Əliyev Türkiyədə və “Star”-ın açılışında… – FOTOLAR – YENİLƏNİB – (3)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İzmir şəhərinin Adnan Menderes adına hava limanında dövlətimizin başçısını yüksək vəzifəli rəsmi şəxslər qarşılayıblar.

turkiya-ilya-2

turkiya-ilya

Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı türk əsgərlərini salamlayıb.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə “Dokuz Eylül” Universitetinin açılışında çıxışı zamanı Azərbaycanla münasibətlərə və Türkiyədə SOCAR-ın inşa etdiyi STAR zavodunun açılışına toxunub.

Çıxışında SOCAR-ın İzmirdə inşa etdiyi STAR neft emalı zavodunun açılışını Azərbaycan prezidenti İlham Əliyevlə birgə həyata keçirəcəklərini vurğulayan Ərdoğan 6,5 mlrd. dollar investisiya yatırılmış müəssisənin iki ölkə üçün xeyirli olmasını arzulayıb.

Zavodun Türkiyədə inşasında zəhməti keçənlərə təşəkkür edən Ərdoğan Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Türkiyə və Azərbaycan arasında əlaqələrin dünyada çox az ölkədə və cəmiyyətlərə nəsib olacaq səviyyədə qərar tutduğunu vurğulayan Ərdoğan bildirib:

“Allah birliyimizi, bərabərliyimizi, qardaşlığımızı daim eləsin. İnşallah, irəlidəki dövrdə siyasi, sosial və iqtisadi əlaqələrimizi daha da irəli aparacağıq”. 

STAR zavodunun bölgənin və dünyanın rifahına böyük töhfə verəcəyini qeyd edən Ərdoğan onu “bizim cari hesabımızın (ticarət balansı – red.) kəsirini 1,5 mlrd. dollar azaldacaq yatırım” adlandırıb.

***

Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edirlər.

Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxıblar.

Dövlət başçılarına “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.

Sonra xatirə şəkli çəkdirilib.

“Star” neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

***

Açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Fatih Dönməz, xəzinə və maliyyə naziri Berat Albayrak, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım çıxış ediblər.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.

Daha sonra dövlət başçıları zavodun açılışını ediblər.

star-2

star-3

star-5

star-6

Prezident İlham Əliyevin çıxışı- TAM MƏTN:

-Bu gün Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin tarixində çox gözəl və əlamətdar bir gündür. Biz “Star Rafineri”nin açılışına toplaşmışıq. Xatırlayıram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada “Star”ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır.

Mən yenidən qardaş Türkiyə torpağında olmağımdan çox məmnunam. Deməliyəm ki, bu il bu səfər mənim Türkiyəyə üçüncü səfərimdir. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bu il Azərbaycana iki dəfə səfər etmişdir. Bu səfərlərin sayı özlüyündə bir göstəricidir və onu göstərir ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu da təbiidir, çünki əsrlər boyu biz birlikdə yaşamışıq, bir yerdə olmuşuq. Tarixin bəzi məqamları bizi bir-birimizdən ayırıb, amma bu, müvəqqəti xarakter daşıyırdı. Biz yüz il bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə də birlikdə idik, bu gün də bir yerdəyik.

Mən qeyd etməliyəm ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla Bakıda ötən ay keçirilmiş möhtəşəm hərbi paradda iştirak etdik. Bu hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Bakının ən böyük meydanı olan Azadlıq meydanından şərəflə keçmişlər. 1918-ci ilin 15 sentyabrı tarixi bir gündür. Məhz o gündə Bakı şəhəri Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və yeni yaradılmış Azərbaycan Milli Ordusu tərəfindən işğaldan azad edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində Cümhuriyyət yaranmışdır. Ancaq Bakı, bizim qədim tarixi şəhərimiz işğal altında idi. Yeni yaradılmış hökumət Gəncə şəhərində fəaliyyət göstərirdi. Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Gəncədən Bakıya möhtəşəm yürüşü və hərbi zəfəri nəticəsində Bakı işğalçılardan azad edildi və öz sahibinə, Azərbaycan xalqına qaytarıldı. O gündən bir neçə gün sonra Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edilmişdir. Bu, unudulmaz tarixdir və yüz il o tarixdən sonra Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə Bakıda təşkil edilmiş möhtəşəm mərasim bizim birliyimizi bir daha göstərdi. Göstərdi ki, bizim birliyimiz sarsılmazdır, bizim birliyimiz əbədidir, yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də bir yerdəyik.

Onu da qeyd etməliyəm ki, dünən biz Azərbaycanda müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd etdik. Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə olmuşdur. Bu tarix çox şərəfli tarixdir. O gündən bu günə qədər biz daim bir yerdəyik. Siyasi əlaqələrimiz ən yüksək zirvəyə qalxmışdır. İqtisadi sahədə çox böyük işlər görmüşük. Həm Türkiyə, həm Azərbaycan iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdir. Fürsətdən istifadə edərək, qardaş türk xalqını əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş bütün uğurlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Türkiyə Prezident Ərdoğanın liderliyi sayəsində dünya miqyasında böyük gücə çevrildi. Türkiyə dünya miqyasında söz sahibidir. Bölgədə və dünyada Türkiyə ilə hesablaşırlar, Türkiyənin mövqeyi bir çox hallarda həlledici rol oynayır. Bu, bizi çox sevindirir. Çünki Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında qardaşlıq, həmrəylik nümunəsi göstərirlər. Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir. Məhz bu dostluq, qardaşlıq duyğuları əsasında biz nəhəng layihələri gerçəkləşdiririk.

“Star Rafineri”nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcəkdir. Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması – bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Burada artıq qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırmışıq. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq.

Bir sözlə, bu gün “Star Rafineri”nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük. Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək.

Mən bu fürsətdən istifadə edərək qardaş Türkiyə xalqına daim tərəqqi və rifah arzulayıram.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın  çıxışı – TAM MƏTN:

-Çıxışımın əvvəlində Azərbaycanı 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. Sovet İttifaqının dağılması ərəfəsində – 1991-ci il oktyabrın 18-də yenidən azadlığa qovuşan Azərbaycan dünəndən etibarən müstəqilliyinin 27-ci ilini geridə qoydu.

Əslində bugünkü Azərbaycan Türkiyə Respublikasının – bizim son dövlətimizin yaranması kimi qardaşlarımızın da ən gənc dövlətidir. Təxminən bir ay bundan əvvəl Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 100 illiyi tədbirləri ilə əlaqədar azərbaycanlı qardaşlarımızla bir yerdə idik. Bakıda şanlı Türkiyə və Azərbaycan ordularının hərbi paradını qardaşlarımızla birlikdə həyəcan və qürurla izlədik. Türkiyə hərbi birlikləri azərbaycanlı qardaşları ilə keçmişdə necə çiyin-çiyinə vuruşmuşdularsa, həmin gün də eləcə çiyin-çiyinə addımladılar. Bu parad iki ölkə arasında əməkdaşlığın, iki dövlət, bir millət olmağımızın göstəricisi idi.

Bu gün “Star” neft emalı zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk. Azərbaycan ilə əlaqələrimizi təkcə cəsarət, təkcə siyasət miqyasında deyil, güclü iqtisadi çərçivədə davam etdiririk. Bu müəssisə enerji sahəsində həmrəyliyimizi gücləndirmək üçün uzun müddət gördüyümüz işlərin ən mühüm və konkret örnəklərindən biridir. Daha əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələrini həyata keçirmişdik. Bu ilin iyununda hər biri xüsusi əhəmiyyətə malik bu strateji layihələrə regional və qlobal miqyasda nüfuza sahib olacaq TANAP-ı da əlavə etdik.

İndi açılışını etdiyimiz “Star” neft emalı zavodu ilə Azərbaycanla qardaşlıq əlaqələrimizin strateji miqyasını daha da gücləndirmiş oluruq. Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirdiyimiz hər bir layihə ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir. Dünyanın ticarət müharibələri və böhranlarla sarsıldığı bir dövrdə bir-bir açılışını etdiyimiz bu layihələrin ölkələrimizi həm ayrılıqda öz qayələrinə, həm də ortaq hədəflərinə yaxınlaşdırdığına inanıram. Hər şeydən əvvəl 6,3 milyard dollarlıq bir sərmayə – “Star” neft emalı zavodu. Amma bundan başqa konteyner limanı, digər tərəfdən isə ilk açılışı ilə addımını atdığımız neft-kimya müəssisələri – bütün bunları ümumilikdə hesabladıqda söhbət təxminən 10 milyard dollarlıq sərmayədən gedir.

Hörmətli qonaqlar, 2008-ci ildən etibarən enerji sahəsində ölkəmizdə mühüm layihələr həyata keçirən Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR “Star” neft emalı zavodunu məhz bu rəqəmlə, bu sərmayə ilə ölkəmizə qazandırmışdır. Son 30 ildə həyata keçirilən ən böyük real sektor sərmayəsi olan “Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində ən böyük neft müəssisələrindən biri olaraq, inşallah, uğurla fəaliyyət göstərəcək.

Bu müəssisə ölkəmizin “Strateji sərmayələrin təşviqi sənədi”nə sahib ilk layihəsi olmaq xüsusiyyətinə də malikdir. Bundan başqa, belə bir investisiya olduqda bizim üzərimizə düşən bir vəzifə var, onlara xüsusi dəstək də verəcəyik. O dəstək də ondan ibarətdir ki, bundan sonra nazirlikdə bütün proseslərin həyata keçirilməsi şərti ilə prosedurlar zamanı bu təşviqdən də istifadə ediləcək. Çünki mərifət lütfkarlıqdan asılıdır. Lütfkarlıq olmasa mənası olmaz.

Eyni zamanda, bu neft emalı zavodu Türkiyənin ən böyük enerji layihəsidir. Bu baxımdan neft məhsulları idxalında hər il 1,5 milyard dollar məbləğində qənaət edilməsi, neft məhsullarında xaricdən asılılığın azalması hədəflənir. Gündə 214 min barrel, ildə 10 milyon ton xam neft emalı gücünə və 1,6 milyon kubmetr ehtiyat saxlama qabiliyyətinə malik zavodda dizel, nafta, təyyarə benzini və LPG kimi neft məhsullarının istehsalı həyata keçiriləcək.

Məşğulluq baxımından da mühüm əhəmiyyət daşıyan bu müəssisədə 1100 nəfər çalışacaq. Beləliklə, bu zavod Türkiyə və Azərbaycan iqtisadiyyatlarına mühüm fayda verməklə yanaşı, Egey bölgəmizin rifahını yüksəltmiş olacaq.

Biz iki dövlət, bir millət olaraq öz ölkələrimizlə yanaşı, bölgədəki bütün xalqların təhlükəsizliyi, sabitliyi, rifahı və zənginliyi üçün çalışırıq. Ürəkdən istərdik ki, bölgədəki hər bir ölkə bu səmimiyyəti görə bilsin. Aralıq dənizinin şərq hissəsindəki karbohidrogen ehtiyatları ilə bağlı birtərəfli qaydada baş verən uğursuzluğa məhkum müxtəlif təşəbbüslərdən təəssüf edirik. Bu vəziyyət bölgəmizdə hələ də qeyri-sabitlikdən və gərginlikdən istifadə etmək siyasətindən əl çəkmək istəməyənlərin olduğunu göstərir. Türkiyə olaraq belə cəhdlərə qarşı cavabımızı həm bu yerdən, həm də diplomatik sahədə ən sərt şəkildə verməyi davam etdirəcəyik. Ölkəmizi və qardaşlarımızı nəzərə almayan heç bir təşəbbüsün uğur qazanmaq şansı olmadığını bütün tərəflər görəcəklər. Dostluğa, həmrəyliyə, birlikdə qazanmağa istiqamətlənmiş hər bir təklifə açıq olduğumuzu buradan bir daha bildirmək istəyirəm. Hazırda açılışını etdiyimiz müəssisə məhz bu faydalı əməkdaşlığın ən gözəl nümunəsidir. Hamını belə əməkdaşlığa dəvət edirik.

Hörmətli qonaqlar, Türkiyə və Azərbaycanın bölgəmizin təhlükəsizliyinin və sabitliyinin əsas aktorları olduğu artıq hamı tərəfindən qəbul edilməyə başlanıb. Bu iki ölkənin qoşulmadığı, razı olmadığı və dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz. Bununla yanaşı, Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz. Ölkəmizin və Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qala bilməz. BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq.

Bu hisslərlə “Star” neft emalı zavodunun açılışını hörmətli qardaşım Əliyev ilə birlikdə etməkdən böyük qürur və məmnunluq duyduğumu bir daha ifadə etmək istəyirəm. “Star” neft emalı zavodu ölkələrimizə, xalqlarımıza və bölgəmizə “Xeyirli olsun!” deyirəm. Bu layihənin ölkəmizdə həyata keçirilməsində başda əziz qardaşım İlham Əliyevə və əməyi olan hər kəsə xüsusi təşəkkür edirəm, sizlərə sevgi və ehtiramımı çatdırıram.

Etikxeber.az

Read Previous

İşğala görə bir çox yerlərdə bələdiyyələrin yaradılması mümkün deyil – ARİF RƏHİMZADƏ

Read Next

Kante “Real”-a və ya “Barsa”-ya keçmək naminə komandasından ayrılmağa hazırdır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir