Zahid Oruc:Yenidən doğulmaq imkanını Allah hamıya tanıyır!

Bütün əsrlərin yazıçısı Lev Tolstoy məşhur əsərlərinin birində qəhrəmanının diliylə ilahi qüvvə və real həyat arasındakı əbədi suala cavab axtarır. Ömrünü ibadətdə və kilsədə deyil,insanlara xidmətdə keçirən Ata həyatının sonuna doğru məlum dilemma qarşısında qalıb: “Görəsən, şöhrət üçün yaşadığına görə elədiyi xeyirxahlıqlar,dualar gerçəkdənmi Allaha xidmət olub, yoxsa, təmənnasız verilən bir fincan su hər cür ibadətdən yüksəkdə dayanır?”
Tolstoy mənafe və rütbə savaşlarından yuxarıda duran adamları daha sadə bəndələr kimi allahlı hesab edir,onları imperatordan qüdrətli sayırdı.İstər öz dövründə,istərsə də ondan sonrakı illərdə yazıçının Sergi atasına münasibət ziddiyətli olaraq qaldı.Lakin Allah axtarışına çıxanlar üçün bir həqiqəti inkar etmək mümkün deyil.Müxtəlif xalqların inanclar sistemində və müqəddəs kitablarında peyğəmbərlərin elçisi olduğu qüdrət sahibinin varlığını göstərən formul belədir:etdiyin yaxşı əməllər kəsrin surətinə,iblisliklər isə məxrəcə yazılır-nəticəsi Allahdır.
Ona görə yüksəkliklər uğrunda vuruşan adamların hamısı insanlıq mərtəbəsindən yıxılmadan ucalmağı həyat idealına çevirsələr, dünyadakı balans düzələr.Əslində nə qədər beynəlxalq maraqlardan danışılsa da,hər gün dünya adamlarının təsəvvür,xəyal,baxış və müşahidə aləmini işğal edən Suriya xarabazarlıqları birinci növbədə insanlıq böhranının nəticəsidir.Əgər siyasi paytaxtlar öz qarşılarında yer üzünün əşrəfi sayılan yüz milyonların kükrəyən selini görsəydilər,nəinki taxt-taclarını itirəcəklərinə,hətta həyatlarına olacaq təhlükələrə görə bəşəri fəlakətlərə belə asanlıqla qərar verməzdilər.
O üzdən,əziz dostlar xeyirxahlıq üçün və kindən-küdurətdən azad olmaq naminə təqvimin dəyişməsini mühüm bir fürsət kimi tanıyaraq, barış, yardım, paylaşım və iman yolunda addımlamağı heç nəyə qurban verməyin.Dünyanın ən yüklü adamı nifaqı,düşmənçiliyi və xəyanəti içərisində daşıyanlardır.Onlar cismən azadlıqda olsalar da,qəlblərini qəfəsə salanlardır.
Ona görə İsanın mövludu çarmıxa deyil,dünyanı xilasa aparan yolu tapmaq üçün qeyd olunur!Hər gün əslində yenidir,avtonomdur-nə dünənin davamı,nə də sabahın giriş qapısıdır.Bülə düşünənlər yaşanmamış illərini qum saatında əridib asanlıqla onu keçmişə-torpağa çevirməzlər.İsa peyğəmbərlə bərabər,dinindən asılı olmayaraq,yenidən doğulmaq imkanını Allah hamıya tanıyır.
O qapı hər kəs üçün açıqdır!
Mübarək bayramlara doğru!
Zahid ORUC,
Millət vəkili

Etikxeber.az

Read Previous

Həqiqi hərbi xidmətdə olan vətəndaşlara və əcnəbilərə bir günə arayış veriləcək

Read Next

Yanvarın 5-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir