“Yollarda olan lövhələrin çoxu köhnədir, az qala sovetdənqalmadır…” – DEPUTATIN BAXIŞI

“Yol hərəkəti haqqında” qanuna müvafiq dəyişiklik edilməsi zərurəti tez-tez yaranır və bu üzdən də biz bu qanuna il ərzində bir neçə dəfə dəyişikliklər edirik. O cümlədən, parlamentin müzakirəsinə təqdim olunan son dəyişiklik. 

Lakin, yol hərəkəti haqqında qanunun təkmilləşdirilməsinə baxmayaraq bu sahədə çoxsaylı nöqsanlar hələ ki, aradan qaldırılmayıb və bizim yollar hələ ki çox təhlükəlidir.

 Biz az qala hər gün KİV-də dəhşətli qəzalar haqqında xəbər alırıq. Çox təqdirəlayiq haldır ki, dövlət əhəmiyyətli yollara nəzarət üçün müvafiq icra hakimiyyəti ayrıca qurum yaradıb və bu qurumun görəcək çox işi var.

Mən xüsusilə bizə təqdim edilən izahatın 2-ci bəndinə nəzər salmaq istəyirəm. Burada deyilir ki, avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri, svetoforlar və yol hərəkatı təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır. 

Demək istəyirəm ki, bu istiqamətdə çox işlər görülməlidir, xüsusilədə rayonlarımızı birləşdirən avtomobil yollarında.

 Bir neçə ay qabaq biz Moskvadan gələn qonaqlarımızı İsmayıllı-Qəbələ-Oğuz-Şəki istiqamətində gəzdirmişik və  yol ayrıclarında, başqa döngələrdə müvafiq yol nişanları olmadığından dəfələrlə maşını saxlayaraq yerli sakinlərdən istiqamətin düzgünlüyünü soruşmuşuq, yəqin hamınız bununla rastlaşmısınız. 

elmira-1

İndi təsəvvür edin ki, başqa ölkələrdən gələn, xüsusilə də yerli dili bilməyən turistlər üçün ölkədaxili avtomobil yollarında təkbaşına səyahət etmək necə də çətin məsələyə çevrilir. 

Mən bu barədə dəfələrlə, məsələn İsraildən gələn turist dostlarımdan belə şikayətlər eşitmişəm. Onu da nəzərə alaq ki, İsmayıllı-Şəki istiqaməti hazırda Azərbaycanda ən populyar turist marşurutlarından biridir. 

Onda başa düşərik ki, digər istiqamətlərdə, bizim avtomobil yollarımızda yol nişanları və göstəriciləri ilə olan vəziyyət daha da acınacaqlıdır. 

Yollarda olan lövhələrin çoxu da köhnədir, az qala sovet vaxtından qalmadır. Bu mənada biz qabaqcıl Avropa ölkələrindən nümunə götürməliyik, çünki onların yollarında göstəricilər o qədər çoxdur ki, o qədər mükəmməl hazırlanıb ki, hətta dil bilməyən, təkbaşına səyahət edən turist belə heç bir çətinlik çəkmir. 

Hesab edirəm ki, bu çox böyük problemdir və bütün avtomobil yollarımız tez bir zamanda müasir yeni texnologiyalara uyğun olan yol ayrıcı və göstəricilərlə təchiz edilməlidir. 

Əks halda bu bizim turist potensialımıza ciddi zərbə vura bilər.

Elmira AXUNDOVA,

Millət vəkili

Etikxeber.az 

Read Previous

Əliyev Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak etdi – YENİLƏNİB – FOTO

Read Next

Bayram günlərində avtobuslar gecə saat 1-ə qədər xidmət göstərəcək – BNA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir