“Əfv Sərəncamı dövlət başçısı və xalq arasında birbaşa kommunikasiyanın ali səviyyədə mövcudluğunu bir daha nümayiş etdirmiş oldu”-BƏHRUZ MƏHƏRRƏMOV

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli Sərəncamı əhəmiyyəti və əhatə dairəsi baxımından müstəqillik tariximizdə ikinci böyük əfv aktıdır. Məlumdur ki, cinayət hüququna əsasən, əfvetmə fərdi qaydada məhkum olunmuş şəxsin cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi, təyin olunmuş cəzanın müddətinin azaldılması və ya şəxsin cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsini nəzərdə tutmaqla, Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Bu Əfv Sərəncamı Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı 36-cı əfv aktı olmaqla, 625 vətəndaşın həyatında ikinci şans oldu. Ümumilikdə isə dövlətimizin başçısının humanist niyyətindən bu günə qədər bütövlükdə, 5800-dən artıq vətəndaş yararlanıb.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, bu, Prezident İlham Əliyevin humanistliyi ilə yanaşı, həm də onun insan amilinə verdiyi yüksək önəmin göstəricisidir. Bundan əvvəl dövlət başçısı mərhələli qaydada cinayət qanunvericiliyində dekriminallaşdırma prosesinə start vermiş və nəticədə altı mindən artıq məhkum bu fürsətdən yararlana bilib:

“Tam əminliklə demək olar ki, bu, Avropa hüquq məkanında ən yaxşı göstəricilərdən biridir.Sərəncamda da deyildiyi kimi, dövlət başçısı məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, bu hüquqi aktı qəbul etmiş və fəaliyyətinin bütün mərhələlərində humanizm prinsiplərinə əsaslandığını nümayiş etdirib. Əslində, bu humanist yanaşma son 18 ildə nə Azərbaycan, nə də qitə hüquq məkanı ilk deyil və Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə insan amilini bütün digər meyarlardan üstün tutduğunu bəyan edib.

2020-ci il ərzində neftin sürətlə ucuzlaşması, COVID-19 və pandemiyadan doğan iqtisadi böhrana, müharibə şəraitinin mövcudluğuna, dövlətin qlobal böhranın təsiri ilə iqtisadi yüklənməsinə baxmayaraq, dövlət başçısı insan amilinə üstünlük verərək heç bir sosial tədbiri təxirə salmadı. Əksinə, bu dövr ərzində Azərbaycanın sosial dövlət mahiyyəti daha çox önə çıxdı. Bundan başqa, Prezident İlham Əliyevin Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri müəyyən edərkən, beş hədəfin beşində də mərkəzi xətt kimi insan amilini irəli çəkdi. Bu mənada Prezident İlham Əliyevin Əfv Sərəncamı humanist siyasətin inikası olmaqla, insan amilinə verdiyi önəmin göstəricisidir”.

Deputat vurğulayıb ki, Əfv Sərəncamının digər mühüm xüsusiyyəti onun dar və geniş mənada zamanlaması ilə bağlıdır:

“Dar mənada əfv prosesin Novruz ərəfəsində reallaşdırılması, bayramda ən azı 625 ailəyə və yüzlərlə insana sevinc bəxş etməsi ilə bağlıdır. Geniş mənada isə post müharibə dövründə şəxslərin cəmiyyətə inteqrasiyası, həmçinin onlara başlanmış ümummilli və tarixi əhəmiyyətli böyük qayıdış, quruculuq və abadlıq prosesində bir vətəndaş kimi şərəflə iştirak etmək şansının verilməsi baxımdan çox mühüm məna daşıyır. Bu mənada, əfv Sərəncamının hüquqi nəticələrinin məzmunca 90 faizdən artığının məhkumun azadlığa qovuşması ilə bağlı olmasının əhəmiyyəti xüsusi vurğulanmalıdır. Həmçinin əfv prosesi cəmiyyətdə onsuz da mövcud olan barış, milli həmrəylik və dialoq mühitinin daha da möhkəmləndirilməsinə xidmət edəcək”.

B. Məhərrəmov həmçinin deyib ki, müxtəlif yerli və xarici təsisatların dəfələrlə keçirdiyi rəy sorğularına əsasən, Azərbaycanda Prezident-xalq münasibətlərinin, dövlət başçısına inam və etimadın səviyyəsi həmişə yüksək olub:

“Bu mənada Sərəncamın digər mühüm xüsusiyyəti dövlət başçısı və xalq arasında ünsiyyətin hazırkı səviyyəsinə prizmasından çox maraqlıdır. Bilirsiniz ki, əfv prosesi məhkum olunmuş şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq realizə edilir. Bu anlamda, Sərəncam dövlət başçısı və xalq arasında birbaşa kommunikasiyanın ali səviyyədə mövcudluğu, dövlət başçısının vətəndaş müraciətlərinə xüsusi həssaslığını bir daha nümayiş etdirmiş oldu”(AZƏRTAC).

Etikxeber.az

Read Previous

“Tək millət, tək ürək” Humanitar Platforması çərçivəsində Xaçmazda şəhid və qazi ailələrinə-SOVQATLAR PAYLANILDI – FOTOLAR

Read Next

Bayden təyyarənin nərdivanına qalxarkən-BÜDRƏDİ – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir