Əliyev: Bu, Azərbaycan-ABŞ və Azərbaycan-NATO əməkdaşlığının əhəmiyyətli hissəsidir – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Etikxeber.az məlumat verir ki, bu barədə AZƏRTAC xəbər yayıb.

***

Dövlət başçısı ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyunun Azərbaycana səfərinin ölkələrimiz arasında müdafiə sahəsində, xüsusilə nəqliyyat komandanlığı ilə yaxşı tarixə malik əməkdaşlığın möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev ABŞ-ın nəqliyyat komandanlığı ilə sıx təmasların və əməkdaşlıq əlaqələrinin olduğunu qeyd etdi, general Darren MakDyunun səfəri zamanı görülmüş işlərin nəzərdən keçirilməsinin və gələcək planların müzakirəsinin əhəmiyyətini vurğuladı. Dövlət başçısı Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində etibarlı tərəfdaş olduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin Əfqanıstanda sülhyaratma missiyasında ilk iştirak edənlərdən olduqlarını və 15 ildir orada fəaliyyət göstərdiklərini vurğulayaraq bunun Azərbaycan-ABŞ və Azərbaycan-NATO əməkdaşlığının əhəmiyyətli hissəsi olduğunu dedi. Əfqanıstana həsr olunan NATO Sammitində iştirakına toxunan dövlət başçısı bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğuladı. Prezident İlham Əliyev son illərdə Azərbaycan ilə Əfqanıstan arasında çox uğurlu əməkdaşlıq həyata keçirildiyini qeyd edərək Əfqanıstan Prezidentinin iki dəfə ölkəmizə səfər etdiyini, onunla görüşlər keçirdiyini və ölkələrimiz arasında çox yaxşı işgüzar əlaqələrin qurulduğunu bildirdi.

ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyu Azərbaycanın strateji baxımdan çox əhəmiyyətli bir ölkə olduğunu qeyd etdi. O, güclü əməkdaşlıq əlaqələrinə görə Prezident İlham Əliyevə minnətdarlıq edərək bunun təkcə öz ölkəsi üçün deyil, Əfqanıstana dəstək verən bütün ölkələr üçün mühüm əhəmiyyət daşıdığını dedi. General Darren MakDyu Əfqanıstana Qətiyyətli Dəstək Missiyasının komandanının Prezident İlham Əliyevə Azərbaycan hərbçilərinin Əfqanıstanda iştirakına və eləcə də hərbçilərimizin peşəkar xidmət göstərdiklərinə görə təşəkkürünü çatdırdı.

Etikxeber.az

Read Previous

Tanınmış bəstəkar Nazim Əliverdibəyovun xatirəsi anılacaq

Read Next

Çin klubu Messi ilə maraqlanır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir