Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün İkinci Vətən Müharibəsi Şəhidi Kənan Müşfiq oğlu Ələkbərlinin doğum günüdür.
Etikxeber.az xəbər verir ki, Şəhidimizin bu gün, 15 may tarixində 25 yaşı tamam olur.
Bu gün Şəhidimizin Cənnətdəki-Cənnətindəki ilk ad günüdür.
Kənan Ələkbərli 1996-cı ildə Goranboyun Qızılhacılı qəsəbəsində dünyaya gəlib.
Evin tək oğlu olub.
Atası Müşfiq Ələkbərov Birinci Qarabağ Savaşının iştirakçılarından olub.
Əmisi Cabbar Ziyəddin oğlu Ələkbərov isə Birinci Qarabağ Savaşının Şəhidlərindəndir.
O, 1994-cü ilin qışında Ağdərə (Akop-Kamari) istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb.
Cabbar texnikum təhsilli və subay olub.
Kənan isə İkinci Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə olub.
O, oktyabr ayında ağır döyüşlərdən birində Şəhid olub və oktyabrın 11-də nəşi Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn edilib.
Ölümündən sonra iki medalla təltif olunub.
Kənan nişanlı olub.
Qeyd edək ki, Kənanın yaxın dostu və sinif yoldaşı İlkin Səfail oğlu Vəliyev də İkinci Vətən Müharibəsinin Şəhididir.
İlkin Kənandan 15 gün sonra Şəhidlik Məqamına yüksəlib və torpağa tapşırılıb.
Allah rəhmət etsin, nur içində yatsınlar!





K. HƏMZƏOĞLU
Etikxeber.az