Ərdoğan və qarşısında 4 güclü lider-AKŞƏNƏR, GÜL, BABACAN, DAVUDOĞLU – ŞAHİN CƏFƏRLİ YAZDI…

Türkiyədə Əli Babacanın partiyası bu həftə elan olunacaq.

Abdulla Gülün dəstəyi ilə formalaşdırılan partiyanın adı artıq məlumdur: Demokrasi ve Atılım Partisi. Amma abbreviaturası DAP yox, DEVA (dərdlərə dəva mənasında) olacaq. Partiyaya bir neçə millət vəkilinin də qatılacağı gözlənilir. Gül özü partiyada hər hansı vəzifə tutmayacaq.

Bilirsiniz ki, artıq AKP-nin sabiq lideri və keçmiş baş nazir Əhməd Davudoğlu Gələcək adlı partiya qurub və hazırda böyük şəhərlərdən başlayaraq bütün ölkə üzrə təşkilatlanır. DEVA AKP içərisindən çıxan ikinci partiya olacaq.

İqtidar və Cumhur İttifaqı qan itirməyə davam edir. Suriyada vaxtaşırı keçirilən hərbi əməliyyatların AKP-nin reytinqinə pozitiv təsirləri qısamüddətli olur, millətçi əhval-ruhiyyə və təbliğat səngidikdən sonra insanlar yenidən öz gündəlik problemlərinin dərdinə düşür. Sonuncu – İdlib əməliyyatları isə hökumətə siyasi xal qazandırmadı. Türkiyədə əksəriyyət YPG-yə qarşı hərbi əməliyyatları dəstəkləsə də, Bəşər Əsəd Suriyası ilə müharibəni dəstəkləmir.

…Rəis və Bahçeli 2018-ci ildə Cumhur İttifaqında birləşəndə türk toplumunun ideoloji yönümü ilə bağlı hamıya məlum olan arifmetik sosiologiyanı nəzərə alaraq ölkə siyasətində dominantlıq quracaqlarını hesablamışdılar. Türkiyə seçicisinin təxminən 65%-i sağ, 35%-i sol yönümlüdür. İttifaqın yaradılmasından əvvəlki seçkilərdə (2015, noyabr) AKP 49,49%, MHP 11,90% səs almışdı. İkisinin cəmi 61%-dən çox edirdi. Yəni sağı konsolidasiya etmək Türkiyədə iqtidara gəlməyin və onu uzun müddət əldə saxlamağın qarantiyasıdır.

Lakin Meral Akşenerin partiya quruculuğuna başlayaraq MHP-dən sekulyar millətçiləri qoparması, CHP-dəki liderliyi mübahisəli olan Kılıçdaroğlunun gözlənilmədən oyun qurucu rolunda ağıllı həmlələr etməsi, bu iki partiyanın Millət İttifaqında birləşməsi Cumhur İttifaqını quran ağılın planlarını pozan ilk önəmli addım oldu.

İndi sağda AKP və Ərdoğanın qarşısında 3 iddialı müxalif partiya və 4 nüfuzlu lider var: Meral Akşener, Əhməd Davudoğlu və Abdulla Gül-Əli Babacan tandemi. Bunların hamısını və CHP-ni birləşdirən ortaq maraq mövcuddur: parlament üsul-idarəsinə dönüş və demokratikləşmə. Qarşıdakı seçkilərdə (prezident və parlament) bu hədəflər naminə böyük demokratik ittifaqın qurulması istisna deyil.

Digər variant isə budur ki, iqtidara qarşı güclü alternativ sağ ittifaq (Akşener, Babacan, Davudoğlu, Karamollaoğlu) yaradıla və bunlar CHP-dən ayrı olaraq seçkilərə qatıla bilər. Daha sonra parlamentdə və prezident seçkilərinin 2-ci turunda CHP ilə bərabər hərəkət etmək mümkündür.

Türkiyə sağı 2 düşərgəyə bölündü və bu, yaxşıdır.

Şahin CƏFƏRLİ,

Politoloq

Etikxeber.az

Read Previous

“Qadına hansı azadlıq gərək?”-FAZİL MUSTAFA DÜNƏNKİ AKSİYADAN YAZDI, TƏKLİFLƏRİNİ SIRALADI…

Read Next

“Qazin limitinə yenidən baxılmalıdır” – EKS DEPUTATLIĞA NAMİZƏD

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir