“Zabil həyat dolu, gülərüz, mehriban bir insan idi…” – QƏNİRƏ PAŞAYEVA

“Zabilin vəfatı xəbərini eşidəndə çox pis olsam da, əvvəlcə inanmadım. Zəng etdim və xəbəri təsdiqlədilər. Bu xəbər yayılmazdan cəmi 1 gün əvvəl jurnalist həmkarımız, daim Zabilin vəziyyətini diqqətdə saxlayan Elşad Məmmədli ilə danışmışdıq. Çox narahat idi və deyirdi ki,  Zabili içki bəlasından xilas etmək üçün Narkoloji dispanserə yerləşdirib yaxşı mütəxəssislərin nəzarətində müalicə etmək lazımdır və xahiş edirdi ki, Səhiyyə Nazirliyi ilə danışım. Zəng etdim, Dispanserin baş həkimi ilə danışdım və xahiş etdim ki, Zabil bəy dəyərli bir jurnalistimizdir, onun xilası üçün ən yaxşı mütəxəssislərin nəzarəti altında müalicə lazımdır”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” statusunda yazıb.

O, yazıb ki,  həftəsonu olduğundan baş həkim deyib ki,  1-ci gün səhər gəlsinlər, yerləşdirəcəyik mərkəzə və ən yüksək səviyyədə müalicə olunacaq, yetər ki, özü də həkimlərə kömək etsin.

“Söz verib, dedim ki,  xilas olmaq istəyir özü də… Sonra Elşad bəyə zəng etdim və 1-ci gün baş həkimin gözlədiyini dedim. 1-ci gün aparıb gedəcəm, dedi. Aradan bir neçə saat keçdi və bu dəhşətli xəbəri aldıq. Onunla xəstəxanada yatdığı zaman qohumlarının yanındakı söhbətimdə “Zabil, həkimlər çox ciddi şəkildə bildirirlər ki, qaraciyərinlə bağlı ciddi problemlərin var və bundan sonra dilinə heç bir zaman içki dəyməməlidir, əgər buna son qoymasan, sənin həyatın ciddi təhlükə altında olacaq” dedim.

“Daha heç bir zaman içməyəcəm” dedi. İnandım. Müalicələr müsbət təsirini göstərirdi. Sonra bir neçə dəfə telefonla danışdıq və mən artıq yaxşı olduğunu düşünürdüm. Ölümündən bir gün əvvəl Elşad bəyin üzüntü və narahat səsindən və bacısının yazdığı mesajdan anladım ki, vəziyyəti yaxşı deyil və həmin dəqiqə həkimlərlə danışdıq. Amma çox gec imiş…


Yaxşı bir jurnalist və insan idi. Əziz bacısı və dostları da onu çox sevirdi. Şəxsən Rauf bəyin, Azər bəyin, Elşad bəyin, Nicat bəyin, Əflatun müəllimin və bir çoxlarının onun üçün nə qədər narahat olduqlarının şahidiyəm. Ən son ölümündən bir neçə saat qabaq Elşad bəylə söhbətimizdə onun nə qədər üzgün və narahat olduğunu gördüm. Onun vaxtsız ölümü bütün jurnalist həmkarlarını çox üzdü.

İstedadlı bir jurnalistimizi itirdik. Nur içində yatsın!

zabil

Onu itirəndən sonra içki içən bəzi istedadlı qələm sahiblərini xatırladım. Bəzilərinə hətta, zəng də etdim və atın o zəhirmar bəlanı dedim. Deməyə söz də tapmıram. Zabilin özəlliklə AŞPA- da jurnalist kimi çalışdığımız zamanlardakı xatirələri gəlir gözümün qabağına. Həyat dolu, gülərüz, mehriban bir insan idi. Amma bəzən insanlar daxilindəki ağrıları ətrafa çox biruzə vermirlər. O da belələrindən idi…

Allah rəhmət etsin!”-deyə, millət vəkili sonra yazıb.

Etikxeber.az

Read Previous

Millət vəkili erməni dilində nəşr edilmiş “Qarabağ düyünü” adlı kitabını türkiyəli rektora hədiyyə etdi – FOTOLAR

Read Next

Azərbaycan nefti ucuzlaşdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir