Əfsanəvi Xüsusi Təyinatlı, Baş gizir, Aprel döyüşlərinin iştirakçısı, Hadrut fatehi, Vətən Müharibəsi Qəhrəmanı – OĞLU ŞƏHİDLİYİNDƏN SONRA DÜNYAYA GƏLMİŞ-ÜÇ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALMIŞ CAMAL VİDADİ OĞLU İSMAYILOV… – FOTOLAR

Daha bir Qəhrəmanımız, daha bir İgidimiz…

Qəhrəmanlıq Dastanı yazan daha bir Vətən sevalımız…

Daha bir İkinci Vətən Müharibəsi Şəhidimiz, daha bir Nur üzlü Vətən fədaimiz…

Vətinini, Qarabağını doğma ailəsindən, övladlarından üstün tutan və cəmi 36 yaşında canından çox sevdiyi Vətəni, Dövləti, Milləti, Torpağı uğrunda canını gözlərini qırpmadan, bir an tərəddüd etmədən fəda edən Camal İsmayılov

Əfsanəvi Xüsusi Təyinatlımız Camal Vidadi oğlu İsmayılov…

Camal İsmayılov 1984-cü il iyul ayının 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya gəlib…

Ailədə üç övlad-bir bacı və iki qardaş olublar…

Camalın ailənin ortancıl övladı idi…

Camalgil 1986-cı ildə Rusiyanın  Krasnoyarsk diyarının  İqarka  şəhərinə köçüblər…

1990-cı ildə İqarka şəhərində V. P. Astafyev adına 1 nömrəli orta ümumtəhsil məktəbinin birinci sinfinə gedib…

1991-ci ildə ailəsi ilə birlikdə doğma rayonlarına qayıdıb və təhsilini Neftçala şəhərində 1 nömrəli tam orta məktəbdə davam etdirib, 2001-ci ildə isə məzun olub…

2002-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb, Vətənin keşiyinə yollanıb…

Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hissədə xidmət zamanı hərbi hissə rəhbərliyinin diqqətini cəlb edib…

Və Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmətinin davam etdirilməsi barədə qərar verilib…

Elə o vaxtdan da həyatını Ordu, hərb ilə bağlayıb…

2016-cı ildə Aprel döyüşlərinin  iştirakçısı olub, qəhrəmanlıqlara imza atıb…

Xidməti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” , “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” , “Qələbə günü münasibətilə hərbi parada qatıldığına görə” , “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif olunub…

Və bir Vətən sevdalısı olaraq, İkinci Vətən Müharibəsi başlayan zaman Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Baş giziri kimi döyüşlərə atılıb…

Əvvəlcə Füzuli rayonu, sonra isə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib…

Bundan sonra Xüsusi Təyinatlı Qüvvələrin Qrup komandiri kimi döyüş yoldaşları ilə birlikdə Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib…

Döyüş yoldaşları ilə birlikdə Hadrut uğrunda qanlı döyüşlər zamanı bir sıra qəhrəmanlıq nümunələri göstəriblər…

Camal və qrupun üzvləri olan igidlərimiz Hadrut istiqamətində Ermənistan Ordusunun diversiya qrupunu pusquya salıblar…

Oktyabrın 18-də də Qubadlı rayonu istiqamətində döyüşlər başlayıb və döyüş ərzində Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 10-dan çox yaşayış məntəqəsinə daxil olmağa nail olub…

Oktyabrın 19-da isə Camal Qubadlı rayonu istiqamətində döyüşə qatılıb və bu onun son döyüşü olub…

Əvvəlcə  Camal  və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə qatılıb…

Döyüşlər Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda gedib və ermənilərin 150–200 hərbi qulluqçusu ilə döyüş 7 saatdan çox davam edib…

Ağır döyüşlər nəticəsində Camal, eləcə də daha üç Əfsanəvi Xüsusi Təyinatlımız-Baş gizir Sübhan Cəbrayılov, Gizir Şəhriyar Quliyev və Gizir Elyar Vəliyev qəhrəmancasına Şəhid olublar…

Nəşi 4 gün sonra, 23 oktyabr 2020-ci il tarixində Neftçala şəhərində Əbədiyyətə uğurlanıb…

Şəhidliyindın sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunub…

Neftçala Şəhər Uşaq İncəsənət Məktəbinə onun adı verilib…

Həsənabad  qəsəbəsində-yaşadığı evdə xatirə lövhəsi qoyulub, Neftçala şəhərində isə büstü ucaldılıb…

Haqqında İctimai Televiziyada “Heç kim unudulmur, heç nə yaddan çıxmır – Camal İsmayılov” sənədli filmi nümayiş etdirilib…

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi olan kiçik qardaşı da İkinci Vətən Müharibəsinin iştirakçılarından biri olub…

Camal həm də ailəli olub…

 2008-ci ildə, 24 yaşında Fatimə adlı xanımla ailə həyatı qurub…

2009-cu ildə Əsmət, 2011-ci ildə Əsnad adında qızları və Şəhidliyindən sonra, 2021-ci il fevralın 12-də isə Alparslan adlı oğlu dünyaya gəlib…

Üç övladı Vətənə, ailəsinə əmanət qalıb…

Torpağı sanı yaşasınlar atalarının!

Ruhu köməkləri olsun!

Və hər birimiz Şəhidlərimizə, Camal kimi Vətən sevdalılarına borcluyuq!

Onlara olan borcumuz heç zaman bitməyəcək, tükənməyəcək!

Onları unutmağa kimsənin-heç birimizin haqqı yoxdur!

Çünki unutsaq-unudularıq!

Onları unutmadıq, unutmuruq və unutmayacağıq!

Camal İsmayılov da daxil olmaqla, cəmi Şəhidlərimizin ruhları şad, məkanları cənnətlik, məqamları Uca olsun!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu gün Torpaq çərşənbəsi-İLAXIR ÇƏRŞƏNBƏDİR…

Read Next

“Müharibə bitdikdən sonra ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (7)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir