“Əli Kərim yaradıcılığı, şeiriyyatı ölümə ölüm deməkdir”-MM-İN MƏDƏNİYYƏT KOMİTƏSİNİN SƏDRİ – FOTOLAR – YENİLƏNİB

Bu gün-axşam saatlarında Beynəlxalq Muğam Mərkəzində görkəmli şair Əli Kərimin Azərbaycan, Türkiyə türkcəsində və rus dilində işıq üzü görmüş kitablarının təqdimatı və xatirə gecəsi keçirilib.

Tədbir Milli Məclisin (MM) Mədəniyyət komitəsi və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Tədbirdə MM-in Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayeva, Əli Kərimin ailə üzvləri, millət vəkili Müşfiq Məmmədov, Mətbuat Şurasının İdarə Heyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, tanınmış söz və sənət adamları, ziyalılar, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Başqırdıstandan olan qonaqlar və digər şəxslər iştirak ediblər.

Etikxeber.az-ın xəbərinə görə, tədbirdə öncə Şəhidlərin və Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra tədbiri giriş sözü ilə açan şair-publisit Əkbər Qoşalı bildirib ki, bu gün Azərbaycan poeziyasının parlaq, sönməyən ulduzlarından olan Əli Kərimin işığına yığışmışıq.

MM-in Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə çıxışında bildirib ki, Əli Kərim haqqında heç cür keçmiş zamanda danışmaq mümkün deyil.

“Səhv etmirəmsə, Əli Kərim 54 il öncə dünyasını dəyişib. Amma onun haqqında heç cür keçmiş zamanda danışmaq mümkün deyil. Rəhmətlik böyük şairimiz Rəsul Rza da deyirdi ki, Əli Kərim haqqında keçmiş zamanda danışmaq mümkün olmur. Yenə də səhv etmirəmsə, Ramiz Rövşən demişdir ki, Əli Kərim son 50 ildə Azərbaycan ədəbiyyatının ən böyük itkisidir. Bəli, Əli Kərim son 50 ildə Azərbaycan ədəbiyyatının ən böyük itkilərindən biridir. Əli Kərim bizim uşaqlığımızın, yeniyetməliyimizin, gəncliyimizin ən sevimli şairlərindən olub. Hər zaman sevilib, oxunub və bu gün də belədir. Əli Kərim cəmi 38 il yaşadı, amma o bəlkə də ölümündən sonra daha çox yaşadı, oxundu, heç zaman köhnəlmədi. Əli Kərimin “Ölüm sevinməsin çox” adlı şeiri var və bu şeir əslində Əli Kərimin ölümə ölümüdür, ölümə meydan oxumasıdır”-deyə, Q. Paşayeva sözlərinə əlavə edib.

AYB-nin katibi Rəşad Məcid çıxışında bildirib ki, Əli Kərim təkcə gözəl sevgi, ana şeirlərinin müəllifi deyil, həm də ata, atalar haqqında ən gözəl şeirin müəllifidir.

O, tədbirdə Əli Kərimin ata haqqında şeirini də səsləndirib.

Tanınmış sənətçilər-bədii qiraətçilər Nadir Hüseynov Ağalar Bayramov şairin şeirlərini ifa ediblər və onların ifaları gur alqışlarla qarşılanıb.

Tədbirdə eyni zamanda, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, tanınmış tənqidçi Vaqif Yusifli,  Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu, şairin oğlu Paşa Əlioğlu çıxış ediblər.

Tədbirdə həmçinin, tanınmış sənətkar, Əməkdar artist Nuriyyə Hüseynova çıxış edib, Əli Kərimin sözlərinə yazılmış mahnılardan birini ifa edib və gecəyə öz bənzərsiz ifası ilə xüsusi rəng qatıb.

Tədbir-xatirə gecəsi iki saata yaxın davm edib.

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Aİ Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı-BAŞSAĞLIĞI VERDİ

Read Next

“Biz Azərbaycan Prezidenti İlham Əliyevin bu qəbuledilməz zorakılığın təcili araşdırılması ilə bağlı çağırışını dəstəkləyirik”-ABŞ DÖVLƏT DEPARTAMENTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir