Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun Güloğlular kənd sakini Səhliyar Musa oğlu Bayramov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Müdafiə naziri, polkovnik-leytenant Zakir Həsənova, Hərbi prokuror Xanlar Vəliyevə, Baş Prokuror Kamran Əliyevə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruca, Milli Məclisin üzvü Fatma Yıldırıma və Milli Məclisin üzvü Xanlar Fətiyevə müraciət edib.
Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:
“Cənab Prezident!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Səhliyar Musa oğlu Bayramov Bərdə rayonunun Güloğlular kəndindənəm. Zəhmətilə, əməyilə, əllərinin qabarı ilə ailəsini dolandıran sadə bir Azərbaycan vətəndaşıyam. Uzun illərdir səhhətimdə də xeyli ciddi problemlər mövcuddur, bir sıra xətəliklərdən əziyyət çəkirəm. Hərəkətimdə, yerişimdə də çətinliklər var, çox zaman əsa ilə hərəkət edirəm. Ailəliyəm, iki oğlan atasıyam, daha doğrusu, iki oğlum var idi.
Böyük oğlum Musa Səhliyar oğlu Bayramov 2005-ci ilin fevral ayında dünyaya gəlmişdi. 2023-cü ilin aprel ayında isə bir Azərbaycan övladı kimi Vətənin keşiyinə yollanmışdı, Azərbaycan Ordusunun Əsgəri kimi Laçın istiqamətində, düşmənlə üzbəüz yerləşən “N” saylı hərbi hissədə qulluq edirdi. Əsgərlikdən, həqiqi hərbi xidmətdən qayıtmasına da sayılı günlər qalmışdı, oktyabrda evimizə-yanımıza dönəcəkdi. Oğlumuzun yolunu səbirsizliklə gözləyirdik.
Amma bütün arzularımız gözümüzdə qaldı, bir anın içindəcə həyatımız alt-üst oldu. Sentyabrın 22-də övladımızın qara-ölüm xəbərini aldıq…Çox dəhşətli və dözülməzdir övlad, bala dərdi…Allah kimsəyə yaşatmasın!
Respublika Hərbi Prokurorluğunun rəsmi məlumatından da hər kəsə bəlli olduğu kimi, oğlum Musa Bayramov sentyabrın 22-də odlu silahdan açılmış güllə nəticəsində həyatını itirib. Əslində isə övladım qətlə yetirilib. Hazırda istintaq prosesi gedir və bizə verilən məlumata görə, övladımın həyatını itirməsinə bais olan, daha doğrusu, qətlə yetirilməsində şübhəli bilinən şəxs tutulub, saxlanılıb. İstintaqın gedişatına mane olmaq istəmirik, eyni zamanda, inanmaq və əmin olmaq istəyirik ki, istintaq əsl həqiqəti, əsl cinayətkarı və ona şəraiti yaradanları araşdırıb üzə çıxaracaq və layiq olduqları cəzanı verəcək.
Ancaq yenə də bir valideyn kimi məni narahat edən, rahat buraxmayan çoxlu suallar, çoxlu şübhəli məqamlar var. Deyilənlərə görə, oğlum postda olarkən vurulub, qətlə yetirilib. Əsgərliyini bitirməsinə çox az zaman, cəmi 8-9 gün qalmış bir Əsgərin postda nə işi vardı? Məgər postda dayanmağa başqa bir əsgər yoxuydumu? Və yaxud, necə olub ki, övladımı qətl edən şəxs nəzarətdən kənarda qalıb, heç kimi onu görməyib, bilməyib? Hərbi hissədəkilər hara baxırdılar? İçimi didən, gəmirən, parçalayan suallar çoxdur. Bir ata, bir valideyn kimi dözə bilmirəm. Neçə gündür nələr yaşayıram, nələr yaşayırıq…onu bir mən, bir biz, bir də Allahımız bilir.
Çox hörmətli İlham Heydər oğlu, Müzəffər Ali Baş Komandanımız!
Bir acılı, bir dərdli, bir yaralı ata kimi Sizə müraciət edərək, balamın ölümünə, qətlinə obyektiv şəkildə baxılması, əsl həqiqətin üzə çıxarılması üçün imkanlarınız və səlahiyyətləriniz çərçivəsində köməklik göstərməyinizi xahiş və rica edirəm. Ən əsası isə övladıma Haqqı olan Şəhidlik statusunun verilməsini istəyirəm.
Balam yolda-izdə, avtomobil qızasında, bıçaqlama hadisəsində, dava-dalaşda həyatını itirməyib, övladım həqiqi hərbi xidmətdə, özü də Əsgərliyini başa vurmasına, evə dönməsinə sayılı günlər qalmış ən çətin relyefli bir yerdə, Laçında, “N” saylı hərbi hissədə, postda olarkən qətlə yetirilib. Ona görə Şəhidlik balamın haqqıdır. Balama olan oldu, bizə olan oldu…Heç olmasa, balamın 1 il 6 aylıq əziyyətləri, Haqqı yerdə qalmasın, Şəhidlik statusu verilsin.
Odur ki, Sizdən çox-çox xahiş və rica edirəm ki, övladıma Şəhidlik statusu verilməsi üçün müvafiq dövlət qurumlarına və səlahiyyət sahiblərinə göstəriş və tapşırıqlarınızı verəsiniz, bu məsələdə dəstəyinizi bizdən əsirgəməyəsiniz. İnanıram və əminəm ki, belə də olacaq, balamın qanı, Haqqı yerdə qalmayacaq, ədalət Qələbə və Zəfər çalacaq, balamın Şəhidlik statusu veriləcək, az da olsa, ruhu huzur tapacaq, bizim yaralı, dağlanmış qəlbimizə az da olsa, su səpiləcək.
Öncədən də Sizə öz dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun! Amin!”
Etikxeber.az