“Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir” – ƏLİYEV- FOTOLAR – YENİLƏNİB

Fevralın 23-də Bakıda, Heydər Əliyev Mərkəzində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir.

Tədbirdə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç iştirak edirlər.

***

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında çıxış edən Prezident İlham Əliyev tədbirdə müxtəlif ölkələrdən mötəbər qonaqların iştirak etdiyini deyərək Azərbaycanın Avropa Komissiyası ilə bu mühüm layihənin həyata keçirilməsində sıx əməkdaşlıq qurduğunu bildirdi. “Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik”- deyən dövlət başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının gələcək əlaqələr üçün də çox vacib amil olduğunu diqqətə çatdırdı.

Azərbaycanın enerji siyasətinin tarixindən danışan Prezident İlham Əliyev 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin gələcək enerji layihələrinin həyata keçirilməsindəki əhəmiyyətli rolundan bəhs etdi, müasir Azərbaycanın nailiyyətlərinin bunun sayəsində mümkün olduğunu bildirdi. Cənub Qaz Dəhlizinin icrasında “Şahdəniz” qaz yatağının əhəmiyyətini vurğulayan, bu yatağın verdiyi imkanların Azərbaycanın özünü nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanıtmasında mühüm rol oynadığını deyən dövlətimizin başçısı çıxışında layihə üzrə regional əməkdaşlığın əhəmiyyətli olduğunu qeyd etdi, uzun illər ərzində Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən icra olunan enerji dəhlizlərini buna misal çəkdi.

Cənub Qaz Dəhlizinin həyata keçirilməsində bir neçə il öncə Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinin icrasına dair imzalanan sazişin, həmçinin Transadriatik boru kəməri layihəsinin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bu cür toplantıların layihənin vaxtında və keyfiyyətlə yerinə yetirilməsində xüsusi rol oynadığını diqqətə çatdırdı. Ötənilki görüşdən sonra bir çox irəliləyişlərin olduğunu, “Şahdəniz-2” layihəsinin 90 faiz səviyyəsində həyata keçirildiyini, TANAP və TAP layihələrində də mühüm uğurların müşahidə edildiyini deyən Prezident İlham Əliyev Azərbaycanın “Abşeron” qaz yatağının işlənilməsinə başladığını, bunun da ölkəmizin qaz potensialının yalnız “Şahdəniz”lə məhdudlaşmadığını göstərdiyini dedi.

XXI əsrin layihəsi olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində beynəlxalq maliyyə qurumlarının fəaliyyətini vurğulayan dövlətimizin başçısı Avropa maliyyə təşkilatlarının da layihənin icrasında yaxından iştirak etməsinin əhəmiyyətli olacağını bildirdi. “Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir və enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyidir” – deyən Prezident İlham Əliyev bu sahədə mövcud beynəlxalq əməkdaşlığı qarşılıqlı etimadın nümunəsi adlandırdı, layihə çərçivəsində nəzərdə tutulan ekoloji məsələlərin yüksək standartlara əsaslandığını bildirdi və konfransın işinə uğurlar arzuladı.

Azərbaycanın energetika naziri Natiq Əliyev Prezident İlham Əliyevin təlimat və tövsiyələrinin “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında mühüm rol oynadığını, bu cür toplantıların layihə üzrə həll variantlarını tapmağa imkan verdiyini dedi.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Prezident İlham Əliyevə Azərbaycanın üçüncü dəfə bu toplantıya ev sahibi etdiyinə görə minnətdarlığını bildirdi, ötənilki görüşdən sonra layihə üzrə böyük irəliləyişlərin olduğunu dedi. Maroş Şevçoviç Prezident İlham Əliyevin Brüsselə son səfərinin əhəmiyyətli olduğunu, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı nəzərdə tutan çərçivə sazişinin imzalandığını, enerji təhlükəsizliyi ilə bağlı səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırdı. “Cənub Qaz Dəhlizi” layihəsi Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır və onun Avropa üçün nə dərəcədə vacib olduğunu hamımız anlayırıq”, – deyən Maroş Şevçoviç də qitənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan bu layihəyə Avropa maliyyə təşkilatlarının da diqqət göstərməsinin vacibliyini vurğuladı, layihənin vaxtında icra olunacağına əminliyini ifadə etdi.

neft-1

neft-2

neft-5

Etikxeber.az

Read Previous

ATƏT PA-nın 16-cı qış sessiyası başladı, Muradova isə sessiyaya qatılmadı – FOTOLAR

Read Next

Lerik rayonunda qar uçqunu baş verdi, bir ailənin 4 üzvü öldü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir