Əliyev: “Millətlər və dinlər arası dialoqun inkişaf etdirilməsi üçün çox böyük işlər görülür”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Uruqvay Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı V Bakı Beynəlxalq Humanitar Forumunda Uruqvay Respublikasının yüksək səviyyədə təmsil olunmasının önəmini vurğuladı. Prezident İlham Əliyev Forumda müzakirə ediləcək məsələlərin bütün ölkələr üçün əhəmiyyətli olacağını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda millətlər və dinlər arası dialoqun inkişaf etdirilməsi üçün çox böyük işlərin görüldüyünü dedi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunan Prezident İlham Əliyev münasibətlərimizin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Azərbaycan ilə Uruqvayın o qədər də yaxın olmayan bölgələrdə yerləşməsinə baxmayaraq əməkdaşlığımızın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, səfərin Uruqvay nümayəndə heyətinin ölkəmizlə yaxından tanış olması üçün də yaxşı fürsət yaradacağına əminliyini söylədi.

Uruqvay Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilya Uruqvay Prezidenti Tabare Vaskesin salamlarını dövlətimizin başçısına çatdırdı. O, V Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinin əhəmiyyətini vurğuladı. Xerardo Amarilya ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyini dedi. Uruqvaylı qonaq ölkəsinin növbəti aylarda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayacağını da diqqətə çatdırdı.

Dövlət başçısı Uruqvay Respublikasının Prezidenti Tabare Vaskesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Uruqvay dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Etikxeber.az

Read Previous

“Cüdo TV” fəaliyyətə başlayıb

Read Next

Qadınların bir çoxu öz hüququnu bilmir-Hicran Hüseynova

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir