“Yeni seçkilər demokratiyaya doğru daha bir addım olacaq” – DEPUTAT YAZDI

Milli Məclisdə (MM) çoxluğu təşkil edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və hakim partiyadan olan millət vəkillərinin 5-ci çağırış parlamentin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüsünü bir millət vəkili olaraq, mən də dəstəkləyir və alqışlayıram.

YAP Siyasi Şurası, o cümlədən, İdarə Heyətinin hər bir qərarı bu partiyanın üzvləri olan bizlər, eləcə də, hakim siyasi təşkilatı parlamentdə təmsil edən deputat korpusu üçün əsasdır, necə deyərlər, qanundur. Hər birimiz partiyamızın ali orqanlarının verdiyi qərarlara tabeyik və onları bir nəfər kimi dəstəkləyir, bəyənirik.

Bu yerdə onu da qeyd etməyi özümə borc və vəzifə sayıram ki, bu gün ölkəmizdə bütün sahələrdə yeniləşmə, islahatlar prosesi gedir. Hər bir sahədə yeniləşmə, islahatlar özünün geniş bəhrəsini, səmərəsini və töhfəsini verməkdir. Bunu hər birimiz bir vənətdaş olaraq, öz gündəlik həyatımızda və yaşayışımızda hiss etməkdəyik.

Ölkə Prezidenti cənab İlham Əliyev bu ilin əvvəllərində bir neçə çıxışında, eyni zamanda, Novruz bayramı ilə bağlı Azərbaycan xalqına təbrikində ölkədə daha bir neçə sahədə, o cümlədən, siyasi sahədə islahatlara başlanılacağının anonsunu vermişdi. Odur ki, iqtisadi, sosial sahələrdə, məhkəmə-hüquq sistemində aparılan islahatların məntiqi davamı olaraq, siyasi islahatların aparılması zərurəti də meydana çıxmışdı.

Bu sahədə də islahatların dərinləşdirilməsi, dövlət başçısının həyata keçirdiyi siyasətə daha böyük dəstəyin verilməsi olduqca önəmli idi. Ali qanunverici orqanın üzvləri olaraq, 5-ci cağırış parlamentin deputatları da təbii ki, bu proseslərdən kənarda qala bilməzdi. Ötən müddət ərzində də Milli Məclis və onun üzvləri bütün məsələlərdə, o cümlədən, islahatlara dəstək verilməsində öz sözünü deməyə çalışmış, həyata keçirilən siyasətin birmənalı və səmimi  müdafiəçisi kimi çıxış etmişdir.

Ancaq həyat, dövr, zaman, reallıqlar bu dəstəyin daha geniş şəkildə ifadə olunması, islahatlar prosesinin bu istiqamətdə də sürətləndirilməsi, parlamentin dəyişiklər, yeniliklər ab-havasına daha sürətli və çevik adaptasiyasını şərtləndirmişdir. Bu baxımdan, parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi zərurəti meydana gəlmişdir.

Hesab edirik ki, yeni seçkilər, yeni ruhlu parlament Azərbaycanın dünyada, beynəlxalq aləmdə demokratik dövlət imicinin artırılmasına öz müsbət töhfəsini mütləq şəkildə vermiş olacaq.

Eyni zamanda, ölkədə bütün sahələrdə genişlənən islahatlar prosesinin daha da dərinləşdirilməsi və geridönməz xarakter daşımasında öz əvəzsiz rolunu oynayacaq.

İnanırıq və qəti əminik ki, yeni seçkilər hər zaman olduğu kimi, bu dəfə də öz demokratikliyi, şəffaflığı, açıqlığı, ədalətliliyi ilə seçiləcək, Azərbaycan xalqının iradəsinin ifadəçisi olacaq və demokratiyaya doğru daha bir addım təşkil edəcək.

Bunun üçün hər cür şərait, imkan, potensial və ən əsası iradə mövcuddur.

Bu işlərdə  də hər kəsə uğurlar!

Kamilə ƏLİYEVA,

Millət vəkili, professor, BDU-nun kafedra müdiri

Etikxeber.az

Read Previous

Bitərəflər də MM-in buraxılmasına “HƏ” deyir – YENİLƏNİB

Read Next

“Onun namizədliyi Heydər Əliyevin tövsiyəsi ilə parlamentə təqdim olunmuşdu…” – XALQ YAZIÇISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir