“Yerli iş adamları, fermerlər özlərini daha güvənli və daha təminatlı hiss edəcək” – DEPUTAT – RƏYLƏR

Azərbaycanda aqrar sahənin inkişafı istiqamətində mühüm addımlar atılır. Bu ilin altı ayı ərzində bu sahədə 13 faiz artımın baş verməsi bunu təsdiq edir. Xüsusilə bitkiçiliyin 25 faiz artması da təqdirəlayiq haldır. Prezident İlham Əliyevin söylədiyi kimi, bu sahəyə qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, kənd təsərrüfatının geniş potensialından daha səmərəli istifadə etmək məqsədilə aqrar sektorda sistemli islahatlar həyata keçirilir:

“Kənd təsərrüfatında yeni islahatlar kursunun məqsədi ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün intitusional potensialın gücləndirilməsindən, aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsindən, biznes mühitinin yaxşılaşdırılmasından, kənd təsərrüfatı məhsullarının istehsal imkanlarının artırılmasından, bazar infrastrukturunun təkmilləşdirilməsindən və istehsalçıların bazara çıxışının asanlaşdırılmasını təmin etməkdən ibarətdir”.

Komitə sədri deyib ki, bu məqsədlər üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi, regional ixtisaslaşdırma aparılması, aqrar sahəyə investisiya qoyuluşlarının təşviq edilməsi, informasiya-məsləhət xidməti şəbəkəsinin formalaşdırılması, aqrar sığortanın tətbiqi ilə bağlı hüquqi və institusional tədbirlər görülməsi, ixracın çeşidinin artırılması və bazarların diversifikasiyası və s. addımların atılması nəzərdə tutulur. Bütövlükdə, aqrar sektorun maddi-texniki bazasının ardıcıl şəkildə möhkəmləndirilməsinə, yeni yanaşmaların tətbiqinə “yaşıl işıq” yandırılmasına, həmçinin bu sahədə aparılan institusional islahatlara istinadən deyə bilərik ki, respublikamızda məhsuldarlığın artırılmasına hesablanan yeni bir kənd təsərrüfatı sistemi formalaşdırılır:

“Şübhə yoxdur ki, həyata keçirilən məqsədyönlü tədbirlər və islahatlar perspektivdə milli iqtisadiyyatımızda aqrar sektorun mövqeyinin möhkəmlənməsini təmin edəcək. Aqrar sektorda startı verilən yeni islahatlar kursunun əsas hədəflərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün institusional potensialın gücləndirilməsindən ibarətdir. Qlobal risklərin artdığı bir şəraitdə Azərbaycan əhalinin ərzaq təhlükəsizliyinə ölkənin milli təhlükəsizliyinin vacib bir komponenti kimi daim böyük önəm verir.

Son 16 ildə respublikamızda ərzaq təminatının möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Öz növbəsində bu istiqamətdə həyata keçirilən tədbirlər artıq öz müsbət nəticələrini verir. Respublikamızda bir sıra pozisiyalar üzrə daxili ərzaq tələbatının 100 faiz həcmində yerli istehsal hesabına ödənilməsi böyük nailiyyətdir.

Hazırda ölkəmizdə meyvə-tərəvəzə olan daxili tələbat tam həcmdə yerli istehsal hesabına təmin edilir, yerli kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı əhəmiyyətli dərəcədə artmaqdadır. Bu da respublikamıza valyuta gətirir ki, iqtisadiyyatımızı daha da gücləndirir”.

E.İbrahimov bu yerdə  “Aqrar sığorta haqqında” 2019-cu il 27 iyun tarixli qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” ölkə prezidentinin Fərmanının da böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Komitə sədrinin sözlərinə görə, bu sənəd aqrar sahənin inkişafında mühüm rol oynayacaq:

““Aqrar sığorta haqqında” qanun Azərbaycanda aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Dövlət başçısının imzaladığı Fərmanda qeyd olunduğu kimi bu qanununun 8.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən “Aqrar Sığorta Fondu” qeyri-kommersiya hüquqi şəxsi  yaradılacaq. Hesab edirəm ki, bu fondun yaradılması çox böyük əhəmiyyət kəsb edir.

Belə bir fondun fəaliyyət göstərməsi fermerlərin, bütövlükdə aqrar sahədə çalışan insanların, istehsalçıların maraqlarına tam uyğundur. Buna görə də onlar aqrar sığortanın imkanlarından faydalanmalıdırlar”.

eldar-bdu

ELDENIZ-3

Adıçəkilən komitənin üzvü Eldəniz Səlimov da “Aqrar sığorta haqqında” qanunun qəbulunun, tətbiqinin və Aqrar Sıoğrta Fondunun yaradılmasının nəzərdə tutulmasının çox önəmli və əhəmiyyətli olduğunu deyib.

Qeyd edib ki, bu yöndə təxminən 17-18 il öncə qəbul edilmiş qanunun icrasının və tətbiqinin mümkünləşməməsi,  daha doğrusu, buna nəzarət edəcək qurum və səlahiyyətli şəxslərin laqeydliyi üzündən yeni, daha mütərəqqi və daha mükəmməl qanunun qəbuluna ciddi ehtiyac duyulurdu.

Millət vəkilinin dediyinə görə, ilk növbədə də arqar sferanın təmsilçiləri – sahibkarlar, iş adamları, fermerlər, kənd təsərrüfatı ilə məşğul olan  insanlar belə bir qanuna ciddi ehtiyac duyur, onun qəbulunu arzulayırdılar.

“Çox əlamətdar haldır ki, komitəmizin də yaxından iştirakı ilə hazırlanan, müzakirələrə təqdim edilən qanun layihəsi bu ilin yaz və növbədənkənar sessiyalarının plenar iclaslarında nəhayət, 3 oxunuşdan keçirilərək, bütövlükdə qəbul edildi, imzalanaraq hüquqi qüvvəsinə mindi. Hesab edirəm ki, bunun qəbulunun, tətbiqinin və icrasının, o cümlədən, yeni qanunun tələblərindən irəli gələrək, Aqrar Sığorta Fondunun təşkilinin aqrar sektorun, kənd təsərrüfatına inkişafına, bu sferada çalışan insanların tez-tez üzləşdikləri sığorta məsələləri və problemlərinin həllinə böyük müsbət təsiri, təkanı olacaq.

Artıq insanlarımız, yerli iş adamlarımız, fermerlərimiz özlərini bu sarıdan da daha güvənli və daha təminatlı biləcəklər, hiss edəcəklər. Çünki mövcud qanun, o cümlədən, ölkədə aqrar sektorun inkişafı, sığorta bazarının daha da işlək hal alması ilə bağlı dövlət başçısının iradəsi buna ilk növbədə imkan yaradır, təminat verir və verəcək. Belə bir təminat, iradə olan yerdə də digər məsələlərin həlli tezləşir, mümkünləşir və sürətlənir. Bu baxımdan, tezliklə mövcud qanunun üstünlüklərinin, o cümlədən, Fondla bağlı işlərin yüksək səviyyəli təşkilinin müsbət nəticələrini və töhfələrini arqar sektorun inkişafında görə, hiss edə biləcəyik. Buna inamımz və əminliyimiz böyükdür”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

Konoplyanka “Şalke”dən “Beşiktaş”a keçəcəkmi?

Read Next

Çempionlar Liqasının play-off mərhələsinə start verildi – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir