“Əgər Şuşanın azad olunduğu 8 noyabr tarixi Qarabağın hərbi fəthi günüdürsə, Şuşa Bəyanatının imzalandığı 15 iyun da Qarabağın siyasi fəthi kimi xarakterizə oluna bilər”-BƏHRUZ MƏHƏRRƏMOVUN DƏYƏRLƏNDİRMƏSİ

Prezident İlham Əliyev və cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” müasir tariximizin ən mühim sənədlərindən biridir.

Hətta reallığı və mürəkkəb geosiyasi şəraiti nəzərə alsaq, bu anlaşma milli maraq və mənafelərimizin təmin olunması baxımından tarixi əhəmiyyətinə görə Batum və Qars müqavilələri ilə eyni sırada müzakirə olunacaq qədər əhəmiyyətli hüquqi aktdır.

Müqavilədə imzaların mürəkkəbi qurumamış Ermənistan və havadarlarının qorxu və narahatlıq dolu bəyanat və çıxışları da bir daha bu qənaətdə yanılmadığımızı göstərir. 

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında bir millət iki dövlət anlayışını əməli prosesə çevirdi. Bu bəyanatla qardaş Türkiyə rəsmən maraqlarımız və beynəlxalq hüquqla bizə məxsus olan bütün suveren haqlarımız üzərində zəmanətçiyə çevrildi. Eyni zamanda, anlaşma ilə Qafqazın əsas güc sahibi Azərbaycan qardaş dövlətimiz Türkiyənin bölgədəki nüfuz və maraqlarını sığortalamış oldu.

Sadə dillə desək, bundan sonra Azərbaycanın maraq və mənafelərini, ərazi bütövlüyünü, suverenliyini hədəfə alan istənilən güc Türkiyə üçün, Türkiyəni hədəfə alan istənilən akt isə Azərbaycan üçün rəsmən təhdid kimi qəbul ediləcək. Bu, Azərbaycan dövlətçilik tarixində qardaş Türkiyə ilə münasibətlərimizin ən ali səviyyəsi deməkdir. İndiki mürəkkəb şəraitdə belə bir Bəyanatı qəbul edə bilmək özlüyündə iki xüsusi nüansdan xəbər verir.

Birincisi, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bölgədə maraqlar balansı qura və idarə edə bilən güclü oyunçudur. Bəyanatın təsir dairəsinin gələcəkdə Orta Asiyaya qədər uzana biləcəyi perspektivini nəzərə alsaq, sənədin balans qorunmadan imzalanmasının mümkünsüzlüyü sirr deyil.

 Bəyanatın bizə təhlükə yaratmayan hər hansı 3-cü tərəfə qarşı yönəlməməsi, həm Azərbaycan həm də Türkiyənin  açıq mətnlə ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyətini ifadə etmələri indidən onu deməyə əsas verir ki, birgə fəaliyyət, ümumiyyətlə, Avrasiya məkanında Ankara və Bakının mövqeyini gücləndirməklə bərabər eyni zamanda Cənubi Qafqazda oturuşmuş əməkdaşlıq mühitinin formalaşmasına təkan olacaq.

İkincisi, cənab İlham Əliyev imzası ilə dünyaya nümayiş etdirdi ki, Azərbaycan öz maraqlarını sərbəst ifadə edib reallaşdıracaq qədər müstəqil iradə sahibdir.

Əks halda, aşkar maraqlarını gizlətməyən böyük qonşuların əhatəsində strateji məzmunda taleyüklü hərbi-siyasi əhəmiyyətə malik sənədi qəbul edə bilməzdik.

Bu mənada əgər Şuşanın azad olunduğu 8 noyabr tarixi Qarabağın hərbi fəthi günüdürsə, Şuşa Bəyanatının imzalandığı 15 iyun da Qarabağın siyasi fəthi kimi xarakterizə oluna bilər. 

22:12, 15 iyun

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Qurtuluş günü imzalanan Müttəfiqlik bəyannaməsi yeni bir Dirilişin, yenidən Doğuluşun müjdəsidir”-BAHAR MURADOVA

Read Next

“İki ölkədən birinə edilən hər hansı bir hücumun, digər ölkə üçün də təhlükə olaraq qəbul edilməsi çox önəmli mesajdır…Regionda böyük güc olan Türkiyə və Azərbaycan bundan sonra daim bir yerdə addımlayacaq”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir