“Zirə” və “İnter” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə yüksəldi- FOTO

UEFA Avropa Liqasında debüt edən Bakının “Zirə” futbol klubu ikinci təsnifat mərhələsinə adlayıb.

Etikxeber.az xəbər verir ki, iyulun 6-da “Zirə” Lüksemburqdakı “Municipial de Differdange” stadionunda yerli “Differdange” klubunun qonağı olub.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsi meydan sahiblərinin minimal üstünlüyü ilə yekunlaşıb. Görüşün 11-ci dəqiqəsində David Vandenbrok komandasını hesabda önə çıxarıb.

İkinci hissədə Bakı təmsilçisi daha inamlı təsir bağışlayıb. Belə ki, görüşün 64-cü dəqiqəsində David Manqa, dörd dəqiqə sonra isə Riçard Qadze fərqləniblər.

Oyunun qalan dəqiqələrində hər iki komandanın təhlükəli zərbələri olsa da, futbolçular fərqlənə bilməyiblər.

Beləliklə, görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında bir həftə əvvəl Bakıda təşkil olunan matç da komandamızın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. İki görüşün nəticəsinə görə, “Zirə” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə adlayıb.

***

Bakının “İnter” futbol klubu da UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.

Bakı təmsilçisi iyulun 6-da turnirin birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Dalğa Arena”da Serbiyanın “Mladost” komandasını qəbul edib.

Görüşü fəal başlayan “İnter” matçın 23-cü dəqiqəsində istəyinə nail olub. Denis Silvanın qolu ilə rəqib komanda meydanın mərkəzinə dəvət olunub. Bu, Denis Silvanın avrokuboklarda üçüncü qolu olub. Belə ki, braziliyalı futbolçu 2014-cü ildə Bakının “Neftçi” klubunun heyətində Serbiyanın digər klubu “Partizan” ilə oyunda dubl edib.

Bakı təmsilçisi rəqib qapısı qarşısında bir neçə təhlükəli məqam yaratsa da, zərbələr qolla nəticələnməyib. Birinci hissəyə əlavə olunmuş vaxtda “Mladost”un futbolçusu Aleksandar Peyoviç kobud oyuna görə, ikinci sarı vərəqə aldığı üçün oyundan kənaraşdırılıb və Serbiya təmsilçisi azlıqda qalıb. Görüşün ilk hissəsi “İnter”in minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

İkinci hissə də “İnter”in üstünlüyü şəraitində keçib. Görüşün 74-cü dəqiqəsində Pərdis Fərcad Azadın ötürməsini qolla tamamlayan Nizami Hacıyev “İnter” azarkeşlərini sevindirib.

Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək tabloda rəqəmlər dəyişməyib.

Beləliklə, görüş “İnter”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında bir həftə əvvəl Serbiyada keçirilən ilk oyunda da “İnter” qalib gəlib – 3:0. İki görüşün nəticəsinə görə, “İnter” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib. Komandamızın növbəti rəqibi Lüksemburq təmsilçisi “Fola” olacaq.

Etikxeber.az

Read Previous

“Onların min illik insan tələbatını ödəyəcəyi nəzərdə tutulur…”- ƏFLATUN AMAŞOV – FOTO

Read Next

Avroparlament, “Avronest” və Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi cəbhədəki gərginliyə dair bəyanat yaydı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir