“Zəlzələ və digər fövqəladə hadisələr zamanı “ağıllı” şəhər və kəndlər özlərini 3 gün ərzində təmin edə bilirlər ki…”-MİLLƏT VƏKİLİ

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən çox maraqla qarşılanır, eyni zamanda, hər birimizi ruhlandırır. Bu ərazilərdə artıq böyük inkişafın təməlləri atılmaqdadır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. Otuz ildən çox müddətdə erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.

E.Səlimov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə budəfəki səfəri bir sıra mühüm işlərə start verilməsi və əhəmiyyətli layihələrin reallaşması ilə yadda qaldı. Prezident İlham Əliyev, ilk növbədə, Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu:

“Bu hadisənin əhəmiyyəti olduqca böyükdür. Bu dəmir yolu xətti nəinki bölgənin, həm də bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Ümumi uzunluğu 100 kilometr olan bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara rahat gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Ən mühümü isə odur ki, bu infrastruktur Türkiyəyə qədər uzanmaqla Bakı-Tbilisi-Ceyhandan sonra Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi olacaq. Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranmasına böyük töhfə verəcək”.

Deputatın sözlərinə görə, Azərbaycanın uzun illər təhlükəsiz tranzit ölkə kimi qazandığı nüfuz və maliyyə resursları ona növbəti mərhələyə keçmək imkanı verəcək. Digər tərəfdən, bu infrastruktur bütün Türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasına da töhfə verə bilər:

“Bu isə böyük bir regionda Azərbaycanın strateji əhəmiyyətini artıracaq, o cümlədən iqtisadi potensialına təkan verəcək. “Dövlətimizin başçısının işğaldan azad edilən bütün şəhərlərin baş planlarının hazır olmasını bildirməsi yaxın gələcəkdə bu ərazilərdə ciddi şəhərsalma fəaliyyətinə start veriləcəyinin və yerli yol-nəqliyyat infrastrukturunun qurulacağının anonsu kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev həm də bərpa olunacaq ərazilərdə müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi barədə öz fikirlərini bölüşdü. Bu isə dövlətimizin başçısı tərəfindən xalqımızın Qarabağın “ağıllı region” kimi inkişafı ilə bağlı istəklərinə cavab verməsi deməkdir.

Bu istiqamətdə Zəngilan rayonunun Ağalı kəndində birinci “ağıllı kənd” layihəsinin icrasına başlanılması da xüsusi əhəmiyyətə malikdir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Bu yolla ölkəmiz daha geniş aspektdən alternativ enerjinin tətbiqini reallaşdırmış olacaq. Ümumilikdə isə layihənin spektri çox geniş olmaqla yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi bir sıra zəruri sahələri əhatə edir”.

E.Səlimov qeyd edib ki, “ağıllı” şəhər və kəndlərin fəaliyyəti smart cihazlardan əldə olunan məlumatlar üzərində qurulur:

“Bu cihazlar telefonlar və ya avtomobillərdəki sensorlar da ola bilər. Smart cihazlar vasitəsilə kifayət qədər məlumat əldə edildikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyənləşdirə və lazımi infrastruktur işlərinə start verə bilərlər. Hazırda bir çox “ağıllı şəhər”lərin bütün evlərində yalnız günəş enerjisindən istifadə olunur. Əsas nəqliyyat vasitələri isə elektriklə işləyən avtomobillərdir. Bu şəhərlərdə sudan az istifadə olunur. Küçələr sensorlu işıqlandırma sistemləri ilə təchiz edilib. Zəlzələ və digər fövqəladə hadisələr zamanı “ağıllı” şəhər və kəndlər özlərini 3 gün ərzində təmin edə bilirlər. Bunun isə əhəmiyyəti böyükdür”.

Onun dediyinə görə, zamanla “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının bütün ölkə üzrə reallaşdırılması daha yüksək yaşam standartlarının tətbiqinə, kənd təsərrüfatında və istehsalatda yeni innovasiyalar sayəsində ciddi inkişafa, bütövlükdə isə enerji resurslarından səmərəli istifadəyə gətirib çıxara bilər. Bu məqsədlə Qarabağ bölgəsində həyata keçirilən faktiki layihələr gələcəkdə bütün ölkə üçün pilot layihə kimi baza rolunu oynaya bilər:

“Ermənistanda baş qaldırmağa çalışan revanşist qüvvələrdən də danışan deputat bildirib ki, ölkəmizin geosiyasi əhəmiyyətinin və iqtisadi gücünün artması bölgədə sülhün, sabitliyin təmin edilməsi üçün də böyük əhəmiyyətə malikdir. Bu güc Ermənistanda baş qaldırmağa çalışan revanşist qüvvələrin önünü kəsmək üçün də zəruridir. Ermənistan Azərbaycanı növbəti təxribatlarla, yeni müharibə ilə hədələməyə çalışır. Bu cür revanşist və faşist yanaşmalar artıq öz əhəmiyyətini itirməyə başlayıb. Zamanla regional layihələr icra edildikcə Ermənistan belə münasibətdən əl çəkməli, öz məğlubiyyətini qəbul etməlidir. Çünki artıq Ermənistan ordusu yoxdur, məhv edilib. Digər tərəfdən isə Ermənistanın artıq iqtisadi və sosial potensialı da qalmayıb.

Regionda bu potensiala sahib olan və tranzit əlaqələri təmin edən ölkə Azərbaycandır. Bütün iqtisadi maraqlar Azərbaycanın ərazisində kəsişdiyinə görə burada bütövlükdə regionun təhlükəsizliyi məsələsi önəm daşıyır. Ermənistanın bu cür münasibəti bütün region üçün təhdid deməkdir və bu yolu seçməklə növbəti dəfə öz dezinteqrasiyasının mənfi nəticələrini görəcək. Ermənistanda artıq anlamalıdırlar ki, erməni faşizminin mövcud şəraitdə – regional maraqlar və təhlükəsizlik çərçivəsində bir daha baş qaldırması qeyri-mümkündür, belə addımların nəticəsi onlar üçün daha acınacaqlı ola bilər”.

Etikxeber.az

Read Previous

“İrəliyə baxmalıyıq-Azərbaycan öz ərazilərini azad etdikdən və ərazi bütövlüyünü bərpa etdikdən sonra iqtisadi əməkdaşlıq üçün böyük imkanlar var”-İLHAM ƏLİYEV İNDONEZİYA VƏ BELARUSUN SƏFİRLƏRİNİN ETİMADNAMƏLƏRİNİ QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

Bələdiyyələrlə bağlı hesabat dinlənildi-“DƏMİRÇİ” İSƏ “SƏDƏRƏK”Ə QATILIR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir