“Ən böyük uğurlar hələ qabaqdadır və…” – DEPUTAT – RƏYLƏR

Sahibə QAFAROVA: “Növbəti reytinq sıralamasında Azərbaycanın belə yüksək yer tutması ölkəmizin uğurlu siyasət kursu həyata keçirməsinin daha bir əyani təsdiqidir…”

Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və ölkəmizin hərtərəfli dinamik inkişafını hədəfləyən ardıcıl, məqsədyönlü siyasət nəticəsində bu gün respublikamız dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biri kimi qəbul olunur. Bunu beynəlxalq səviyyəli reytinq agentliklərinin dəyərləndirmələri, beynəlxalq tədqiqat mərkəzləri tərəfindən aparılan təhlillərin nəticələri də bir daha təsdiqləyir.

Etikxeber.az xəbər verir ki, bu fikri  mətbuata açıqlamasında deputat, professor Sahibə Qafarova ABŞ-ın nüfuzlu Pensilvaniya Universitetinin “BAV Group and Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilən reytinq sıralamasında Azərbaycanın 45-ci pillədə qərarlaşmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu kimi uğurlu göstəricilər ölkəmiz üçün ənənəvi haldır. Bundan əvvəl də Davos İqtisadi Forumunun, Dünya Bankının son hesabatlarında Azərbaycanın rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğu, islahatların reallaşdırılması, əhaliyə göstərilən dövlət xidmətlərinin inklüzivliyinin artırılması, biznes mühitinin daha da optimallaşdırılması və digər istiqamətlərdə qazandığı möhtəşəm nailiyyətlər qeyd olunur, bir sıra indikatorlar üzrə ölkəmizin mövqeyinin ildən – ilə əhəmiyyətli dərəcədə yaxşılaşdığı aydın şəkildə müşahidə olunur.

Deputat deyib: “Son olaraq isə bu günlərdə ABŞ-ın “U. S. News & World Report” jurnalının 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycanı da yüksək pillələrdə qeyd etməsi bir daha Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərə verilən qiymətin ifadəsidir. Pensilvaniya Universitetinin “BAV Group and Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilən reytinq sıralamasında Azərbaycan yenə də yüksək yerdə – 45-ci pillədə qərarlaşıb.

Növbəti reytinq sıralamasında Azərbaycanın belə yüksək yer tutması ölkəmizin uğurlu siyasət kursu həyata keçirməsinin daha bir əyani təsdiqidir. Belə ki, siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Sevindirici məqamlardan biri də odur ki, təqdim olunan reytinqdə ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini – Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub”.

S.Qafarova bildirib ki, son 16 ildə davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Bu dövrdə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. İqtisadiyyatın genişlənməsi ilə paralel şəkildə, ölkəmizin maliyyə təminatı da güclənir. Son 16 ildə respublikamıza daxili və xarici mənbələrdən 260 milyard dollardan çox investisiya yönəldilib. Eyni zamanda, respublikamızın valyuta ehtiyatları da əsaslı şəkildə artıb. Artıq respublikamızın strateji valyuta ehtiyatları 49 milyard dollara çatıb.

S. Qafarovanın sözlərinə görə, Azərbaycanın daxili siyasətdə əldə etdiyi nailiyyətlər xarici siyasətlə bağlı da uğurlu və praqmatik addımların atılmasını şərtləndirib:

“Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, praqmatik xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan dünya ictimaiyyəti tərəfindən güclü, etibarlı, sözünə etimad olunan bir dövlət kimi qəbul olunur. Bu gün Azərbaycan BMT kimi mötəbər bir qurumun Təhlükəsizlik Şurasında təmsil olunmuş bir dövlət kimi beynəlxalq münasibətlər sistemində fəal rol oynayır. Eyni zamanda, çox az bir vaxt bundan əvvəl Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ölkəmizin müstəqillik tarixində mühüm siyasi hadisədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qoşulmama Hərəkatında ciddi uğurlara imza atdı. Azərbaycan üç il ərzində bu təşkilata sədrlik edəcək. Bu, BMT-dən sonra dünyada ən böyük ikinci təşkilatdır. Azərbaycan bu təşkilatda fəal rol oynamaqla, həm Qoşulmama Hərəkatının fəaliyyətinə uğurlu töhfələr verir, həm də özünün xarici siyasətdəki maraq və mənafelərinin daha güclü əsaslarda müdafiə olunmasına imkan qazanır. Azərbaycan dünyada mədəniyyətlərə və sivilizasiyalar arasında dialoq prosesinə çox mühüm töhfələr verən, ciddi təşəbbüslərin müəllifi kimi böyük nüfuz qazanan bir dövlətdir. Belə olan halda beynəlxalq reytinq agentliklərinin Azərbaycanın uğurlu inkişafını təqdir etməsi, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi tamamilə qanunauyğundur”.

Eldəniz SƏLİMOV: “Əvvəllər ölkəmizə hər bir məsələdə qısqanclıqla, laqeydliklə, ikili standartlarla yanaşan dairələr, nüfuzlu reytinq mərkəzləri artıq qərəzi bir kənara qoyaraq, özləri reallığı, həqiqəti etiraf etməyə başlayırlar və etiraf edirlər…”

Digər millət vəkili Eldəniz Səlimov da  “BAV Group and Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilən reytinq sıralamasında Azərbaycanın 45-ci pillədə qərarlaşmasını böyük uğur və nailiyyət kimi dəyərləndirib.

Qeyd edib ki, ümumiyyətlə, son bir neçə ildə müxtəlif sahələr və məsələlər üzrə reytinq sıralamalarında ölkəmiz böyük uğurlara imza artır, hər dəfə sıralamalardakı yerini üzü yuxarıya, ilk pillələrə doğru dəyişir, ön yerlərdən birini tutur.

“Bunlar hamısı böyük uğurlar və göstəricilərdir. Bu uğurların və əldə edilən nailiyyətlərin də hər birinin arxasında konkret iş, fəaliyyət, zəhmət dayanır. Bunlar ölkə Prezidenti cənab İlham Əliyuevin son 16 ildəki siyasətinin parlaq nəticələridir. Bunlar son 16 ildəki uğurların etirafı və təsdiqdir. Əvvəllər ölkəmizə hər bir məsələdə qısqanclıqla, laqeydliklə, ikili standartlarla yanaşan dairələr, nüfuzlu reytinq mərkəzləri artıq qərəzi bir kənara qoyaraq, özləri reallığı, həqiqəti etiraf etməyə başlayırlar və etiraf edirlər. Nailiyyətlərin, qələbələrin ikinci ən mühüm və ən əsas tərəfi də elə budur. Çünki başqa yol-etirafdan savayı heç nə qalmır.

Hər şey göz qabağındadır. Azərbaycan dünyanın söz, nüfuz sahibi olan çəkili lider dövlətlərindəndir, dialoq məkanıdır, sabitlik və təhlükəsizlik adasıdır, tolerantlıq mərkəzidir. Bu baxımdan, artıq heç bir qüvvə, heç bir güc bunları görməzdən gələ bilmir, Azərbaycan reallıqlarını, həqiqətlərini olduğu kimi deyirlər, etiraf edirlər. Ona görə hesab edirəm ki, hələ ən böyük uğurlarımız, nailiyyətlərimiz qabaqdadır və bunlar ölkəmizin reytinq sıralamalarındakı yerini daha da ürəkaçan edəcək. Buna kimsənin şübhəsi olmasın”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

Zelenskinin şərəfinə ziyafət verildi və UKRAYNA PREZİDENTİNİN SƏFƏRİ BAŞA ÇATDI – FOTOLAR – YENİLƏNİB

Read Next

Hacı Madərlə Səttar Möhbalıyev növbəti dəfə namizəd olmur?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir