“Ələt” 75 qanunu dəyişdirdi… – YENİLƏNİB – (3)

3 millət vəkili dostluq qruplarının rəhbərləri seçildi

Milli  Məclisin (MM) payız sessiyasının bu gün keçirilən son iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarına (Dostluq Qruplarına) yeni rəhbərlərin seçilməsi məsələsinə baxılıb.

Etikxeber.az xəbər verir ki, hazırda beş parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boşdur.

Bunlar, Azərbaycan – Almaniya, Azərbaycan – Cibuti, Azərbaycan – Kanada, Azərbaycan – Türkmənistan və Azərbaycan – Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri vəzifəsidir.

Plenar iclasda Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin namizədliyi təsdiqlənib.

Bundan əlavə, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın  namizədliyi məsələsinə baxılıb. Məsələlər səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, digər iki qrupun rəhbəri isə  2019-cu ilin yaz  sessiyasında seçiləcək.

***

İki hakim vəzifəsindən getdi…

İclasda həmçinin, Naxçıvan Ali Məhkəməsinin iki hakiminin vəzifəsindən azad olunması məsələısi müzakirə edilib.

Qeyd edilib ki, bununla bağlı sənəd Prezident İlham Əliyevin imzası ilə MM-ə daxil olub.

Layihədə göstərilir ki, Məhkəmə-Hüquq Şurasının təkliflərinin nəzərə alınaraq Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif edilir.

Bu layihə də səsə qoyularaq qəbul edilib.

***

“Ələt” 17, üst-üstə 75  qanunu dəyişdirdi…

İclasda sonra  Ələt azad iqtisadi zonasının yaranması ilə əlaqədar 17 qanuna dəyişiklik edilməsi məsələsinə baxılıb.

Bununla bağlı konkret olaraq Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Elektron ticarət haqqında”, “Antiinhisar fəaliyyəti haqqında” və digər qanunlarda dəyişiklik edilməsi təklif olunur

Məqsəd 2018-ci ilin 18 may tarixində qəbul olunmuş “Ələt azad iqtisadi zonası haqqında” qanunun tətbiqi üçün hüquqi zəmini təkmilləşdirməkdir.

Belə ki, Ələt azad iqtisadi zonası xüsusi qaydada fəaliyyət göstərəcək və bir sıra fərqli cəhətlərə malik olacaq ərazi olduğundan orada tətbiq ediləcək qaydalar da ölkənin digər yerlərindəki qaydalardan fərqlənəcək.

Bu ərazidə qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun gələn qaydalara üstünlük veriləcək.

Azad zonada maliyyə, gömrük işi, əmək münasibətləri, miqrasiya, vergi tənzimlənməsi, valyuta əməliyyatları aparmaq azadlığı, müflisləşmə və iflas, notariat fəaliyyəti, əqli mülkiyyət kimi bir sıra sahələrə, o cümlədən torpağa və sığortanın stimullaşdırılmasına dair münasibətləri tənzimləyən məcburi xarakterli daxili qaydalar qəbul ediləcək.

Eyni zamanda, torpaq münasibətlərinin tənzimlənməsi məqsədilə qəbul olunacaq qaydalarda Azad zonanın torpağı ilə bağlı prosedurlar, bu torpağa dair sərəncam, o cümlədən istifadə, icarə, təminat və digər hüquqların yaradılması və onlara xitam verilməsi qaydaları və tələbləri, Azad zona torpağına dair hüquqların yaradılmasını və onlara xitam verilməsini təsdiq edən reyestrinin aparılması və digər məsələlər göstəriləcək.

Həmçinin Azad zona torpağına dair bütün hüquqlar bu reyestrdə qeydiyyata alınacaq.

Bütün bunların hüquqi tənzimlənməsi üçün torpaq icarəsi, torpaqların dövlət ehtiyacları üçün alınması və kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında qanunlara, həmçinin Torpaq Məcəlləsinə müvafiq əlavələr təklif olunur.

Spiker Oqtay Əsədov deyib ki, “Ələt”lə bağlı bütövlükdəı75 qanuna dəyişiklik edilib.

Qanun layihələri müzakirələr açılmadan səsə qoyularaq, qəbul ediliblər.

***

“Tramadol hidroxlorid”in istifadəsi  məhdudlaşdırılır…

İclasda eyni zamanda, “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zərərli maddələrin Siyahısı”na dəyişiklik  məsələsi müzakirədən keçirilib.

Qeyd edək  ki, hazırda tramadol hidroxlorid 100 mq-150 mq-200 mq və daha artıq bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. Dəyişikliyə əsasən isə “100 mq-150 mq-200 mq və daha artıq” sözləri siyahıdan çıxarılır və tramadol hidroxlorid bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. Qeyd edək ki, tramadol hidroxlorid ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr siyahısına daxildir. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısına daxil edilmiş bu maddə yüngül və güclü, kəskin və xroniki ağrıların qarşısının alınması üçün istifadə edilir. Dəyişikliyin əsas məqsədi narkomaniyaya qarşı mübarizə ilə bağlı sui-istifadə hallarını aradan qaldırmaqdan, güclü təsir edən maddələrin dövriyyəsinə nəzarəti gücləndirməkdən ibarətdir.

Qanun layihəsi səsə qoyularaq, qəbul edilib.

***

Gömrüklə bağlı sahibkarlıq qanunvericiliyi dəyişdirilir…

İclasda daha sonra  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişikliklər məsələsinə baxılıb.

Dəyişikliklərə əsasən, gömrük auditi də bundan sonra sahibkarlıq sahəsində aparılacaq yoxlamaların siyahısına daxil edilir.

Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla, Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.

Təklif olunan dəyişikliyə əsasən, həmin istisnaya gömrük auditi də əlavə olunur.

Bununla da səlahiyyətli qurumlar xarici ticarət dövriyyəsində şəffaflığın təmin edilməsi, dövlət büdcəsinə ödənilməli vergi və gömrük rüsumlarının tam təmin edilməsi məqsədilə gömrük auditini maneəsiz həyata keçirə biləcəklər.

Qeyd edək ki, hazırda 2.1-ci maddəyə əsasən, yalnız vergi yoxlamaları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.

Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

Qanun layihəsi müzakirələr açılmadan qəbul edilib.

***

“İpoteka haqqında” qanun da dəyişikliyə məruz qaldı…

İclasda bundan başqa,  “İpoteka haqqında” qanuna dəyişiklik edilməsi məsələsinə baxılıb.

Layihə əsas etibarilə məhkəməyə müraciət etmədən ipoteka predmetinə tutmanın yönəldilməsi qaydasını ( notariusun icra qeydi əsasında) və şərtlərini optimallaşdırır.

Belə ki, təklif olunur ki, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Bu proses xüsusi ardıcıllıqla həyata keçirilir: İpoteka saxlayan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipoteka qoyana sifarişli poçt göndərişi və elektron üsulla göndərir.

Bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınır.İpoteka qoyan bildirişdən 21 gün ərzində məhkəməyə şikayət edə bilər. Məhkəməyə şikayət olunmadıqda, ipoteka saxlayan notariusa icra qeydi üçün müraciət edir. İpoteka predmetinin açıq bazarda satılması ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə icra qeydini icra orqanına göndərir. İcra məmuru tələbin açıq bazarda könüllü icrası üçün 2 ay müddət müəyyən edir. İpoteka predmeti bu müddətdə satılmadığı halda icra məmuru tələbin məcburi icrasına başlayır. İcra məmuru hərracın keçirilməsini müvafiq ixtisaslaşdırılmış təşkilata sifariş verir. Hərracdan ipoteka predmeti satılır.

Layihədə həmçinin əsas öhdəliyin ibarət olduğu tələblər dəqiqləşdirilir (əsas borc, faizlər, dəbbə pulu və zərər), ipoteka müqaviləsində göstərilməsi tələb olunan əlavə şərtlər (ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli olan şəxs və ipoteka predmetinin satılmasından əldə olunan gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı) müəyyən edilir.

Bundan başqa, ipoteka predmetinin dəyişdirilməsi ipotekanın əlavə dövlət qeydiyyatına səbəb olan hal kimi qanundan çıxarılır. İpotekaya xitam verilməsi zamanı ödənilməsi tələb olunan rüsumun ipoteka qoyan tərəfindən ödənilməsi müəyyən edilir. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, ipoteka qoyana ipoteka saxlayanın yazılı razılığı ilə ipoteka predmetini özgəninkiləşdirmək imkanı yaradılır. Bunun üşün ipoteka saxlayan əsas öhdəliyin həcmi barədə arayışı ipoteka qoyana, o da öz növbəsində bu arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir.

Bundan başqa, layihədə ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar (öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icrasının 60 təqvim günü və daha çox müddətə gecikdirildikdə və ya ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərt baş verdikdə) dəqiqləşdirilir.

Hərracın keçirilməsi qaydası optimallaşdırılır (hərrac və təkrar hərrac barədə elanın verilməsi müddəti qısaldılır, ikinci elanın verilməsi zərurəti hərrac təşkilatçısının internet səhifəsində hərrac barədə məlumatlatın yerləşdirilməsi ilə əvəz edilir, hərrac addımı (ilkin satış qiymətinin 3%-dən az olmamaqla) müəyyən edilir, təkrar hərrac zamanı ilkin satış qiymətinin ən aşağı qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət olması ilə şərtləndirilir və s.)

Təklifə əsasən ipoteka premetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçiriləcək. Hazırda isə bu 45 təqvim günündən gec olmayaraq qeyd olunub.

İpoteka predmetinin satışından gəlirin bölüşdürülməsi növbəliliyinə icra ödənişi daxil edilir.

İpoteka qoyan və onunla birlikdə yaşayan digər şəxslərin ayrıca məhkəmə qərarı tələb olunmadan icra sənədi əsasında 10 təqvim günü müddətində yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müəyyən edilir.

Qanun layihəsi müzakirələrsiz qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

 

 

 

Read Previous

Deputatlar səs-küy saldılar, spiker irad tutdu…

Read Next

İcbari və tibbi sığortayla bağlı dəyişikliklər müəyyənləşdi – DEPUTAT İSƏ YENİ QANUNA EHTİYAC GÖRÜR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir