“Ərdoğanın çıxışını dinləyərkən çox həyəcanlanırdım, həyəcanlanmamaq mümkün deyildi…Xüsusilə də, onun Laçınla bağlı məşhur mahnının sözlərini deməsi məni çox duyğulandırdı, bir anlıq 25-30 il öncəyə qaytardı…Bu mahnını illər öncə bir neçə dəfə mən də zümzümə etmişdim…”-ZİYAD SƏMƏDZADƏ YAZDI – (İKİNCİ-SONUNCU HİSSƏ)

Zəfərin mübarək, can Azərbaycan!

(İkinci-sonuncu hissə)

***

Bu günlərdə, daha doğrusu, dekabrın 10-da isə ikinci bir Zəfər, Qələbə yaşandı.

Sözlərlə, kəlmələrlə ifadəsi belə mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə dekabrın 10-da “Zəfər paradı”nın keçirilməsinə qərar verildi və həmin gün Bakıda, Azadlıq meydanında möhtəşəm paradın şahidi olduq.

Son 29 ildə, ümumiyyətlə, İkinci Dünya müharibəsindən, 1945-ci ilin 9 mayından sonra çox paradların şahidləri və iştirakçıları olmuşuq. Yeri gəlmişkən, 2018-ci ilin 26 iyununda – Azərbaycan Ordusunun yaranmasının 100 illiyində və 2018-ci ilin 15 sentyabrında – Bakının erməni işğalından azad edilməsinin 100-cü ildönümündə paytaxtımız Bakıda paradlar keçirildi.

Dünya həmin günlərdə Azərbaycanın bütün mənalarda gücünə şahidlik etdi, xüsusilə də, qardaş və dost Türkiyənin hərbçilərinin həmin paradlarda iştirakı, Türkiyənin cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın nitqi, birlik və bərabərlik mesajlarının verilməsi çox böyük tarixi-siyasi hadisə idi.

Amma dekabrın 10-da keçirilən parad başqa bir parad, böyük Qələbə, Zəfər paradı idi. Bundan sonra, xüsusilə, hər ilin 8 noyabrında – Zəfər günündə və 26 iyun tarixlərində – Milli Ordu günündə növbəti paradlara şahidlik edəcəyik, amma 2020-ci ilin 10 dekabr “Zəfər paradı”nın bir daha təkrarı, oxşarı, bənzəri olmayacaq. O, bir daha olmayacaq və təkrarlanmayacaq. O, bir Tarix idi və Tarixə də öz damğasını, möhürünü, Azərbaycan xalqının sevincini, Azərbaycan dövləti və ordusunun gücünü, əzəmətini həkk etdirdi.

Üstündən bir neçə gün keçsə də, hələ də çoxları kimi, həyəcanlıyam və qürurluyam. Çünki həyəcanlanmamaq, qürurlanmamaq mümkün deyil. 10 dekabr tarixində bizi sevənlər də, sevməyənlər də, xüsusilə, düşmən və onun havadarları da bir daha Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi, bütün gözlər bizdə idi, bizə – Azərbaycana zillənmişdi. Həmçinin, daim yanımızda olan, bir an bizi tək buraxmayan qardaş və dost Türkiyənin hərbçilərinin, Türk əsgərlərinin, Türkiyə siyasi elitasının, xüsusilə, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “Zəfər paradı”nda iştirakı bu ali tədbiri daha da əzəmətli etdi, daha da rövnəqləndirirdi.

“Zəfər paradı” zamanı həm Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev, həm də onun dəvətini qəbul edib, parada təşrif buyuran Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çox möhtəşəm və tarixi çıxış etdilər, nitq söylədilər, bir daha Azərbaycan-Tükiyə dostluq və qardaşlığının əbədiliyinin, sarsılmazlığının mesajını verdilər.

Bu günə bir, həmrəy olduqlarını, bundan sonra da birgəliklərini, bir olacaqlarını bütün dünyaya duyurdular. Dost da eşitdi, düşmən də. Hər kəs bildi ki, biz ulu öndərimizin dediyi kimi, “Bir millət, iki dövlətik”, dahi Mustafa Kamal Paşa Atatürkün dediyi kimi, “Azərbaycanın kədəri Tükiyənin kədəri, Azərbaycanın sevinci Türkiyənin sevincidir”. Bunun əksi olmayıb, mümkün deyil, bundan sonra da mümkün olmayacaq.

“Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər” – deyən Ali Baş Komandan çıxışında bəyan etdi ki, bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir. Çünki Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. O, “Bu müharibədə Azərbaycan haqlıdır, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır” – deyərək, həm özünün, həm də ölkəsinin qəti mövqeyini nümayiş etdirdi.

Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Ali Baş Komandanın dediyi kimi, Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

“Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk” – deyərək, ölkə Prezidenti bir daha vurğuladı ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.

Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Ölkə Prezidentinin də dediyi kimi, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var.

Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Ali Baş Komandan paradların birində də demişdi ki, Qələbə paradına 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdi ki, gün gələcək və işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və həmin gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.

“Azərbaycanın 44 gün davam edən şanlı mübarizəsində şəhid olan igidlərə Uca Allahdan rəhmət, qazilərimizə tezliklə sağalmalarını arzulayıram” – deyə, tarixi və parlaq çıxışına başlayan Türkiyə Prezidenti cənab Ərdoğan dahi şairimiz, İstiqlal mücahidimiz Bəxtiyar Vahabzadənin məşhur və dillər əzbəri olan şeirindən bir parçanı söylədi:

Hardan sənin oldu bizim Qarabağ?

Adı sahibini demirmi aşkar?

Xoşluqla verməzlər torpağı, ancaq

Qanla möhürləyib, zorla alarlar.

Sonra “Qarabağı otuz illik həsrətdən sonra Ana Vətən ilə qovuşduran Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edir, onları dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm. 20 Yanvarda şəhidlərin məzarları üzərinə qoyulan qərənfillər müstəqilliyi necə xatırladırsa, indi də Dağlıq Qarabağ bölgəsinə xas olan Xarı Bülbül Azərbaycan torpaqlarının azadlığının rəmzinə çevrilmişdir” – deyən qardaş ölkənin Lideri bildirdi ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, Azərbaycan Prezident İlham Əliyevə aiddir. Çünki İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir.

“Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək” – deyərərək, çıxışına davam edən cənab Ərdoğan bir daha Türkiyənin Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək verdiyini, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olduğunu söylədi. Bildirdi ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyil. Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcək.

“Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük. Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tar-mar edilmiş, bütün kəndlər yerlə-yeksan olunmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tar-mar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii sərvətləri də qarət etdilər” – deyərək, cənab Ərdoğan qətiyyətli şəkildə bildirdi ki, bütün bu ziyanın hesabı sorulmalıdır və sorulacaq. Onu da deyim ki, Ərdoğanın çıxışını dinləyərkən çox həyəcanlanırdım. Çünki dediyim kimi, həyəcanlanmamaq mümkün deyildi. Xüsusilə də, onun Laçınla bağlı məşhur mahnının sözlərini deməsi məni çox duyğulandırdı, bir anlıq ötən illərə, 25-30 il öncəyə qaytardı. Çünki bu mahnını illər öncə bir neçə dəfə mən də zümzümə etmişdim. Bunun canlı şahidləri də var. Çünki bu mahnı, onun misraları minlərlə insan kimi, mənim də ruhumun ifadəsi idi.

“Ay Laçın, can Laçın,

Mən sənə qurban, Laçın”

Və cənab Ərdoğanın dilindən bu mahnının sözlərinin səsləndirilməsi məndə başqa bir duyğu, hiss, əhval-ruhiyyə, ovqat yaratdı. Buna görə ayrıca olaraq cənab Ərdoğana minnətdarlığımı ifadə edirəm.

Bəli, 10 dekabr “Zəfər paradı” bu cür yüksək hisslərlə yaddaşlarda qaldı, hafizələrə əbədilik həkk edildi. Həm gücümüzün, həm Zəfərimizin təntənəsi, həm də birlik və bərabərliyimizin, Azərbaycan-Türkiyə dostluq-qardaşlığının birmənalı nümayişi oldu.

“Zəfər paradı”ndan sonra iki Liderin bir araya gəlməsi, tarixi sənədlərə imza atılması, viza sisteminin aradan qaldırılması bir daha deyilənlərin sözlər, bəyanatlar olmadığını göstərdi, əməllərlə, konkret addımlarla ifadəsi oldu. Sözlərlə əməllərin bir daha bir-birini tamamladığının əyani nümayişinə çevrildi. Bəli, biz tarixi günlər yaşayırıq. Biz güclüyük, biz qüdrətliyik.

Artıq bunu hər kəs anlamalıdır və çox güman ki, anlayır, anlamayanlar da anlayacaqlar. Çünki başqa yol yoxdur. Bu gün Azərbaycan söz, nüfuz sahidir, o, dövləti və xalqı naminə diktə edir və edəcək. Dövlətimiz, xalqına qarşı çıxanı, ona əngəl olmağa çalışanı da öz dəmir yumruğu ilə əzib, sıradan çıxaracaq.

Ölkə Prezidentinin ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri ilə görüşündə də dediyi kimi: “Əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil…”.

Bəli, bəli, bəli. Bu, təkcə Ermənistana deyil, çoxlarına verilən birmənalı, açıq mesajdır. Ona görə hər kəs diqqətli olmalı, bundan dərs götürməli, nəticə çıxarmalıdır.

“Qarabağ Azərbaycandır və nida”. Bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Eşq olsun, Azərbaycan Ordusuna! Eşq olsun, Azərbaycan xalqına! Eşq olsun, Azərbaycan Əsgərinə! Eşq olsun, Ali Baş Komandana!

Yaşasın, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!

Ziyad SƏMƏDZADƏ,

Akademik, millət vəkili

Etikxeber.az

Read Previous

“Qısa müddətdə nasos stansiyalarının fəaliyyəti bərpa edildi ki, bu da 30-dan çox kəndin su təchizatının həlli deməkdir”-DEPUTATDAN MİNNƏTDARLIQ

Read Next

İkinci Qarabağ Savaşı: Balakənimizin 29 Şəhidi-ÖMƏR, VÜSAL, KƏNAN, KAMAL, NURLAN, İMAM, VAHİD, TURQUT, NƏCMƏDDİN, ELMİR, CAVİD…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir