“Ələt AİZ-də geniş iqtisadi spektrdə sərbəst surətdə qərar verə bilmək hüququna malik olan lokal, xüsusi bir idarəetmə sistemi mövcud olacaq”-MİLLƏT VƏKİLİ

Beynəlxalq təcrübədə geniş yer alan Azad İqtisadi Zonalar (AİZ) xüsusi rejim altında fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir. Hazırda dünyanın 100-dən çox ölkəsində 1000-dən artıq Xüsusi İqtisadi Zonalar (XİZ) fəaliyyət göstərir. Onların 500-ə yaxını Asiya və Sakit Okean regionunda, 200-dən çoxu Amerika qitəsi ölkələrində, 200-dən çoxu Yaxın Şərq və Afrika ölkələrində, 100-dən çoxu isə Avropada yerləşir.  Azərbaycanda azad iqtisadi zonaların yaradılması sahəsində ötən müddətdə mühüm işlər görülüb.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, belə ki, ən yaxşı beynəlxalq təcrübə öyrənilib, təhlillər aparılıb və onun ölkəmizdə tətbiqi üçün ilk olaraq normativ hüquqi bazanın formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib.

O, sonra deyib:

“Cənab Prezident tərəfindən 2019-cu ildə imzalanmış, “Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq fərmanlara əsasən bu ərazidə iqtisadi fəaliyyətin hüquqi-texniki əsasları müəyyən edilib. Həmin sənədə əsasən, müvafiq dövlət qurumları AİZ-də biznes, vergi, gömrük, digər iqtisadi və sosial tədbirlərin hüquqi-iqtisadi mexanizmləri hazırlayıblar. Ələt AİZ-in Yol Xəritəsi müəyyən edilib. Belə ki, Ələt AİZ-də maliyyə və sığorta xidmətləri, torpaq münasibətləri, gömrük, miqrasiya, əmək münasibətləri, vergi tənzimlənməsi, notariat fəaliyyəti, müflisləşmə və iflas, rəqabət. əqli mülkiyyət, ətraf mühit və s. məsələlərlə bağlı xüsusi güzəştlər tətbiq olunacaq.

Ələt AİZ-də fəaliyyət göstərəcək investorlar bütün vergilərdən azad ediləcək,  müxtəlif növ güzəşt və stimullardırıcı addımlar tətbiq olunacaq. Xarici ticarətdə güzəştlər (ixrac-idxal rüsumlarının azaldılması və ya ləğvi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi), fiskal güzəştlər – müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılmasını nəzərdə tutulur. Bu güzəştlər vergi bazası (mənfəət və ya gəlir, əmlakın dəyəri və s.) və onun ayrı-ayrı komponentlərini (amortizasiya ayırmaları, əməkhaqqına, elmi-texni tərəqqiyə və nəqliyyata çəkilən xərclər), vergi dərəcələrinin səviyyəsini, vergilərdən daimi və ya müvəqqəti azadolmalar kimi məsələləri əhatə edə bilər. Eyni zamanda, maliyyə güzəştləri – subsidiyaların müxtəlif formalarını əhatə edir. Subsidiyalar büdcə vəsaitləri və güzəştli dövlət kreditləri hesabına – birbaşa və kommunal xidmətlərə aşağı qiymət qoymaqla, torpaq sahələrindən istifadə etmək üçün icarə haqqının azaldılması yolu ilə – dolayı formalarda verilə bilər.

AİZ-də administrativ (inzibati) güzəştlər – müəssisələrin qeydiyyatdan keçirilməsi, xarici vətəndaşların ölkəyə girişi və çıxışı prosedurlarının sadələşdirilməsini nəzərdə tutulur. Ələt AİZ-də geniş iqtisadi spektrdə sərbəst surətdə qərar verə bilmək hüququna malik olan lokal, xüsusi bir idarəetmə sistemi mövcud olacaq. Azad Zonada fəaliyyət göstərən şəxslərə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz.

Biznes nümayəndələrinə valyuta əməliyyatları aparmaq azadlığı veriləcək, mənşə sertifikatları üçün rüsum tələb olunmayacaq. İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, hüquqi şəxslərinin və onların işçilərinin, heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ vardır. AİZ-də dövlətin də hərtərəfli dəstəyi olacaq”.

Etikxeber.az

Read Previous

Avro-2020: İspaniya və İtaliya-YARIMFİNALDA – FOTO – YENİLƏNİB

Read Next

“Tək arzum odur ki, oğlumun, tək övladımın, Şəhidimin-Davudumun adı oxuduğu 6 saylı məktəbə verilsin”-XACMAZ ŞƏHİDLƏRİNDƏN OLAN DAVUD HACIYEVİN ANASI VALİDƏ HACIYEVA AİDİYYATI QURUMLARA SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir