Yaz sessiyasının ikinci plenar iclası- AZAY QULİYEV QAZ SAYĞACLARI PROBLEMİNDƏN DANIŞDI, ZAHİD ORUC NAZİRLƏRİN DƏ AND İÇMƏSİNİ TƏKLİF ETDİ, NAQİF HƏMZƏYEV GƏNCƏ AEROPORTUNUN ADI İLƏ BAĞLI TƏKLİF SƏSLƏNDİRDİ – YENİLƏNİB – (2)

Bu gün, fevralın 12-də 6-cı çağırış Milli Məclisin (MM) yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyinə 15 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

  1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
  2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsi haqqında (ikinci oxunuş).
  3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
  4. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
  5. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
  6. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
  7. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
  8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
  9. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
  10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
  11. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
  12. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
  13. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
  14. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
  15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Deputatlar yenə tibbi maska və əlcəklərdən istifadə edəcək, sosial məsafəni gözləyərək, bir-birindən iki metr aralıda əyləşəcəklər.

08:04

***

MM-in iclası başlayıb.

İclas öz işinə cari məsələlərin müzakirəsi ilə start verib.

11:01

***

Hazırda MM-in İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edir.

“Prezidentin yüksək vəzifə tutan bir neçə hökümət üzvünü tənqid etməsi cəmiyyətdə böyük əks-səda doğurdu. Halbuki ötən illər ərzində üç nazirin və yeddi icra hakimiyyəti rəhbərinin cəzalandırılması, 2015-ci ildə MTN-in ləğvi, iqtisadiyyat, sosial və nəqliyyat sahələrində, o cümlədən 2019-cu ildə hər üç hakimiyyət qolunda əsaslı dəyişikliklərin aparılması dövlət başçısının kadrlara münasibətdə həmişə sərt tələblərlə yanaşdığını sübut edir. İndi Şuşa və bütün Qarabağ hər bir hakmiyyət təmsilçisinin fəaliyyətini qiymətləndirmək üçün bir barometrə çevrilib. Lakin bir qism siyasət, media və şəbəkə adamlarının dövlət başçısının məqsədlərini təhrif edərək “bütün məmurlara nifrət” yağdırması, ölkəmizi məğlub Ermənistanın hakimiyyəti ilə az qala bir sırada göstərməsi yolverilməzdir”-deyən Z. Oruc bildirib ki, əlbəttə, kimsə külli miqdarda dövlət vəsaitini mənimsəyibsə, o, əməllərinə cavab verəcək.Lakin yüksək çinli şəxsləri tənqid edərkən on illər ərzində əldə olunan bütün ugurları inkar etmək, xüsusilə də Vətən müharibəsində qələbəmizə zərbə vurmaq qəbuledilməzdir.

“Üç-beş nazir dövlət demək deyil.Dünyada belə analogiya yoxdur.Bir nazir ucbatından on minlərlə dövlət qulluqçusunu ogru, quldur, talançı adlandıranlar Qarabağ məsələsi həll olunduğu üçün son silaha əl atıblar:məmur məsələsi! Prezident tarixi Qələbədən sonra Yeni Hakimiyyət quruculuğunu davam etdirir.Bu qətiyyən parçalanma, qütbləşmə, iqtisadi maraqlar mübarizəsi deyil. Prezidentin xarakteri və idarəçilik siyasətini izləyənlər bilir ki, o, millətin iradəsini, ictimai fikri öz siyasətində nəzərə alır, lakin dövlət vəzifələrinə təyinatları, yaxud çıxarılmaları küçə və meydanların, virtual aləmin təzyiqi altında həyata keçirmir.

Müqayisə üçün, Mixail Saakaşvili bir neçə il ərzində hökuməti 4 dəfə dəyişmişdi və hamı onu sovet mirasını ləğv edib xalq hakimiyyətini quran lider adlandırırdı. Indi informasiya məkanımızda tüğyan edən “köhnələr və yenilər, xaricdə təhsil alanlar və yerli diplom daşıyıcıları, rusofillər, yaxud qərbpərəstlər, 5-ci, yoxsa 6-cı kolon təmsilçiləri” bölgülərini dövriyyəyə çıxaranların iki məqsədi var: Birincisi, 30 il əvvəl partiya-sovet rəhbərlərini və dövlət aparatını iflic etdikləri kimi müharibəni qazanan bir hakimiyyətin resurslarını xarici hədəflərdən çəkindirib daxildə artan gərginliyə və süni qarşıdurmalara yönəltmək.

İkincisi, Prezidentin Yeni Hakimiyyət quruculuğunun qarşısını almaq! Bəli, dövlət başçısının tənqidi hamı üçün bir siqnaldır.Ona görə də təklif edirəm ki, Amerikanın dövlətiçilik ənənəsində əsrlərdir davam edən, bizdə də siyasi vəzifə tutan nazirlər də hakimlər və dövlət qulluqçuları kimi and içsinlər.Eyni zamanda, Dövlət Qulluğuna dair Yeni Məcəllə qəbul edilsin. Əslində “Dəmir Yumruq” yalnız 44 gün üçün deyil.O, “Qalib əl” həmişə qüvvədə olacaq: Qarabağa “Böyük qayıdış”da da, təmiz-şəffaf idarəçilyin və ictimai ədalətin bərqərar olunmasında da!”-deyə, o, əlavə edib.

11:10

***

Millət vəkili Azay Quliyev son günlər yaranan qaz sayğacları problemindən danışıb.

Qeyd edib ki, bununla bağlı “Azəriqaz” açıqlama versə də, problem hələ də qalır.

Millət vəkili həmçinin, qaz sayğaclarının vətəndaşlara pulla satılmasından narazılığını idadə edib.

Bildirib ki, bu, qanunvericiliklə də yolverilməzdir, qaz sayğacları vətəndaşlara, fiziki şəxslər pulsuz verilməlidir.

11:14

***

“Gəncə aeroportunun adı dəyişdirilərək, ona Nizami Gəncəvinin adı verilsin”.

Bunu çıxışı zamanı deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Moskva-Bakı reysi artıq açılır:

“Yaxşı olardı ki, Gəncə-Moskva, Gəncə-İstanbul reysi də açılsın. Gəncə əhalisi ticarətlə məşğul olur. Digər tərəfdən Gəncədə kanalizasiya tikintisi öz həllini tapmır. Əksinə, bununla bağlı işlər Gəncədəki yollara böyük ziyan vurub. “Azərsu” bu problemlə əlaqədar Gəncə əhalisinə hesabat versə, yaxşı olar”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sahibə Qafarova Ceyhun Əlini Mehman Qayıbovla-ƏVƏZLƏDİ…

Read Next

Əli Məsimli qiymət artımına etiraz etdi, Musa Quliyev rüsumla bağlı qanuna dəyişikliyi vacib saydı-FAZİL MUSTAFA ORERATİV QƏRARGAHIN BƏZİ QƏRARLARININ DƏYİŞDİRİLMƏSİNİ TƏKİLF ETDİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir