“Yeməyimiz, içməyimiz, toyumuz, yasımız, təhsilimiz, işimiz, istirahətimiz sadələşməlidir…” – FAZİL MUSTAFA YAZDI

Avropa futbol çempionatını bir il sonraya keçirdilər.

Tokio Olimpiadasının taleyi hələ bəlli deyil. Kəbənın qapısını ibadətçilərin üzünə bağladılar.

Ancaq elə bayram var ki, istədiyin kimi keçirməsən də, onu başqa vaxta köçürmək olmur. Bu bayramlardan biri də bizim üçün doğma olanı Bahar bayramıdır. Bahar gəlibsə, onu heç bir epidemiya maraqlandırmır, qarşılamalısan.

Ancaq bu gün arzulanan kimi bayram keçirməməyə görə təəssüflənməyin. Əslində bundan sonra dünya düzənində dəyişən əsas bir şey olacaq: O, da həyatı sadələşdirməkdir. Modern dünyada insan həyatı çox mürəkkəbdir, insanlar təbiətə qarşı ərköyünlük edirlər. Onlar Allahın yaratdığı nemətləri amansız şəkildə israf edirlər. İndi insanlar anlamağa başlayırlar ki, hər bir cəmiyyətdə əsas dəyər müəllimə, həkimə və alimə verilməlidir. Ziyarətgahların daşını öpənlər, qutulara nəzirini paylayanlar, ayətullahın, mollanın, şeyxin əlini, ayağını öpənlər indi bir gerçək alimin, həkimin ayağının tozuna qurban olmağa hazırdır.

İndi anlaşılmağa başlanır ki, Kəbənin ətrafına fiziki dolaşımdan daha önəmli məkan fərqi olmadan ruhən İlahi cazibəyə bağlanmaqdır, hacılığı, hacıxanımlığı (daha dərinə gedəndə kərbəlayılığı, məşhədiliyi) qondarma professor, akademik titulları kimi adınızın üstünə yapışdırıb yaşamaqla öz həyatınızı mürəkkəbləşdirmənin artıq bir anlamı yoxdur.

Yeməyimiz, içməyimiz, toyumuz, yasımız, təhsilimiz, işimiz, istirahətimiz sadələşməlidir. Koronavirus bəlasından sonra bütün dünyada insanların rifah səviyyəsi xeyli aşağı düşəcək, şərtlər onsuz da bunu diqtə edəcək, ancaq indidən fürsət bilib həyatı sadələşdirməyə çalışmalıyıq ki, psixoloji sarsıntıya düçar olmayaq. Sadəlik inanın ki, yoxsulluqla, zənginliklə bağlı deyil, qudurğanın, yekəxananın, israfçının kasıbı, varlısı olmur, sadəcə fürsətlərinin masştabı az və ya çox olur. Biz azərbaycanlıların əsas mərəzi də israfçılıqla bağlıdır.

Fürsət düşüb, siqaret çəkənlər siqaretini, spirtli içki düşkünləri spirtli içkisini cibinin və canının faydasına atsın. Telefondan uzun-uzadı və mənasız vaxt israfı aludəçiləri danışıqlarını cibinin faydasına görə azaltsın, evinə qapanmış insanlar mütailə vərdişini qazanmağa çalışsınlar, hədsiz sosial şəbəkə avaraçılığının da elə bir faydası yoxdur, lağlağı üçün deyil, öyrənmək və öyrətmək üçün həvəsiniz varsa, vaxtınızı buna sərf edin. Bu Bahar bayramı həyatımızda bəlkədə ən sönük bayram kimi görünə bilər.

Ancaq həyatımızda ilk dəfədir ki, cəmiyyətimiz israfçılıqdan uzaq bir bayram keçirir. Sadələşmiş həyatımız başlayır. Adam anlayır ki, min nəfərə qonaqlıq vermədən evində beş-on nəfərlə də yasını keçirməsinin ölənin ruhuna fərqli təsiri olmayacaq. Adam anlayır ki, malını-mülkünü artırmaq yarışını bir gün can sağlığının aktuallığı anı mənasız bir şeyə çevirəcək.

Adam anlayır ki, orada-burada müxtəlif əyləncə peşəsi subyektlərinin başına tökdüyü pulları elm adamı, həkim, müəllim yetişdirməyə yönəltmək lazımdır. Mən bu bayramla birlikdə daha çox sadələşmiş həyata başlayan bütün duyarlı insanlarımızı qutlayıram.

Allah bu bayramda koronovirus qarşısında sadəlik immunitetimizi artırsın!

Bizləri də bu bayramın keçəlinin, kosasının və bahar qızının sadəliyinə geri qaytarsın!

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Məzuniyyətə göndərilənlərin əməkhaqları tam şəkildə ödəniləcək-OPERATİV QƏRARGAH

Read Next

“Azərbaycan vətəndaşları olaraq tələb olunan, qaydalara və qadağalara maksimum riayət etməliyik”-DEPUTATDAN ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir