Əliyev NATO PA-nın sədrini və ATƏT-in baş katibini qəbul etdi – FOTOLAR- YENİLƏNİB – (2)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də NATO Parlament Assambleyasının sədri Paolo Allinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Etikxeber.az xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək NATO Parlament Assambleyasının iqtisadiyyat və təhlükəsizlik komitəsinin Bakıda keçirilən iclasının bu əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı.

***

Prezident İlham Əliyev özünün ötən il NATO-nun mənzil-qərargahına səfərini məmnunluqla xatırlayaraq NATO baş katibi ilə və eləcə də Şimali Atlantika Şurasında keçirilən görüşlərdə Azərbaycanın NATO-Azərbaycan əməkdaşlığı və regiondakı rolu barədə çox müsbət fikirlərin söylənildiyini qeyd etdi

. Azərbaycan–NATO əməkdaşlığının bir çox illərdir həyata keçirildiyini və müxtəlif sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin Qətiyyətli Dəstək Missiyasında iştirakının və orada hərbçilərimizin sayının artırılmasının NATO tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Dövlətimizin başçısı NATO Parlament Assambleyasının sədri Paolo Allinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-NATO və eləcə də Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

nato-ilya-1

NATO Parlament Assambleyasının sədri Paolo Alli Prezident İlham Əliyev ilə görüşündən məmnunluq hissi keçirdiyini qeyd edərək Azərbaycan Prezidenti ilə regional təhlükəsizlik və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmasında maraqlı olduqlarını bildirdi.

Paolo Alli, eyni zamanda, Azərbaycan-NATO əlaqələrinin inkişafında Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyasının rolunu vurğuladı.

***

 İlham Əliyev həmçinin, sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qremingeri qəbul etdi.

***

Tomas Qremingerin səfəri zamanı müzakirə ediləsi məsələlərin gündəliyinin geniş olduğunu deyən dövlət başçısı bildirdi ki, əsas məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır.

Bu baxımdan, Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.

Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.

Söhbət zamanı regional təhlükəsizlik, demokratik inkişaf, nəqliyyat, iqtisadi əməkdaşlıq ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

Yüksək nəticələr göstərmiş 102 tələbə Prezident təqaüdünə layiq görüldü – SƏRƏNCAM – SİYAHI

Read Next

Xedira “Yuventus” ilə yeni müqavilə imzaladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir