“Əgər hansısa dövlət “sülhməramlı” adı ilə öz hərbi birləşmələrini Dağlıq Qarabağa göndərmək istəyirsə, bu, qəbulolunmazdır…”-FATMA YILDIRIM

Son günlərdə Dağlıq Qarabağ regionunda beynəlxalq sülhməramlıların yerləşdirilməsi məsələsi gündəmdə müzakirə mövzusudur. Bununla bağlı dövlətimizin başçısı İlham Əliyev öz mövqeyini ifadə edərək bildirib ki, bizim icazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını torpaqlarımıza göndərə bilməz.

Bu fikirləri Etikxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

F. Yıldırım qeyd edib ki, beynəlxalq sülhməramlıların regionda yerləşdirilməsi ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həyata keçirilən nizamlama prosesində də öz əksini tapır. Belə ki, Madrid prinsiplərinə əsasən erməni tərəfi işğal etdiyi torpaqlarımızdan çıxmalı, məcburi köçkünlər öz torpaqlarına qayıtmalı, sonra iki ölkə arasında  kommunikasiya bərpa edilməlidir. Bu mərhələdən sonra beynəlxalq sülhməramlıların bölgədə yerləşdirilməsi gündəmə gələ bilər. 

Millət vəkili xatırladıb ki, hələ 1994-cü ildə keçirilmiş ATƏT-in Budapeşt sammitində Azərbaycanın Dağlıq Qarabağ regionunda sülhməramlıların yerləşdirilməsi məsələsi gündəmə gəlib. Amma həmin sammitdə qərara alınıb ki, sülhməramlılar neytral ölkələri təmsil etməlidir.

“Bununla da aydın olur ki, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin sülhməramlılarının Dağlıq Qarabağa göndərilməsi nəzərdə tutulmur. İndiki hərbi əməliyyatların getdiyi şəraitdə əgər hansısa dövlət  “sülhməramlı” adı ilə öz hərbi birləşmələrini Dağlıq Qarabağa göndərmək istəyirsə, bu, qəbulolunmazdır. Cənab Prezident “Haber Türk” televiziya kanalına müsahibəsi zamanı bu məsələ ilə bağlı öz mövqeyini birmənalı şəkildə ifadə edib. Beləliklə, Azərbaycanın razılığı olmadan, heç bir ölkə bu addımı ata bilməz. Hesab edirəm ki, Ermənistanın öz məğlubiyyətini etiraf etməyə çox vaxt qalmayıb. Belə olan halda isə bəlkə də, münaqişənin danışıqlar yolu ilə nizamlanması mərhələsində beynəlxalq sülhməramlıların bölgədə yerləşdirilməsinə ehtiyac qalmayacaq. Çünki Azərbaycan dövləti milliyyətindən asılı olmayaraq özünün bütün  vətəndaşlarının təhlükəsizliyini tam təmin etməyə qadirdir. Çoxmillətli ölkə kimi Azərbaycanın bu istiqamətdə böyük təcrübəsi var”-deyə, deputat vurğulayıb.

Etikxeber.az

Read Previous

Erməni vandalları Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutdu-4 NƏFƏR HƏLAK OLDU, 5 NƏFƏR YARALANDI – YENİLƏNİB – (3)

Read Next

“Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Bizim orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər…”- İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün Dmitri Kiselyova-MÜSAHİBƏ VERDİ – YENİLƏNİB – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir