Yunusların məhkəməsi təxirə salındı

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Yunusların vəkili Elçin Sadıqov hakimdən cinayət işində olan sənədlərin sürətini istəyib.

Vəkil bildirib ki, sənədlər 300 səhifədən ibarətdir və həmin sənədlərlə tanış olmaq istəyir.

Məhkəmə vəkilin vəsatətini təmin edib, sənədlərin ona verilməsi qərara alınıb.

Prokuror Abbas Abbaslı məhkəmədən Yunusların prosesdə iştirakının təmin edilməsini istəyib.

Məhkəmə heyəti bu məsələyə növbəti iclasda baxacağını bildirib.

Proses mayın 3-dək təxirə salınıb.

Qeyd edək ki, Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi əksini tapıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra Arif Yunus məhkəmə zalından azadlığa buraxılıb. 2015-ci il dekabrın 9-da isə apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən, Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrumetmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla, şərti hesab edilib. L. Yunus məhkəmə zalından azadlığa buraxılıb.

Hazırda onlar müalicə üçün Hollandiyadadırlar.

Etikxeber.az

Read Previous

Akşənər Milliyyətçi Türkiyə Partiyasını yaradır?

Read Next

Cəmil Quliyev yenidən İTV-nin rəhbəri olmaq istəyir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir