Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Neftçala rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ali-hərbi təhsilli, peşəkar hərbçi, Xüsusi Təyinatlı, Baş leytenant, ailənin iki oğlan övladından biri, subay, “Azərbaycan Bayrağı” ordenli Xəyyam Əli oğlu Əzizovun Anım Günüdür.
Bu gün-11 noyabr 2024-cü il tarixində Xəyyam Əzizovun Əbədiyyətə uğurlanmasından dörd il ötür.
Etikxeber.az xəbər verir ki, Xəyyam Əzizov 8 noyabr 1995-ci il tarixində Neftçala rayonunun Qoltuq kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailədə iki övlad, iki qardaş olublar.
Qardaşı hazırda ailəlidir.
2002-ci ildə Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya təlimli İnternat tipli gimnaziya məktəbinin 1-ci sinfinə daxil olub və 2006-cı ildə ibtidai sinfini başa vurduqdan sonra Neftçala şəhər Humanitar Təmayüllü Muğan liseyində təhsilini davam etdirib.
2010-cu ildə 8-ci sinfi başa vuraraq, Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsilini davam etdirib və 2013-cü ildə liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub.
2017-ci ildə həmin məktəbi bitirib və ona Leytenant hərbi rütbəsi verilib.
Eyni zamanda, Xəyyam öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kursunu keçərək zabit kimi xidmətinə davam edib.
Həmçinin, xidməti dövründə bir neçə xarici ölkədə dağçılıq, xizəkçilik və paraşütçülük kurslarını yüksək göstəricilərlə başa vurub.
2020-ci ildə isə Xəyyama Baş leytenant hərbi rütbəsi verilib və həmin il Rusiyanın Moskva şəhərində keçirilən qələbə paradında Azərbaycanı təmsil edib.
2020-ci ilin sentyabr ayının 27-də isə İkinci Vətən Müharibəsinə qatılıb və şərəfli döyüş yolu 42 gün çəkib.
Cəbrayılın, Füzulinin, Xocavəndin, Hadrut qəsəbəsinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Hətta döyüş tapşırığının yerinə yetirilməsi zamanı ayağından ağır yaralanmasına baxmayaraq, döyüş bölgəsindən təxliyə edilməsinə razı olmayıb, sona kimi mübarizəni davam etdirib.
Noyabr ayının 8-də, 25 yaşının tamam olduğu və Şuşa şəhəri işğaldan azad edildiyi gün isə Şuşada qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Nəşi 11 noyabr tarixində Neftçala rayon mərkəzi qəbirstanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən öncə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, Şəhidliyindən sonra isə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Məkanı cənnətlik olsun!
Nur içində uyusun!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az