Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili, yazıçı-publisist Aqil Abbas musiqi məktəblərinə şagird qəbulunun azaldılması ilə bağlı verilən tapşırığa sərt reaksiya göstərib.
Etikxeber.az xəbər verir ki, A. Abbas Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il yaz sessiyası ilə bağlı parlamentin Mədəniyyət komitəsinin yanvarın 18-də iclasında xatırladıb ki, bu ilin büdcəsində mədəniyyət sahəsinə ayrılan vəsait 3 milyon artırılıb.
“Amma biz bunun nəticəsini görmürük. Bu il musiqi məktəblərinə 50 faiz şagird qəbulunun azaldılması məsələsini irəli sürüblər. Biz onda bu pulu necə artırmışıq? Əgər 50 faiz şagird azaldılırsa, deməli, o zaman 50 faiz müəllim də getdi işinin dalınca. Bizim musiqiyə bu qədər diqqət yetirilir, dünyada təbliğ edilir. Dünyanın ən möhtəşəm salonlarında çıxış edirik. Bəs azaldılırsa sabah o musiqini kim çalacaq? Axı oxuyanların da hamısı Alim Qasımov olmur ki? Bunun içindən də istedadlar seçilir. Əksinə, musiqi məktəblərində tələbənin sayını artırmaq lazımdır. Çünki rayonlarda musiqi məktəbinə düşmək üçün qırğın gedir”-deyə, millət vəkili qeyd edib.
Adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov isə ilk öncə 3 milyon məsələsinə toxunaraq, bunu büdcə müzakirələri zaman səsləndirilmiş fikirlərin, aparılmış müzakirələrin müsbət nəticəsi, həmçinin, komitənin uğuru kimi dəyərləndirib:
“Biz demirik ki, bu vəsait arzuladığımız işlərin görülməsinə bəs edəcək. Ancaq bununla belə, büdcədə digər sahələrdən fərqli olaraq, mədəniyyət sahəsinə ayrılan vəsaitin 3 milyon artırılması bu sahədə mövcud olan, həllini istədiyimiz bəzi məsələlərin müsbət istiqamətdə çözümünə gətirib çıxara bilər və çıxaracaq. Eyni zamanda, deputat həmkarımın da fikirlərini, etirazını haqlı sayıram. Çünki elə sahələr var ki, onlar gözləyə bilər, onlara bir müddət pul ayrılmasa da, ciddi fəsadlara səbəb olmaz. Amma mədəniyyət elə bir sahədir ki, orada yaranan ani boşluq illərlə doldurula bilməz. Bu baxımdan, biz də bu məsələnin müsbət həlli bağlı müvafiq instansiyalarla müzakirələr aparacaq və verilən tapşırığın aradan qaldırlmasına çalışacağıq”.
Etikxeber.az