Zakir Həsənovla ABŞ müdafiə katibinin köməkçisinin müavini nədən danışdılar?

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 31-də Azərbaycanda səfərdə olan ABŞ-ın Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini cənab Maykl Karpenterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, regiondakı hərbi-siyasi vəziyyət barədə qonağa məlumat verən müdafiə naziri Ermənistanın Cənubi Qafqazda sabitliyə təhlükə yaratdığını, beynəlxalq hüquq norma və prinsiplərə məhəl qoymadan Azərbaycan torpaqlarını işğal altında saxladığını və vasitəçilərin səylərinə baxmayaraq qoşunların qarşıdurma xəttində təxribatlar törətməklə vəziyyəti gərginləşdirdiyini xüsusi qeyd edib.

Nazir eyni zamanda Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq proqramları, o cümlədən NATO çərçivəsində Azərbaycan Silahlı Qüvvələri ilə alyansa üzv olan və tərəfdaş dövlətlər arasında qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi, Əfqanıstanda həyata keçirilən qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışıb.

Öz növbəsində M.Karpenter ABŞ hökumətinin Azərbaycanla təhlükəsizlik və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlı olduğunu, bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyinə əminliyini bildirib. Azərbaycan Ordusunun döyüş hazırlığına yüksək qiymət verən qonaq şəxsi heyətin müasir və yeni silahlarla təchiz edildiyini, istənilən təhdidə çevik cavab vermək imkanına malik olduğunu xüsusi qeyd edib.

Qarşılıqlı maraq doğuran görüşdə ölkələrimiz arasında ikitərəfli hərbi əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq, hərbi təhsil və tibb hazırlığı məsələləri də müzakirə olunub.

Etikxeber.az

Read Previous

Nazir müavini: Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə 823 medal qazanılıb

Read Next

Xristian siyasətçi Livanda iki ildən çox boş qalmış prezident postuna seçilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir