Bakının Səbail rayonundan olan daha üç Şəhidin adı-xatirəsi əbədiləşdirilib.
Etikxeber.az xəbər verir ki, Səbailli İkinci Vətən Müharibəsi Şəhidlərindən Yusif Budaqovun, Cavidan İbrahimlinin və Nicat Şükürlünün adlarına küçələr verilib.
Ailənin tək və subay övladı, texnikum (kollec) təhsilli Yusif Ramiq oğlu Budaqovun adı Badamdar qəsəbəsindəki “Qədim Qala” küçəsinə verilib.
Bundan sonra “Qədim Qala” Şəhid Yusif Budaqovun adını daşıyacaq.
Ailənin iki övladından biri, evin tək, subay və ali təhsilli oğlu Nicat Ayaz oğlu Şükürlünün adı ailəsinin yaşadığı “Buxta” küçəsinə verilib.
Bundan sonra Səbail rayonunun Bayıl qəsəbəsinin “Buxta” küçəsi Şəhid Nicat Şükürlünün adını daşıyacaq.
Qeyd edək ki, həmin küçədə daha bir İkinci Vətən Müharibəsi Şəhidi – evin-ailənin tək, subay və ali təhsilli oğlu Cəmil Məmmədli də yaşayıb.
Onun adı Badamdardakı “Məktəbli” küçəsinə verilib.
Ailənin 3 övladından, 3 qardaşdan biri və evin subay oğlu olan Cavidan Nizami oğlu İbrahimlinin adı isə Badamdardakı “Neftçilər” küçəsinə verilib.
Bundan sonra “Neftçilər” Şəhid Cavidan İbrahimlinin adını daşıyacaq.
Ruhları şad olsun, Nur içində yatsınlar!


Kamil HƏMZƏOGLU
Etikxeber.az