sessiyasının plenar iclaslarına tövsiyə olunublar. Mən özüm də müəyyən fikir və təkliflərlə çıxış etmişəm. Bu gün də hesab edirəm ki, bizdə “Ailə həkimi haqqında”, “Ali təhsil haqqında”, “Reproduktiv sağlamlıq haqqında” və “Təhsil kreditləri haqqında” qanun layihələrinin müzakirələrə çıxarılmasına və qəbuluna ehtiyac duyulur. Hər biri çox önəmlidir və illərdir ki, gündəmdədir.

Artıq ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılıb və bu məsələnin özü “Ailə həkimi haqqında” qanunun qəbulunu vacib və zəruri edir. Dünyada icbari tibbi sığorta tətbiq edilən ölkələrdə, o cümlədən, qardaş Türkiyədə də ailə həkimi institutu mövcuddur, bu yöndə mükəmməl qanunvericilik aktları var. Odur ki, həmin ölkələrin təcrübəsi öyrənilməklə, onlardan istifadə olunmaqla, bizdə də ailə həkimi ilə bağlı qanun layihəsinin müzakirələrə çıxarılmasına və qəbuluna ehtiyac var.

“Ali təhsil haqqında” qanunun da qəbulu çox önəmlidir. Bu məsələ də ötən çağırışlardan gündəmdədir, müvafiq qanun layihəsinin hazırlanması ilə bağlı atılan addımlar da ortadadır. Çox sevindirici haldır ki, hörmətli sədrimiz Sahibə xanım Qafarova tərəfindən də bu məsələyə çox ciddi diqqət yetirilməkdədir. Hətta bugünlərdə onun iştirakı adıçəkilən qanun layihəsinin hazırlanmasına və müzakirələrə çıxarılmasına dair geniş onlayın iclas keçirilmiş və orada önəmli fikirlər, təkliflər səsləndirilmişdir. Bu baxımdan, ali təhsillə bağlı yeni qanun layihəsinin təkmil formada müzakirələrə çıxarılması çox güman ki, uzun çəkməyəcək, yaxın gələcəkdə bu məsələ öz müsbət həllini tapacaq və təhsil ictimaiyyəti bir daha sevindiriləcək.

Bununla yanaşı, qəbulu bəlli səbəblərdən uzu illərdir düyünə düşmüş reproduktiv sağlamlıqla bağlı qanun layihəsinin də artıq müzakirələrə çıxarılması zamanıdır. Reproduktiv sağlamlıq ana sağlamlığı, dünyaya gələcək uşaqların sağlmalığı, sağlam gələcəyimiz, həmçinin, övlad həsrətində olan insanlarımızın sevindirilməsi deməkdir. Artıq bu qanun layihəsi ilə bağlı mübahisəli məqamlar tam aradan qaldırılıb və odur ki, adıçəkilən sənədin müzakirələri üçün hansısa bir maneə, problem qalmır. Çox güman ki, yaxın gələcəkdə bu qanun layihəsi də müzakirələrdən keçirilərək, qəbul olunacaq və həyata vəsiqə qazanacaq.

Eyni zamanda, övladları ödənişli təhsil alan valdeyinlərin, eləcə də, ödənişlidə oxuyan tələbələrin illərdir səbrsizliklə gözlədiyi təhsil, təhsil kreditləri ilə bağlı qanun layihəsinin müzakirəsinin və qəbulunun zamanıdır. Bu məsələ artıq mütləq şəkildə öz müsbət həllini tapmalıdır. Xüsusilə, son bir ildə dünyamınzda, o cümlədən, onun tərkib hissəsi olan ölkəmizdə koronavirus pandemiyası ilə bağlı müəyyən çətinliklər yaşandı və hələ də yaşanmaqdadır. Bu isə istər-istəməz övladları ödənişli təhsil alan ailələrin, valideynlərin maddi durumuna bir qədər də mənfi təsirini göstərdi. Artıq bir çox ailələr bu məsələdə çox çətin durumdadırlar.

Odur ki, təhsil, tələbə kreditləri ilə bağlı qanun layihəsinin müzakirəsi və qəbulu daha aktual şəkildə ortaya çıxmaqdadır. Düzdür, ölkə Prezidenti cənab İlham Əliyev 15 mindən çox tələbənin iki semestrlik təhsil haqqının dövlət tərəfindən qarşılanması ilə bağlı çox önəmli və təqdirəlayiq addım atdı. Bu, hamı tərəfindən müsbət və razılıqla qarşılandı. Amma bununla belə, hesab edirəm ki, artıq təhsil kreditləri ilə bağlı qanun layihəsi də hazırlanaraq, müzakirələrə təqdim edilməli və qəbul olmunmalıdır. Burada özəl sektor, banklar, iş adamları da böyük dəstəkçi olmalıdır. Çünki adıçəkilən sənəd maliyyətutumludur. Burada yükü təkcə dövlətin çiyinləri üzərinə qoymaq, atmaq olmaz, özəl sektor da əlini daşın altına qoymalıdır, öz sözünü deməlidir…”-deyə, K. Əliyeva sonda bildirib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə – Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir…”-İLHAM ƏLİYEV – AZƏRBAYCAN PREZİDENTİ İRANIN XARİCİ İŞLƏR NAZİRİNİ QƏBUL ETDİ – FOTO – YENİLƏNİB – (1)

Read Next

“Şəhidimiz Vüsal Qənbərlinin yeni doğulmuş övladı Rəsulu bu gün doğum evindən çıxardıq və…”-MİLLƏT VƏKİLİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir