“Yoluxma hallarının 600-ə yaxınlaşması, ölüm hallarının artması belə bir qərarın verilməsini və ortaya qoyulmasını zəruri edir, şərtləndirirdi…”-KAMİLƏ ƏLİYEVA

Üst-üstə 16 bölgədə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı qərar çox doğru qərardır. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən dünən verilən qərar-8 bölgə də əlavə olunmaqla, 16 bölgədə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi, müddətin daha iki həftəliyinə-ayın 20-dək uzadılması hər kəs tərəfindən təqdirlə və anlayışla qarşılanmalıdır. Çünki başqa çıxış yol yoxdur. Son bir neçə günün statistikası, yoluxma hallarının 600-ə yaxınlaşması, ölüm hallarının artması belə bir qərarın verilməsini və ortaya qoyulmasını zəruri edir, şərtləndirirdi.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

“Bəli, təəssüflər olsun ki, bu qədər görülən işlərə, atılan addımlara baxmayaraq, bir çox məsələlərdə bütün yükü, ağırlığı dövlərin öz üzərinə götürməsinə baxmayaraq, məlum mənzərə ilə üz-üzəyik. Çünki hələ də məsuliyyətsizlik, biganəlik göstərən insanlarımız, vətəndaşlarımız var. Belə bir həssas və ağır dönəmdə, əsəblərin tarıma çəkildiyi dövrdə kimisə ittiham etmək və ya kiməsə ağıl öyrətmək kimi, məqsədim, niyyətim yoxdur, amma hər kəs, hər bir vətəndaşımız artıq vəziyyətin ciddiliyini sonacan anlamalı, vətəndaş məsuliyəti, milli həmrəylik nümayiş etdirilməlidir”-deyən millət vəkilinin sözlərinə görə, hər bir kəs xüsusi karantin rejiminin bütün şərtlərinə və tələblərinə əməl, riayət etməlidir.

“Mənasız, yersiz düşüncələri, utopik fərziyyələri bir kənara qoyub, koronavirus adlı bəlanın mövcudluğuna, təhlükəliliyinə inanmalı, tibbi maskalar və əlcəklərdən istifadə etməli, sosial məsafəni gözləməlik, sanitar-gigiyenik qaydaları birmənalı gerçəkləşdirməlidir. Hər kəs həm özünü, həm də başqalarını bu bəladan qorumalıdır. Həm özünün, həm də başqalarının həyatını təhlükəyə atacaq addımlara yol verməməlidir. Çünki ani bir boşluq həm həmin insanın özünə, həm də başqalarına böyük fəsadlar yaşada bilər. Elə hesab edirəm ki, artıq hər bir insanımız bu gerçəkliyi, bu reallığı qəbul edəcək, həm özlərini, həm də başqalarını bu bəlalarda qoruyacaqlar. Vəziyyət kifayət qədər ciddi və ağırdır. Hər gün aldığımız, eşitdiyimiz xəbərlər hər birimizi narahat etməkdə, həyəcanlandırmaqdadır. Artıq elə bir ailə, ocaq qalmayıb ki, bu bəla ora gedib çıxmasın. Ona görə hər kəsdən bir daha xahiş edirəm ki, səbrli, təmkinli olsunlar, bütün karantin şərtlərinə və tələblərinə əməl etsinlər. Biz bu bəladan ancaq birlikdə və güclü şəkildə çıxa bilərik”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

08:52

Etikxeber.az

Read Previous

“Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzində yerləşməsi onun beynəlxalq miqyasda önəmini daha da artırır”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

Bu gündən etibarən 16 gün metro-İŞLƏMƏYƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir