“Zaman yerində dayanmır…” – PA-NIN ŞÖBƏ MÜDİRİ – YENİLƏNİB – (6) – FOTOLAR

Bu gün millət vəkili Zahid Orucun başçılıq etdiyi Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəsmi fəaliyyətə başlamasından sonra ilk geniş tədbiri keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, tədbir saat 11:30-da “Hilton Baku” otelində baş tutacaq.

Tədbirin gündəliyində bir neçə məsələ, o cümlədən, qurumun saytının təqdimatı var.

zahid-stm

zahid-stm-1

Qeyd edək ki, STM ölkə prezidentinin 8 fevral 2019-cu il Fərmanı ilə yaradılıb.

Z. Oruc isə ölkə prezidentinin 11 fevral 2019-cu il Sərəncamı ilə STM-in İdarə Heyətinin sədri təyin edilib.

***

“Bu tədbir ilk növbədə  Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan islahatlar, xüsusilə, sosial islahatlar, kadr islahatlarına dair ölkə əhalisinin reaksiyasını əks etdirən hesabatların müzakirəsinə həsr olunub. Eyni zamanda, biz bu tədbirin formatını düşünürkən belə qərara gəldik ki, ilk növbədə bu sahəyə birbaşa aidiyyatı olan qurumların təmsilçilərini, Prezident Administrasiyasının (PA) məsul nümayəndəsini dəvət edək və belə də etdik”.

Bunu isə Z. Oruc  qısa açılış çıxışı zamanı deyib.

Qeyd edək ki, STM-in tədbirində millət vəkilləri, dövlət qurumlarının rəsmi nümayəndələri, QHT və media təmsilçiləri iştirak edirlər.

***

Sonra çıxış üçün söz PA-nın Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifovaya verilib.

O, çıxışında ölkə prezidenti tərəfindən görülən işlərə, islahatlar prosesinə toxunub.

Bildirib ki, məhz görülən işlərin nəticəsində bugünkü müasir və inkişaf etmiş Azərbaycanın şahidləriyik.

PA rəsmisi görülən işlərin, əldə edilən uğurların təməlində, bünövrəsində bugünlərdə 25 illiyi təntənəli şəkildə qeyd edilən tarixi “Əsrin müqaviləsi”nin də dayandığını vurğulayıb.

***

saadet

S. Yusifova sonra  deyib ki, hazırda uğurlu dövlət idarəetməsi sosial həyatın bütün aspektlərinin elmi cəhətdən kompleks öyrənilməsindən, ictimai münasibətlərin inkişaf tendensiyalarının, dəyişiklikləri doğuran amillərin müəyyən edilməsindən, optimal həll yollarının tapılmasından, dəyişikliklərə çevik reaksiya verilməsindən, düzgün proqnozlaşdırmadan, qısa, orta və uzunmüddətli perspektivlərin müəyyən edilməsindən asılıdır:

“Bu transformasiya dövlətlərin həyatında, davranışında, siyasətində özünü büruzə verir, zamanla ayaqlaşmanı, ən əsası isə bir sıra hallarda hətta bunu qabaqlamanı şərtləndirir. Cəmiyyətlərin, dövlətlərin həyatında baş verən köklü dəyişikliklər hər zaman bunları gerçəkləşdirən liderlərin adı ilə bağlıdır. Müasir Azərbaycan Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplər, onun yaratdığı möhkəm dövlətçilik təməli üzərində qurulub. Məhz həmin prinsipləri əsas tutaraq Prezident İlham Əliyev uzunmüddətli dayanıqlı inkişaf strategiyasını müəyyən edib. Əgər Azərbaycanın tarixi inkişaf yoluna nəzər salsaq, son 16 ildə tamamilə yeni yaradılmış Azərbaycanı görmüş olarıq”.    

S. Yusifova  nəzərə çatdırıb ki, zaman yerində dayanmır, yeniliklər gətirir:

“Hazırda biz rəqəmsal texnologiyaların inkişafı ilə xarakterizə olunan növbəti sənaye inqilabı dövrünü yaşayırıq. Azərbaycan Prezidentinin son illər həyata keçirdiyi sistem xarakterli islahatlar məhz həmin transformasiyanın mərhələli şəkildə reallaşdırılmasına hədəflənib. Bu, özündə həm sosial innovasiyaları, həm institusional, həm də kadr islahatlarını ifadə edir. Sosial innovasiyalar cəmiyyətdə sosial dəyişikliklər doğuran məsələlərin həllinə yönəlmiş ideyalar, strategiyalar, texnologiyalardır. Sosial innovasiyalar insan həyatının keyfiyyətinin artırılması, qlobal tendensiyalara uyğun olaraq sosial infrastrukturun təkmilləşdirilməsi üçün yeni texnologiyalardan və biznes modellərdən istifadəni nəzərdə tutur. Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur. Təsadüfi deyil ki, sosial rifah dövlətinin qurulması Prezidentin yeni islahatlar kursunun strateji xəttini təşkil edir”. 

***

zahid-stm-3

Daha sonra qurumun saytının təqdimatı keçirilib.

Təqdimatla bağlı Z. Oruc saytın xəbər saytı olmayacağını, kütləvilik daşımayacağını bildirib.

Qeyd edib ki, bu sayt daha çox STM tərəfindən aparılan tədqiqatların və onların əsasında hazırlanan hesabatların təqdim edilməsi funksiyasını yerinə yetirəcək.

STM sədri saytın fəaliyyətinin uğurlu olacağına da əminliyini ifadə edib.

***

Tədbirdə çıxış edən millət vəkili Tahir Mirkişili öz növbəsində bəzi statistik göstəriciləri səsləndirib.

Qeyd edib ki, bu gün ölkə əhalisinin 80 faizi internet istifadəçisidir.

Həmçinin, 2,5 milyon insan sosial şəbəkə istifadəçiləridir.

***

“Bu günə qədər “ASAN xidmət” mərkəzlərinə 33 milyona yaxın müraciət daxil olub”.

Bunu da öz növbəsində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O, bildirib ki, vətəndaşlar onlara təqdim edilən 320-dən artıq xidmətdən istifadə ediblər.

Ü. Mehdiyev qeyd edib ki, “ASAN xidmət” mərkəzlərində vətəndaşlara təqdim edilənlər xidmətlərdən məmnunluq səviyyəsi 98-99 faiz aralığındadır.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Azərbaycan körpü rolunu oynamaqla özünün milli maraqlarını təmin edir…” – HİKMƏT BABAOĞLU

Read Next

“30 nəfər reabilitasiya və reinteqrasiya prosesinə cəlb olunacaq…” – MEHRİBAN ZEYNALOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir