Əslən Şuşadan olan, Beyləqanda dünyaya göz açan-CƏBRAYILDA ŞƏHİD OLAN İGİDİMİZ – 19 YAŞLI DÜNYAMİN TAĞIZADƏ… – FOTOLAR

Dünyamin Ramin oğlu Tağızadə…

İkinci Vətən Müharibəsi Qəhrəmanlarından, İgidlərindən, qanı, canı ilə Qarabağı Vətəninə, Azərbaycanına qovuşduran Oğullardan biri…

Daha bir Nur simalı, daha bir Vətən sevdalısı Şəhidimiz…

Əslən Şuşadan olan Dünyamin 2001-ci ilin yanvarın 21-ində valideynlərinin məcburi köçkün kimi pənah gətirdikləri Beyləqan rayonunda, Günəş qəsəbəsində sadə bir ailədə dünyaya gəlib…

Ailədə iki övlad, iki qardaş olublar…

2007-ci ildə Beyləqan rayonunda 6 saylı məktəbin birinci sinfinə gedib, orada 9 il oxuduqdan sonra təhsilini Füzuli rayonundan olan məcburi köçkün uşaqların təhsil aldığı 22 saylı məktəbdə davam etdirib…

2018-ci ildə orta məktəbi bitirdikdən sonra Göyçayda rayonunda yerləşən Kollecə daxil olub və orada 4 ay təhsil aldıqdan sonra Dünyamin hərbi xidmətə, Əsgərliyə çağırılıb, 2019-cu ilin yanvarında Vətənə xidmət borcunu yerinə yetirməyə yollanıb…

Və bir il 6 aydan sonra, 2020-ci ilin iyulunda hərbi xidmətdən təxris olunaraq, evinə, ailəsinə dönüb…

Və cəmi 2 ay 22 gün sonra, İkinci Vətən Müharibəsi başlayan gün, senyabrın 27-sində Vətənin müdafiəsinə qalxanlardan, döyüşə atılan İgidlərimizdən, Vətən sevdalılarımzdan olub…

Yeri gəlmişkən, hələ Tovuzda, Əlibəyli kəndi istiqamətində qulluq edərkən murdar ermənilər tərəfindən növbəti dəfə atəşkəs pozulmuş və qanlı döyüşlər getmişdi… Dünyamin də həmin döyüşlərdə iştirak edərək fərqlənmiş, Fəxri Fərmanla təltif olunmuşdu…

İkinci Vətən Müharibəsi zamanı cəbhənin Cəbrayıl istiqamətində döyüşlərdə iştirak edən İgimiz sentyabrın 30-unda qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına yüksəlib…

Nəşi doğulub boya-başa çatdığı Beyləqan rayonunda torpağa tapşırılıb…

Dünyamin də bu dünyaya Şuşanı, Suşasını görmədən əlvida deyib, amma Qəhrəman Azərbaycan Oğulları tərəfindən Şuşa, Şuşası işğaldan qurtarılaraq, azadlığına qovuşub, qovuşdurulub və bununla da Şəhidimizin ruhu şad edilib…

Üzünü görməsə də, ruhu bu gün Şuşanın, Şuşasının üzərində dolaşmaqdadır Şəhidimizin…

Şəhidimiz ölümündən sonra iki medalla-“Vətən uğrunda”“Cəbrayılın azad olunmasına görə” medalları təltif olunub…

***

Və cəmi bir neçə gün öncə növbəti dəfə Bərdədə Şəhid ailələrini ziyarət edərkən Şəhidimizin anası Ziyafət xanımla tanış oldum, söhbətləşdim, Şəhidimizə Allahdan rəhmət, anasına, əzizlərinə səbr dilədim…

Ruhu şad, məkanı cənnətlik olsun, Şəhidimizin-19 yaşında canını Vətən yolunda fəda edən Dünyamin balamızın!

Nurlar içində yatsın!

Əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

15-19 iyul 2021-ci il, Bərdə-Bakı

Etikxeber.az

Read Previous

İsmayıllıda toy vaya döndü-BƏYLƏ QARDAŞI BIÇAQLANDI, BƏYİN ATASI İSƏ ÜRƏKTUTMASINDAN DÜNYASINI DƏYİŞDİ – YENİLƏNİB

Read Next

Daha 148 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir