“Yoluxma sayının artması ikinci dalğanın göstəricisidir…”-RAMİN BAYRAMLI

Yoluxma sayının artması ikinci dalğanın göstəricisidir. 

Etikxeber.az məlumat verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib. 

R. Bayramlı deyib ki, vətəndaşlarımız həmrəy olaraq qaydalara əməl etməlidir: “Biz sərt karantindən çıxdıqdan sonra qaydalara əməl etməklə özümüzü qoruya bilərik”.

“İnsan bədəninin virusa reaksiyası müxtəlifdir, ən geci 14 gündə yoluxma özünü biruzə verir”-deyən R. Bayramlı bildirib ki, fərdi vasitələrdən istifadə edilməməsi, sosial məsafənin saxlanmaması dalğavari ikinci prosesin üzə çıxmasına səbəb olub:

“Bəzi mütəxəssislər hesab edirdi ki, virus mutasiyaya uğrayaraq itə bilər. Ancaq virus itməyib, aramızdadır. Nə qədər çox təmas olacaqsa, yoluxmanın o qədər artacağı gözlənilir”. 

Sağalanların sayının kəskin azalmasına gəlincə, TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, sərt karantin rejimi dövründə, yəni aprelin 27-dən əvvəl yoluxanların sayı azalmışdı:

“Sağalmanın da bəlli bir dövrü var. Bu müddət tibbi qaydalara uyğun davam etməlidir. Əvvəlcə yoluxanların sayı az olduğu üçün sağalanların da sayı az idi.  İndi yoluxma artıb, gələcəkdə sağalanların da sayında artım müşahidə edəcəyik”.

Sonra “Biz ölkəni şərti olaraq sarı və narıncı ərazilərə bölmüşük”-deyən R. Bayramlı qeyd edib ki, sarı ərazilərdə yoluxma sayı narıncı ərazilərdən azdır:

“Müxtəlif regionlarda vəziyyət dəyişərsə, narıncı, hətta qırmızıya doğru getməyə zəmin yarada bilər. Bu gün regionlarda yoluxma səviyyəsi sarı ərazilərin narıncı ərazilərə çevrilməsinə əsas vermir”. 

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, artıq infeksiyanın epidemiyası nəzarət altına alınıb:

“Tətbiq olunan karantin rejimi ilə bu, məhdudlaşdırıldı. İş yerləri açıldıqca sporadik hallara rast gəlinir. Bunun da səbəbi iş yerlərində şəxslərin maska və sosial məsafə ilə bağlı qaydaya əməl etməməsidir”.

Etikxeber.az

Read Previous

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı- DAHA 3 NƏFƏR VƏFAT ETDİ…

Read Next

Nazir müavin və Xidmət rəisi barədə-HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLİDİ, ONLARA VERİLƏN İTTİHAMLAR MƏLUM OLDU – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir