“Yeniliklərsiz, yeni texnologiyalarsız əsl inkişaf mümkün deyil və ölkəmiz də hər zaman yeniliklərə açıq olub”-DEPUTAT

Pandemiya şəraitində olsaq, yaşasaq belə, Azərbaycanın beynəlxalq əlaqələri, əməkdaşlıq axtarışları daim davam edir. Ötən bir neçə ay ərzində yaşananlar bir daha bunu təsdiqləyir. Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi, o cümlədən, bir neçə dövlətin, nüfuzlu şirkətin rəhbər şəxsləri ilə onlayn-videokonfranslar formatında görüşlərin keçirilməsi Azərbaycanın bu yöndəki əzmindən, əməkdaşlıq, təfədaşlıq niyyətlərindən xəbər verir. Bildiyiniz kimi, dünən də bu yöndə daha bir görüş reallaşdırıldı, “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirildi. Hesab edirəm ki, bu, olduqca vacib və önəmli bir görüş idi. Dünyanın ən önəmli şirkətlərindən olan “Microsoft” şirkəti ilə əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi hər iki tərəfin xeyrinədir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

“Bu yerdə onu da qeyd etmək gərəkir ki, Azərbaycanımız, müstəqil dövlətimiz daim yeniliklərə, yeni texnologiyaların tətbiqinə, onun yayılmasına, inkişafına açıq olan bir ölkədir. Bunu ötən illər ərzində keçdiyimiz yol, atılan addımlar da nümayiş etdirir. Bu məqam, bu niyyət dünənki görüşdə, videokonfransda da bir daha dilə gətirildi. Belə ki, dövlət başçımızı çıxışında bildirdi ki, piratçılığa qarşı birgə səylər yaxşı nəticələr verir.

O, sonra “Gələcək planlarımıza gəlincə, bəlkə də bilirsiniz ki, hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Ümidvarıq ki, bu məsələdə “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir”-deyərək, son illərin vacib məsələlərindən biri olan kibertəhlükəsizlik məsələsinə toxundu və qeyd etdi ki, bu məsələ hər zaman gündəlikdədir.

Çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. “İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır. Əlbəttə, mən icra olunmuş layihələrin siyahısına baxdım. Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir və əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək“-deyə, sözlərinə davam edən dövlət başçımız eyni zamanda, Azərbaycanın artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrildiyini diqqətə çatdırdı və bəyan etdi ki, bizim əsas strategiyamız karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq, innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır.

“Buna görə düşünürəm ki, bu məsələ üzərində birgə çalışmağımız əməkdaşlığımızı gücləndirə bilər”-deyə, dövlət başçısı sonra fikirlərini tamamladı. Qarşı tərəfdən də məhz eyni niyyətlər ortaya qoyuldu, Azərbaycanla əməkdaşlıqdan və onun davam etdirilməsindən məmnunluq ifadə edildi.

Bəli, bu görüş, burada verilən önəmli mesajlar bir daha Azərbaycanın modernləşməkdə, yeniləşməkdə, yeniliklərin tətbiqində və yayılmasında, səmimi tərəfdaşlıqda nə qədər israrlı və əzmili olduğunu hər kəsə göstərdi. Çünki inkişaf, tərəqqi yeniliklərsiz, yeni texnologiyalarsız və səmimiyyət üzərində qurulan əməkdaşlıq olmadan mümkün deyil.

Azərbaycan isə dövlət başçısının iradəsi, qətiyyəti, yeniliklərə açıq və səmimi tərəfdaş olması sayəsində məhz bunlara nail olur, bu addımlara gedir, uğurlara, irəliləyişlərə imza atır. Bu baxımdan hesab edirəm ki, belə bir həssas dönəmdə bu cür görüşün keçirilməsi, önəmli qərarların alınması, razılıqlara gəlinməsi Azərbaycanımızın bundan sonrakı ikişafına, tərəqqisinə, yeniləşməsinə mütləq şəkildə öz töhfələrini verəcək. Bu, bizim yolumuzdur, bu, bizim hədəfimizdir”-deyə, millət vəkili sözlərinə əlavə edib.

07:34, 17 iyun

Etikxeber.az

Read Previous

MM-in iclası: SPİKER “ŞƏRQ TƏRƏFDAŞLIĞI” SAMMİTİNDƏN DANIŞDI, DEPUTATLAR BOZKIRI ALQIŞLADI, FAZİL MUSTAFA ONLAYN İCLASLARIN KEÇİRİLMƏSİNİ TƏKLİF ETDİ, ƏLİ MƏSİMLİ 190 MANAT MƏSƏLƏSİNİ QALDIRDI, ADİL ƏLİYEV ŞƏHİD AİLƏLƏRİNDƏN SÖZ AÇDI…- YENİLƏNİB – (3)

Read Next

“Məsəl var, ağanın malı gedər, nökərin canı. Pul, vəsait ayrılıbsa, deməli, xərclənməlidir…”- QÜDRƏT HƏSƏNQULİYEV SAMİR ŞƏRİFOVLA SAHİL BABAYEVİ SƏRT TƏNQİD ETDİ, MALİYYƏ NAZİRİNDƏN DƏ ONA CAVAB GƏLDİ – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir