Zərdab Oğulları Haqq Savaşımız olan Qarabağ müharibəsində-JALƏ ƏLİYEVA YAZIR

Qarşımda bir kitab var – “Zərdablılar Vətən Uğrunda”.

Bundan təxminən bir ay əvvəl Zərdabda Heydər Əliyev mərkəzində keşirtdiyim növbəti qəbulum vaxtı bu kitab mənə təqdim edildi.

Kitabı həmmüəlliflərindən olan gənc qızımız Lümunə Mirzəliyeva  (digər həmmüəllif isə Zərdabın gənc ziyalılarından olan  Süleyman Tarverdidir) anası vasitəsilə mənə göndərmişdi.

O an çox qarışıq, sözlə ifadə edilməsi mümkün olmayan hisslər yaşadım… Həm sevindim, həm kövrəldim, həm qürur duydum, həm də… bütün insan qırğınlarına  lənət oxudum ürəyimdə… Həmin gün axşam digər bir həmyerlimiz, kitabın redaksiya heyətinin üzvü Vüqar Rəhimov kitabdan daha birini mənə təqdim etdi və dedi ki, Jalə xanım, kitab haqqında fikirlərinizin əks olunduğu yazınızı gözləyirik, fikirlərinizi geniş oxucu kütləsi ilə bölüşməyinizi arzulayırıq.

Əslində bunu deməsələr  belə, səhərki qəbul vaxtı kitab ilk dəfə mənə təqdim edildiyi zaman onu bir an öncə oxumaq, qəhrəmanlarımızı mümkün olduqca daha çox insana tanıtmaq keçmişdi ürəyimdən…  Bütün gecə boyu kitabı səhifələdim… 124 Zərdab şəhidinin hər birini bir daha tanıdım, bir daha hər biri ilə qürur duydum, iftixar etdim… 

Bəli, qarşımda bir kitab var. Vətən müharibəmiz, haqqımız, ədalətimiz, qeyrətimiz, namusumuz – Qarabağımız – müqəddəs torpaqlarımız uğrunda bir an belə düşünmədən döyüşə atılan və Şəhidlik Zirvəsinə ucalan onminlərlə igid Azərbaycanlının 124-ünün yazdığı qəhrəmanlıq salnaməsi bu səhifələrdə əks olunub. Səhifələyirəm… Hər biri öz həyat hekayəsi ilə gözümün önünə gəlir, keçdiyi şərəfli yoldan boylanır. Fərqli yaşlar, fərqli ailələr, fərqli talelər, fərqli isimlər! Fərqli yerlərdə, fərqli ailələrdə, fərqli ortamlarda doğulub böyüyüblər. Fərqli peşələrin, fərqli ixtisasların sahibi olublar. Amma indi onların hamısını bir amal, bir ad birləşdirir! ŞƏHİD! İndi onların hamısını bir ünvan görüşdürür! ŞƏHİDLİK ZİRVƏSİ!

Böyük türk şairi, Türkiyənin  İstiqlal Marşının (Himnin) müəllifi Mehmet Akif Ersoy deyir ki:

         Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda? 
Şühəda fışqıracaq torpağı sıxsan, şühəda! 
Canı, cananı, bütün varımı alsın da xuda, 
     Etməsin tək vətənimdən məni dünyada cüda.

Doğrudan da bu adı qazanmaq hər kəsə nəsib olmur. Bu zirvəyə qalxmağa hər kəs nail olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar bu adı qazanaraq yüksələ bilərlər bu uca Zirvəyə.
Tam 32 il davam edən haqlı mübarizəmiz əlbəttə ki, qurbanlarsız ötüşmədi. Amma sonda qalib gəldik! İllərdən bəri tələb etdiyimiz Haqqımızı geri aldıq! Döyüşərək, vuruşaraq, düşmənin üstünə gedərək Qələbə qazandıq!

Biz Kişi kimi döyüşdük, Nər kimi vuruşduq…

2020-ci ilin 27 sentyabrına aparan yol çox ağrılı, keşməkeşli oldu. Ötən 32 il ərzində bu yolda onminlərlə oğlumuzu, qızımızı itirdik. Üzüldük, ağladıq, gözümüz yolda qaldıq… Zaman zaman ümidimiz üzüldü… Müharibənin ilk və sonrakı illərində 11557 nəfər, 2016-cı ilin aprel döyüşlərində 94 nəfər, 2020-ci ilin Tovuz hadisələri zamanı 12 nəfər, İkinci Qarabağ savaşında isə 2881 nəfər şəhid verdik. Minlərlə qürurlu ananın, minlərlə şərəfli qadının,  minlərlə günahsız körpənin gözü yolda qaldı… Zərdab həmin dövrdə 116,  Qələbəyə aparan daha sonrakı son döyüşlərdə isə 8 şəhid verdi.   Ötən illər ərzində onları bir an belə olsun unutmadıq, hər zaman adlarını ehtiramla andıq. Onlar bizim and yerimizə, qürur qaynağımıza çevrildilər, Onların haqqında yazılar yazıldı, onlara şeirlər ithaf edildi, adları əbədiləşdirildi, doğulan uşaqlarımıza onların adları verildi, böyüyən gəncliyimiz onlar kimi olmağa çalışdı. Kitabda bu igid insanların hər biri  haqqında təfsilatlı məlumat verilib. Yeri gəlmişkən, mən kitabın yazılmasında və tərtib edilməsində zəhməti olan bütün təəssübkeşlərə, vətənsevərlərə bu qədirbilənlikləri üçün  minnətdarlığımı bildirirəm.

Kitabda 124 Şəhidimizin hər biri haqqındakı oçerklərin ən ağrılı məqamına – oçerkin sonuna doğru çatarkən həyatlarını itirdikləri – Şəhid olduqları yer haqqında məlumatlar diqqətimi çəkdi. Vətən torpağının hər qarışından onların  şücaəti, cəsarəti boylanır, Vətən torpağının hər qarışında onların ruhu dolaşır. Mən də öz tərəfimdən kiçik bir statistik araşdırma apardım və kitabda adları əlifba sırasıyla yazılmış oğullarımızı, şəhid olduqları torpaqlara görə sıraladım. İstədim bir daha hər kəs onları görsün, tanısın və hər kəs bilsin ki, Vətənin yaxşısı, pisi yoxdur, Vətənin aranı, dağı yoxdur, Vətənin mənimkisi, səninkisi yoxdur. Vətən hamımızındır. Bu oğullar da savaş meydanına gedərkən sağ qalacaqlarını, geriyə dönəcəklərini, yoxsa harada, necə, nə şəraitdə gözlərini əbədi yumacaqlarını bir an belə olsun düşünmədən gediblər. Beləliklə, onların, uğrunda Şəhid olduqları torpaqlarla qoşa çəkilən adlarını bir daha xatırlamağı və xatırlatmağı özümə borc bilirəm.

Zərdab rayonu ən çox itkini Füzulidə və Ağdamda verib.  Abbasov Abuzər Tənzil oğlu, Abdullazadə Nurlan Rasim oğlu, Abdulxalıqov Cabir Abdulhəmid oğlu, Allahverdiyev Bəşir Allahverdi oğlu, Babaşov Mehman Mirsəməd oğlu, Bəkirov İldırım Mahmud oğlu, Əhmədov Nəsimi Əhməd oğlu, Əhmədov Vidadi Qüdrət oğlu, Əliyev Mail Mikayıl oğlu, Əliyev Nurəmir Nurəddin oğlu, Əzizov Elman Ağa oğlu,  Eminov Zaur Surət oğlu, Eyvazov Söhrab Nadir oğlu, Hacıyev Elçin Ramazan oğlu, Həsənov İlqar Hacıkərim oğlu, Həşimov Vüsal Cəmaləddin oğlu, Heydərov Sarvan Mütəllim oğlu, Hüseynov Bəhruz Şiraslan oğlu, İbişov Naməddin Tacəddin oğlu, İmanov Yavər Həsən oğlu,  İsayev Sahib Ağahüseyn oğlu, İsmayılov Davud İsmayıl oğlu, İsmayılov Dəyanət İsmayıl oğlu, Kərimov Nəfi Kərim oğlu, Məmmədov Bədəl Ağacan oğlu, Məmmədov Bəhlul İsam oğlu, Məmmədov Haqverdi Faxrəddin oğlu,  Məmmədov Kamran Nurəddin oğlu, Məmmədov Namiq Aslan oğlu, Musayev Habil Həmdulla oğlu, Qarayev Mənsur Şirvan oğlu, Qədirov Mehdi Ədil oğlu, Rəhimov Mehdi Naməddin oğlu, Salikov Kamil Hacırəhim oğlu, Şahmurov Elşad Abasqulu oğlu, Şirinov Seyran Şahmurad oğlu, Zalov Məhəmməd Rəsul oğlu Birinci Qarabağ savaşında Füzuli və ətraf kəndlər uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olublar.

           Aşağıda adı çəkilən oğullarımz isə Ağdam şəhəri və onun kəndləri uğrunda şəhidlik zirvəsinə yüksəliblər. Bunlar Abbasov Zülfü Mirqanı oğlu, Azayev Fəaliyyət Təvəkkül oğlu, Bəkirov Zahid Ağahüseyn oğlu, Cəbişov Daşqın Qulu oğlu, Cəfərov Vahid Səfər oğlu, İbadov Zamin Vaqif oğlu, Hacıyev Namət Mədət oğlu, İsmayilov Mahir Şahabbas oğlu, Kərimov Elşən Kərim oğlu, Köçəriyev Rahib Kamal oğlu, Mamayev Əhməd Abbas oğlu, Mehdiyev Səyyad Abdulhəmid oğlu, Mehrəliyev İdris Səftər oğlu, Məmişov Münasib Tacəddin oğlu, Rüstəmov Yaşar Rüstəm oğlu, Qasımov Çingiz Mehdi oğlu, Qasımov Namiq Qasım oğlu, Qocayev Elman Yasin oğlu, Səfərov İsmayıl Sarı oğlu, Soltanov Müqtədir Soltan oğlu, Soltanov Tehran Soltan oğlu, Umudov Miqdar Məhəmmədiyyə oğlu, Vahidov Aqşin Sərdar oğlu,Yunusov Elsevər Babalı oğlu, Zərbəliyev Zabit Kamil oğludur. 

          Ağdərə, Tərtər, Kəlbəcər, Murovdağda da Zərdabın itkiləri  az olmayıb. Belə ki, Ağayev Müsəllim Musa oğlu, Bayramov Şaiq Tofiq oğlu, Əliyev Ələsgər Rəsul oğlu, Əmirəliyev Elxan Tərlan oğlu, Əsədov Sərdar Atatxan oğlu, Eyvazov Rafiq İsrayıl oğlu, Həsənov Elman Baharəddin oğlu, İsmayılov Babək Mehdi oğlu, Məmmədov Gəray Mirəhməd oğlu, Rəhimov Vahid Rasim oğlu, Sadıqov Əfrail Siracəddin oğlu, Sadıqov Münasib Mürşüd oğlu, Şıxəliyev Pərviz Nəsir oğlu, Şükürov Şahlar Əvəz oğlu, Xəlilov Malik İsa oğlu, Xəlilov Məmməd Qəhrəman oğlu Ağdərə uğrunda,  Aslanov Zeyqəm Məhəmməd oğlu, Dəmirov Famil Ağacan oğlu,  Əhmədov Əlimərdan Əli oğlu, Fərəcov Fərəc Baxşeyış oğlu, Hüseynov Həzi Xalid oğlu, İsaqov Zakir Nüsrət oğlu, Qasımov Elşən Tacəddin oğlu, Rəhimov Elçin Yaşa oğlu, Yusifov Fərhad Ərəstun oğlu Tərtər uğrunda, Abdullayev Samir Namizəd oğlu, Abdullayev Vüqar İsa oğlu, Azayev Cabir Rza oğlu, Hacıyev Müşviq Zabit oğlu, Qasımov Zaur Abahan oğlu, Nuhov Əziz Əsgər oğlu, Vahidov Şəyavuş Davud oğlu, Xəlilov Mehman Ağabala oğlu Kəlbəcər uğrunda,  Alıyev Şəmil Məhəmməd oğlu, Ədilov Əfqan Maqsud oğlu, Eminov Fərrux Əli oğlu, İsrəfilov Məhəmməd Şahvələd oğlu,  Qocayev Arif Əlibaba oğlu, Qurbanov Samir İslam oğlu Murovdağda döyüşlər zamanı həlak olublar.

          Doğma Zərdab rayonu Cəbrayılda, Laçında, Qazaxda, Xocavənddə, Qubadlıda Beyləqanda, Tovuzda, və Aprel döyüşlərində də itkilər verib, igid oğullarının adını Şəhidlik Zirvəsinə yazıb. Belə ki, Məmmədov Məhərrəm Feyruz oğlu, İbrahimov Seyran İbrahim oğlu Cəbrayılda, Alxasov Vasif  Tapdıq oğlu, Məmmədov Mətləb Səfəralı oğlu, Şıxəliyev Elşad Əlişah oğlu Laçında, Qasımov Heydər Zeynal oğlu, Səlimov Fuad Etibar oğlu, Vəliyev İbrahim Ələmşah oğlu Qazaxda, Ağalarov Ağa Ağahüseyn oğlu, Şamilov Ceyhun Əlixan oğlu Xocavənddə,  Rəsulov Rafiq Nüsrəddin oğlu, Xanəliyev Namiq Xanəli oğlu Qubadlıda, Həsənov Etibar Xalid oğlu Beyləqanda,  Mirəliyev Nicat İldırım oğlu Tovuzda, Abdullayev Vüqar İsa oğlu isə aprel döyüşləri zamanı böyük Vətən amalı ilə canlarını qurban verərək, ölümlərin ən ucası olan Şəhid adını qazanıblar. Allah onların hamısına rəhmət eləsin. Nurlar içində yatsınlar.

           Bir az əvvəl də qeyd etdiyimiz və hamımızın məlumumuz olduğu kimi Zərdab İkinci Qarabağ savaşında isə 8 şəhid verdi. Onların hər biri 32 il işğal altında qalan torpaqlarımızda tarix yazdılar. 27 sentyabr günü ön cəbhəyə yola düşən bu səkkiz igid oğul, nər oğul Qələbə üçün getmişdi. Qələbə uğrunda Şəhidliyi gözə alıb getmişdilər. Öləcəyik, amma Vətəni qurtaracağıq, Torpaqları qaytaracağıq, demişdilər. Arzularına çatdılar. Amallarına çatdılar.  Ağayev İlkin Tehran oğlu Şuşada, Abbasov Ağaqardaş İlham oğlu və Məmmədzadə Anar Nazim oğlu Füzulidə, Muradov Turan Vaqif oğlu və Vəlizadə Faiq Bayraməli oğlu Suqovuşanda, Cəbrayıllı İbrahim Raqub oğlu Murovdağda,  Hüseynov Rəhim Qədir oğlu Qubadlıda, Rüstəmli İbrahim Mirzağa oğlu Xocavənddə Şəhid oldular. Son damla qanlarına qədər döyüşdülər, düşmənin üzərinə nər kimi yürüdülər, bir an olsun tərəddüd etmədilər! 44 gün ərzində keçdikləri yolda hər biri bir mayaka dönən 2881 nəfərdən biri oldular!

          Kitabda həm Birinci, həm də İkinci Qarabağ müharibəsi qaziləri haqqında da ayrıca bölmədə oçerklərə yer ayrılıb, onların həyatı, qəhrəmanıqları haqqında məlumat verilib. Əlbəttə ki, bu addım da alqışa layiqdir. Lakin düşünürəm ki, həmin bölmə qazilərimizi tam əhatə etməyib. Qazilərimizin bir qismi həmin kitabda yer almayıb. Bizcə, 32 illik haqlı mübarizəmiz uğrunda sağlamlığını qurban edən, bir dəqiqə belə düşünmədən düşmənlə üz-üzə gəlməyə hazır olan qazilərimiz, eyni zamanda müharibə iştirakçısı oğullaımız haqqında da ayrıca, əhatəli bir məlumat kitabı mütləq yayınlanmalıdır.  Cəmi 44 günün içərisində qəlbi sınıq xalqdan Qalib, Müzəffər Azərbaycan xalqına çevrilməyimizdə, dünya hərb tarixində yeni səhifə açmağımızda, yeni Salnamə yazmağımızda, şanlı Qələbəyə aparan 32 illik mübarizə yolunda haqqı, zəhməti, əməyi olan heç kim və heç nə unudulmamalıdır.

          Bəli,  Dünya yenidən Azərbaycanı gördü və görməyə, etiraf etməyə məcbur oldu. Dünya, öz qarşısında güclü, qüdrətli, əzmkar, cəsarətli, nüfuzlu Azərbaycan gördü!  Dünya xalq, ordu, dövlət həmrəyliyinə şahid oldu! Dünya  Dəmir Yumruğun nələrə qadir olduğunu anladı! Bütün bunların müəllifi, memarı isə Müzəffər Ali Baş Komandan, Xilaskar Prezident İlham Əliyevdir! İlk növbədə və hər şeydən əvvəl ona minnətdar və borcluyuq. Var olun, Ali Baş Komandanım, Qalib Sərkərdəm!

            Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan  baş nazirinin imzaladıqları birgə bəyanatla 32 illik münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur etmə ilə sülhə məcbur və təslim edildi, 44 günlük İkinci Vətən Müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələbə müraciətində də deyildiyi kimi, bu bəyanat bizim şanlı qələbəmizdir.

“Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir. Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq”, – deyən Müzəffər Ali Baş Komandan bildirdi ki, insanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur və qoyulacaq.

Bəli, biz qayıdırıq, Azərbaycan qayıdır! Bəli, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Bəli, xoşbəxtik ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz! Bizim Qələbəmiz, bizim Zəfərimiz – bizim Haqqımızdır!

Bizik bu torpaqların yiyəsi, bizik bu torpaqların qanuni, əzəli-əbədi sahibləri! Bizim olan bizimdir, bizim olanı biz qazandıq, bizim olan bizim də olacaq! Diktə edən də biz olduq, diktə edən də bizik, diktə edən də biz olacağıq. Qarabağ Azərbaycandır və nida işarəsi.


           İndi şəhidlərin ruhu Vətən göylərində azad gəzir. Onların müqəddəs ruhu qarşısında ehtiramla baş əyirik. Onlar bu Vətəni öz qanları, canları bahasına qoruyub, döyüşüb, azad edib bizlərə qaytardılar. Gözəl Vətənimizin şəhidlərin qanı ilə qazanılan müstəqilliyini, azadlığını və bütünlüyünü  göz bəbəyi kimi qorumaq və möhkəmləndirmək isə artıq bundan sonra hamımızın ən ali vəzifəmiz və borcumuzdur!

Basdığın yerləri “torpaq” deyərək keçmə, tanı: 
 Düşün altındakı minlərcə kəfənsiz yatanı. 
  Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı; 
    Vermə, dünyaları alsan da, bu cənnət vatanı.


deyən şairin sözləri ilə bu yazımı tamamlayarkən, bir daha bütün Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizə, müharibə iştirakçısı olan bütün oğullarımıza Uca Allahdan can sağlığı diləyirəm. Allah xalqımızı, ölkəmizi, Prezidentimizi qorusun! Amin!  

Sizi unutmadıq, heç zaman unutmayacağıq, əziz Şəhidlər!

Jalə Əliyeva

Milli Məcisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini,

filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

Daha 509 yeni yoluxma-DAHA 16 ÖLÜM…

Read Next

Binəqədinin İkinci Vətən Müharibəsi İgidləri, Qəhrəmanları və Şəhidləri-VAHİD ABBASOV VƏ ƏLİ BAYRAMOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir