Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Birinci Qarabağ Savaşı zamanı Vətən yolunda Şəhid olan İgid və Qəhrəman oğullardan biri də Tofiq Nəbi oğlu Ruşanovdur…
O Tofiq Ruşanov ki, 15 yaşında ailəsi ilə birlikdə Qərbi Azərbaycandan (Ermənistandan), öz ata-baba yurdundan qaçqın düşərək, Azərbaycana, Mingəçevir şəhərinə pənah gətirib…
O Tofiq Ruşanov ki, orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə başlayıb, Əsgərliyini başa vursa da, Azərbaycan torpaqlarının müdafiəsində dayanıb…
O Tofiq Ruşanov ki, cəmi 21 yaşında arzuları, xəyalları yarımçıq qalıb, Vətən yolunda qəhrəmancasına Şəhid olub, Şəhadətə ucalıb, valideynlərinin, ailəsinin gözlərini yaşlı, ürəyini nisgilli qoyub gedib…
Qeyd edim ki, əslən Qərbi Azərbaycanlı olan Tofiq Nəbi oğlu Ruşanov 1973-cü ilin avqust ayının 21-də indiki Ermənistanın Tumanyan rayonunun Şamluq kəndində sadə bir ailədə dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri olub…
1988-ci ilə kimi Şahluq qəsəbə orta məktəbində oxuyub…
1988-ci ildə erməni faşistləri, erməni cinayətkarları tərəfindən doğma yurd yerlərindən qovulduqdan, deportasiya edildikdən sonra ailəsi ilə birlikdə Mingəçevir şəhərinə pənah gətiriblər…
Və 1988-1990-ci illərdə Mingəçevir şəhərində yerləşən 10 saylı tam orta məktəbdə təhsilini davam etdirib…
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra, 1991-ci ildə isə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə başlayıb…
Əsgərlik müddətini başa vursa da, qanlı Birinci Qarabağ Savaşı ilə əlaqədar Orduda fəaliyyətini davam etdirib, Vətən torpaqlarının müdafiəsində iştirak edib…
Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…
Və 1994-cü ilin fevral ayının 8-də Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi iki gün sonra Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən bir müddət sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb…
Hazırda Mingəçevirdə adını daşıyan küçə var…
21 yaşında Şəhidlik məqamına ucalan Tofiq həm də subay olub…
Onu da qeyd edim ki, Şəhidin anası Şahnabat Ruşanova 3 il öncə, 2021-ci ildə dünyasını dəyişib…
Atası Nəbi Musa oğlu Ruşanov, qardaşı Zaur Ruşanov və bacısı Nəzakət Ruşanova hazırda Mingəçevir şəhərində yaşayırlar…
Qardaşı ailəli, bacısı isə subaydır…
18 il öncə Şəhidin mərhum anası mənzil növbəsinə dayansa da (sonra mənzil növbəsi Şəhidin atası Nəbi Ruşanovun adına dəyişdirilib məlum səbəblərdən), dəfələrlə söz verilsə də, hələ də Tofiq Ruşanovun ailəsi evlə, mənzillə təmin olunmayıb…
Şəhidin ailəsi 18 ildir – hələ də öz Haqqını-Tofiq Ruşanovun mənzil Haqqını ala bilməyib…
Bu isə haqlı olaraq, Şəhidin ailəsini incidir, üzür, narahat edir…
Şəhidi ailəsi, Şəhidin atası gec də olsa, artıq Tofiq Ruşanovun ev, mənzil Haqqının verilməsini istəyir və tələb edir…
Odur ki, Mingəçevir şəhər İcra Hakimiyyəti də daxil olmaqla, aidiyyatı qurumlar Şəhidin ailəsinin haqlı istəyini, tələbini nəzərə almalı, Tofiq Ruşanovun mənzil Haqqını tanımalı, 74 yaşlı atasını evlə, mənzillə təmin etməlidir.
Bu, onların həm vəzifə, həm də Şəhidin ruhu qarşısında vicdan borcudur!
***
FOTOLAR:







İKİ İL ÖNCƏ…ŞƏHİDİN ADINI DAŞIYAN BULAĞIN AÇILIŞI…






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





