Əli Həsənov: “İslamı terrorla eyniləşdirmək cəhdləri…”- YENİLƏNİB

Sentyabrın 3-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilir.

Etikxeber.az xəbər verir ki, konfransı İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov açaraq qurumun fəaliyyəti, qarşıya qoyduğu məqsədlər barədə məlumat verib.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.

Əli Həsənov qeyd edib ki, İƏT müsəlman ölkələrinin birlik modeli kimi özünü təsdiq edib. Təşkilat üzv dövlətlərin xalqlarının maraqlarını qorumaq baxımından çox önəmlidir.

Bu platformanın əhəmiyyətindən danışan Prezidentin köməkçisi diqqətə çatdırıb ki, İslamı terrorla eyniləşdirmək cəhdləri haqlı olaraq bütün müsəlman aləmində ciddi narahatlıqlar doğurur.

Ermənistan–Azərbaycan münaqişəsinə toxunan Əli Həsənov qeyd edib ki, 20 ildən çoxdur BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qərar və qətnamələrinə Ermənistan məhəl qoymur.

Konfrans işini məruzələr və müzakirələrlə davam etdirir.

***

Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed Al-Had çıxışında deyib ki, media bu gün prioritet sahələrdən birinə çevrilib. İslam mediası isə dinimizin dəyərlərini möhkəmləndirməyə xidmət etməlidir. Mədəniyyətin, ənənələrin yayılmasında medianın rolu əvəzsizdir. İslam dini sülh, tolerantlıq dinidir. İslam mediası da bu meyillərin yayılmasına xidmət etməlidir. Həmçinin media İslamla, şəriətlə bağlı məlumatlar yayarkən diqqətli olmalıdır. Ümumiyyətlə, KİV sahəsində çevik siyasət xüsusi önəm kəsb edir.

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Musaid bin İbrahim Al Sukaim qeyd edib ki, hazırda kommunikasiya və informasiya texnologiyalarının sürətli inkişafı, habelə dünyada baş verən siyasi, ictimai dəyişikliklər mediadan daha mütəşəkkil fəaliyyət tələb edir. İslam mediasi ölkələrimizdə baş verən hadisələrin düzgün, peşəkar şəkildə dünyaya çatdırılmasında fəal iştirak edə bilər. Medianın hər zaman güclü ictimai təsirə malik olduğunu deyən səfir qeyd edib ki, KİV ictimai rəyi istiqamətləndirən ən əsas vasitədir. Bu vasitədən İslam həmrəyliyinin dəstəklənməsində istifadə etmək vacibdir.

İranın Azərbaycandakı səfirinin müavini Davud Çərmi bildirib ki, bu assosiasiya İslam ölkələri arasında informasiyasının düzgün yayılmasına, müsəlman aləmində sülhün və təhlükəsizliyin bərqərar olmasına imkan yaradacaq. O qeyd edib ki, İran İslam ölkələri arasında bu innovativ təsisatın yaradılmasını dəstəkləyir. Bu assosiasiya İslam ölkələri arasında məlumat mübadiləsinin aydın və düzgün qaydada aparılmasına şərait yaradacaq. Bu, həmçinin islamofobiya meyillərinin aradan qaldırılmasına xidmət edəcək.

Türkiyənin Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Meral Barlas diqqətə çatdırıb ki, texnologiyanın sürətli inkişafı düzgün və dəqiq informasiyanın yayılmasının önəmini daha da artırıb. Bu baxımdan jurnalistika sahəsinin əhəmiyyəti olduqca artıb. Çox mənbələrdən gələn xəbərlərin dəqiqləşdirilərək, doğruluğu araşdırılaraq yayımlanması vacibdir. Jurnalistikanın etik davranış kodeksləri də buna əsaslanır.

İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan bəy Fanani bildirib ki, bu gün KİV-lərin əlində böyük güc mövcuddur. Ona görə də KİV hər zaman dördüncü hakimiyyət adlandırılır. Bu gün KİV həm də dövlətlər arasında körpü qurmaq işində mühüm rola malikdir. KİV geniş ictimaiyyətin fikrini hökumətə çatdırmaq rolunu da oynayır. KİV demokratiyanın onurğa sütunudur. Son illər isə multikulturalizmə və demokratiyaya böyük maraq mövcuddur. Müasir cəmiyyətlərdə bunlar nəzərə alınmalıdır.

İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil əş-Şuveyli qeyd edib ki, Azərbaycan tolerantlıq ənənələrinin təbliğində böyük işlər görür. İslam mediasının üzərinə düşən əsas vəzifə ondan ibarətdir ki, İslam dininə qarşı mövcud olan mənfi meyillərlə mübarizə aparsın. Media, həmçinin cəmiyyətlər arasında körpünün qurulmasında, əlaqələrin inkişafında önəmli rola malidir.

Etikxeber.az

Read Previous

Dövlət Sərhəd Xidməti ilə Tacikistanın müvafiq qurumu arasında əməkdaşlıq məsələləri müzakirə edildi

Read Next

Avtomobili cərimə meydançasına aparılanlar arasında məşhurların övladları çoxdur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir