Nassir Abdulaziz Al-Nasser: “Dünya çətin bir dövrü yaşayır” – FOTOLAR – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul etdi.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi qeyd edildi.

Nassir Abdulaziz Al-Nasser dedi: “BMT Sizin liderliyinizi yüksək qiymətləndirir. Bu liderlik özünü xüsusilə mədəniyyət, dinlərarası dialoqda və qarşılıqlı anlaşmada göstərir. Bu, çox önəmli məsələdir. Dünya çətin bir dövrü yaşayır. Biz digər ölkələrlə müqayisədə Azərbaycana baxanda burada Sizin rəhbərliyinizlə sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğunu görürük. Dünyada Sizin kimi liderlərə böyük ehtiyac var, biz bunu yüksək qiymətləndiririk”.

Dövlət başçısı xoş sözlərə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Nassir Abdulaziz Al-Nasserin dünyada sivilizasiyalararası dialoqun inkişafı və möhkəmləndirilməsi işinə böyük töhfə verdiyini vurğuladı, ötən il Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, həmçinin IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində onun rolunu və verdiyi dəstəyi yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirdi.

***

ilya-ices

İ. Əliyev mayın 4-də həmçinin, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul etdi.

Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd edildi, ISESCO-nun ilk gündən Forumun təsisçisi və fəal iştirakçısı olduğu, Forumun keçirilməsinə böyük dəstək verdiyi bildirildi.

Söhbət zamanı Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoqa verdiyi töhfənin önəmi vurğulandı, ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin müsəlman ölkələrinin bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyi qeyd olundu.

Görüşdə, həmçinin Azərbaycan ilə ISESCO arasında uzun illər səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, ISESCO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsi yüksək qiymətləndirildi, əməkdaşlığımızın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.

Baş direktor Əbdüləziz bin Osman əl-Tuveycri ISESCO tərəfindən həyata keçirilən işlər və nəzərdə tutulan planlar barədə Prezident İlham Əliyevə məlumat verdi.

Etikxeber.az

Read Previous

Norveç–Azərbaycan qarşılaşması Oslo şəhərindəki Ullevaal stadionunda keçiriləcək

Read Next

“Asmaqla, kəsməklə…” – Kılıcdaroğlu-Baykal-İncə gərginliyi davam edir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir