Əli Məsimli və Bəhruz Məhərrəmovdan-ŞƏHİD ADLARININ ƏBƏDİLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI ÖNƏMLİ TƏKLİFLƏR

Qanunvericilikdə şəhid adının əbədiləşdirilməsi ilə bağlı tələblərə yenidən baxılmalıdır.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, şəhid ailələrini ən çox narahat edən məsələ övladının adının əbədiləşdirilməsi ilə bağlıdır:

“Elə kənd-məsələn, Suçma kəndi- var ki, onun sadəcə bir şəhidi var. Ancaq həmin şəhidin adı nə məktəbə, nə də küçələrə verilə bilir. Çünki qanunvericilikdə qoyulan tələblərlə bunu etmək olmur”.

Millət vəkilinin fikirləri digər deputat Bəhruz Məhərrəmov tərəfindən dəstəklənib.

O, qeyd edib ki, Şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı mövcud qanunvericiliyə, təlimatlara, qərarlara dəyişiklik edilməlidir.

“Nazirlər Kabinetinin 1994-cü ildəki qərarına əsasən Şəhid alarının məktəblərə, başqa yerlərə verilməsi üçün ən azı həmin Şəhidin iki ordeni olmalıdır. Məsələn, Biləsuvarda hər kənddə ən azı 3-4 Şəhid var, o cümlədən, Vətən Müharibəsi Şəhidləri. Ancaq onların çoxunun iki ordeni olmadığı üçün adları əbədiləşdirilə, hansısa məktəbə verilə bilmir. Ona görə bu məsələyə yenidən qayıdılmalıdır”-deyə, o, əlavə edib.

11:48

***

B. Məhərrəmovun çıxışının Şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı hissəsini olduğu kimi, təqdim edirik:

“Şəhid ailələri və qazilərlə iş dövlət siyasətinin prioritetlərindəndir və bu mənada düşünürəm ki, Vətən müharibəsinin yaratdığı yeni reallıq fonunda şəhid adının əbədiləşdirilməsi istiqamətində mövcud hüquqi bazanın təkmilləşdirilməsinə baxmalıyıq. 1993-cü ildə qəbul edilmiş aidiyyatı Qanuna əsasən, şəhid adı küçə, meydan, müəssisə, məktəb və. s. verilə bilər. Nazirlər Kabinetinin 1994-cü il 10 saylı qərarında isə qeyd edilir ki, (3.1.2. ) bu cür əbədiləşdirmə üçün şəhid ya Milli Qəhrəmanı olmalıdır, ya da vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunmalıdır. Mən indi təmsil etdiyim Biləsuvarın misalında deyim, orta hesabla bizim hər kəndimizdə 3-4 şəhid var, indi mövcud isə qaydalar 2 ordeni olmadığına görə şəhidin adının öz vaxtıilə yaşadığı küçədə, yaxud kəndində əbədiləşdirilməsinə icazə vermir. Bu da haqlı gileylərə səbəb olur. Bilirsiz, şəhidin adını adsız küçələrdən birinə verməklə şəhid ailəsinin də könlü xoş olar, gənc nəsil üçün bir dərs olar, şəhidin adını yaşadar”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Qələbəmizi sürətlə xərcləmək, əsrlərə yetəcək Zəfərimizi gündəlik hüquq, sosial probelmlər, idarəetmə qayğıları içərisində əritmək olmaz…”-ZAHİD ORUC YENƏ SƏRT DANIŞDI

Read Next

“Çıxışlar ortada, fəaliyyət ortada, cinayət təqibi üçün əsas var, səbəb var, mən bir daha üzümü aidiyyatı qurumlara tutaraq, reaksiya xahiş edirəm…”-BƏHRUZ MƏHƏRRƏMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir