Yenidən təltif olunan Şəhidlərimiz-TURAL HƏSƏNOV, VÜSAL NAĞIYEV, DEVRAN NAİBOV, FUAD XANKİŞİYEV, ƏRZUMAN OSMANOV, CƏMİL MƏMMƏDLİ, FƏXRİ QƏRİBZADƏ, PƏRVİN HƏMİDOV, ŞAHMAR SEYİDOV, PƏRVİZ BALABƏYOV VƏ… – YENİLƏNİB – (4)

Bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin imzaladığı növbəti sərəncamlarla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin on minlərlə hərbi qulluqçusu yenidən orden və medallarla təltif olunublar.

Xatırlatmaq yerinə düşür ki, Silahlı Qüvvələrin hərbi qulluqçuları (İkinci Vətən Müharibəsinin iştirakçıları) ilk dəfə ötən ilin, 2020-ci ilin dekabr ayında təltif olunmuşdular.

Bu dəfə təltif olunanlar arasında Mingəçevirli Şəhid qardaşlardan biri Tural Həsənov ( Şəhid Musa Tapdıq oğlu Həsənovun qardaşı) da var.

68 gündən sonra, 2020-ci ilin dekabrın 8-ində nəşi tapılan və dekabrın 9-unda Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunan iki övlad atası Tural Həsənov bu dəfə ikinci medalla-“Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, ötən ilin dekabr ayında Tural Həsənov “Vətən uğrunda” medalı ilə təltif olunmuşdu.

Eyni zamanda qeyd edək ki, Tural və Musa Həsənovların valideynləri Nəhayət və Tapdıq Həsənovlar bir müddət öncə ölkə rəhbərliyinə müraciət edərək, övladlarından birinə Vətən Müharibəsi Qəhrəmanı adı verilməsini xahiş etmişdilər.

Həmçinin qeyd edək ki, Tural Həsənovun daha bir medalla-“Cəsur döyüşçü” medalı ilə təltifi gözlənilir.

Təltif olunanlar arasında digər Mingəçevirli Şəhidlər-ailənin tək oğlan övladı-Fuad Şöhrət oğlu Xankişiyev və Ərzuman Kamran oğlu Osmanov da var.

Bundan sonra üç medalla təltif olunan Fuad Xankişiyev bu dəfə dördüncü medalla-“Şuşanın azad olunmasına görə” görə medalı ilə təltiflənib.

Xatırladaq ki, Fuad Xankişiyev noyabrın 3-ündə Daşaltı-Çanaqçı-Şuşa istiqamətində döyüşlərdə Şəhid olub və nəşi 3 gün sonra, noyabrın 6-sında Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ailənin 3 övladından biri, 2020-ci ilin oktyabrın 1-ində Suqovuşan uğrunda döyüşlərdə Şəhid olan, nəşi isə düz 70 gündən sonra, dekabr ayının 10-unda Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilən Ərzuman Osmanov bu dəfə ikinci medalla-“Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Ərzuman Osmanov birinci dəfə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdu.

Həmçinin, təltif olunanlar arasında əslən Goranboy rayonunun Buzluq (Baş Qışlaq) kəndindən olan, nəşi Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn edilən, iki övlad atası, peşəkar hərbçi-Gizir Vüsal Əmirastan oğlu Nağıyevin adı var.

2020-ci ilin oktyabrın 30-unda torpağa tapşırılan Vüsal Nağıyev bundan öncə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdu.

Bu dəfə isə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Vüsal Nağıyevin valideyni-atası, Birinci Qarabağ Savaşının iştirakçılarından olan Əmirastan Nağıyev də övladının “Qarabağ” və ya “Zəfər”, yaxud Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif olunması üçün bugünlərdə ölkə rəhbərliyinə müraciət ünvanlayıb.

17:17

***

Prezidentin imzaladığı daha bir Sərəncamla Mingəçevirdən olan daha bir Şəhidimiz, iki medallı və iki övlad atası Pərvin Azər oğlu Həmidov növbəti dəfə medala layiq görülüb.

Pərvin Həmidov bu dəfə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Bundan əvvəl təltif olunduğu medallar isə bunlardır: “Vətən uğrunda” “Suqovuşanın azad olunmasına görə”.

Həmçinin, ailənin tək oğlan övladları olan Cəmil Habil oğlu Məmmədli və Fəxri Qəribzadə növbəti dəfə medalla təltif olunublar.

Əslən İsmayıllıdan olan, özü isə Bakıda böyüyüb boya-başa çatan, ali təhsilli, cəmi üç ayın əsgəri olan subay Şəhid Cəmil Məmmədli dördüncü medalla-“Cəsur döyüşçü” medalı təltif olunub.

Cəmil Məmmədli ötən ilin dekabr ayında “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdu.

Əslən Bərdənin Güloğlular kəndindən olan MAXE Fəxri Qəribzadə bu dəfə üçüncü medala-“Cəsur döyüşü” medalına layiq görülüb.

Şəhidimiz bundan öncə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdu.

Həmçinin qeyd etdiyimiz kimi, Şəhid qardaşlardan Tural Həsənov bu gün ikinci, ümumilikdə üçüncü medalına- “Cəsir döyüşçü” medalına layiq görülüb.

O, ötən ilin dekabrında “Vətən uğrunda”, bu gün, cəmi saatlar öncə isə “Suqovuşanın azad olunmasına görə” medalları təltif olunmuşdu.

18:38

***

“Cəsur döyüşçü” medalına layiq görülənlər arasında Şəhid qardaşlardan Musa Tapdıq oğlu Həsənov da var.

Nəşi 35 gündən sonra tapılıb, Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunan Musa Həsənov ötən ilin dekabrında “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdu.

Musa iki övlad-iki qız atası idi.

Musanın ikinci-bir yaşlı qızı İnci Həsənova bu yaxınlarda xəstəlikdən dünyasını dəyişib.

19:00

***

“Cəsur döyüşçü” medalı ilə təltif olunanlar arasında Hacıqabulun İkinci Vətən Müharibəsi Şəhidləri də var.

Bunlar evin tək oğlu Ruslan Allahyar oğlu Baladov Pərviz Tofiq oğlu Balabəyovdur.

Hər iki Şəhidimiz subay olub.

Məlumat üçün qeyd edık ki, 23 yaşında Şəhid olan Ruslan Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” “Suqovuşanın azad olunmasına görə” medalları, 33 yaşında Şəhidliyə ucalan Pərviz isə ölkə Prezidentinin sərəncamlarına əsasən “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdular.

Balakənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Sarkayev Nəcməddin Əli oğlu da “Cəsur döyüşçü”lər sırasındadır.

O da “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Bundan əvvəl isə “Vətən uğrunda” medalı ilə təltiflənmişdi.

Bununla yanaşı, Mingəçevirin daha bir Şəhidi, ailənin iki oğlan övladından biri olan  Şahmar Fikrət oğlu Seyidov da “Cəsur döyüşçü” medalına layiq görülüb

O, ötən ilin dekabrında Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunmuşdu.

22:05

***

Balakənin İkinci Vətən Müharibəsi Şəhidlərindən daha biri, doğulduğu gündə, 14 oktyabr tarixində Şəhid olan Əsdiyev Heybullah Məzahir oğlu da növbəti dəfə medalla təltifləndirilib.

Belə ki, Şəhidimiz bu dəfə “Cəsur döyüşçü” medalına layiq görülüb.

Bundan öncə Şəhdimiz “Vətən uğrunda”“Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdi.

Həmçinin, Bərdənin daha bir Şəhidi-MAXE  Calal Qaryağdı oğlu Calalzadə ikinci medalla təltif olunub.

Bu dəfə Şəhidimiz daha iki medala “İgidliyə görə”“Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülüb.

Bundan əvvəl isə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdu.

23:00

***

Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən-Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüşçülərindən, qəhrəmanlarından olan hərbçi-kiçik gizir Devran Fazil oğlu Nayıbov (Naibov) da medalla təltif olunanlar arasındadır.

4 medallı Şəhidimiz bu dəfə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Allah Şəhidlərimizin məkanlarını cənnətlik etsin, nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Müdafiə Nazirliyinin hərbi qulluqçuları-TƏLTİF EDİLDİ – SİYAHI

Read Next

“Haqqınızı halal edin…”-MİLLƏT VƏKİLİ YAP-ÇILARDAN HALALLIQ İSTƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir