Əliqanlı cinayətkarların ədalətli mühakiməsi önünə çıxarılacağı gün… – Deputat yazır

Cəmi iki gündən sonra, fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların soyqırımının 25 ili tamam olur. Bu hüznlü günlərdə Azərbaycan xalqı daim ölkəmizə, millətimizə, bütövlükdə Türk Dünyasına qarşı düşmən mövqeyində dayanmış erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsini ehtiramla yad edir.

xocali-1

Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilib. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, 20-ci əsrin Xatın, Lidiçe, Babi Yar, Serebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə işğalçı və təcavüzkar Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisidir. Bundan əvvəl azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi xüsusi amansızlıqla qətlə yetirilmişdi. Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci böyük yaşayış məntəqəsi olan Xocalı Ermənistan hərbi birləşmələrinin növbəti hədəfi idi.

Şəhərdə 7 min nəfərədək adam yaşayırdı. Ermənistan Respublikasındakı ata-baba torpaqlarından zorla qovulub didərgin salınmış azərbaycanlıların bir hissəsi və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türklərinin 54 ailəsi də burada məskunlaşmışdı. Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. Təsadüfi deyil ki, Xocalı soyqırımından bir müddət əvvəl erməni millətçiləri və qaniçənləri kütləvi informasiya vasitələrində, mitinqlərdə azərbaycanlıların kütləvi məhvini təşkil etməyə çağırışlar edirdilər. Onu da qeyd edək ki, hələ faciədən bir neəcə ay əvvəl, yəni, 1991-ci ilin noyabr ayından şəhər blokadaya alınmışdı. Xocalının xarici aləmlə əlaqəsi ancaq radiotelefon və mülki vertolyotlar vasitəsi ilə həyata keçirilirdi. 1992-ci il yanvarın 28-də “Azərbaycan Hava Yolları” Dövlət Şirkətinə məxsus Mİ-8 markalı mülki vertolyot Dağlıq Qarabağ səmasında erməni hərbi birləşmələri tərəfindən vurulmuş, vertolyotun sərnişinləri olan 47 azərbaycanlı həlak olmuşdu. Bundan sonra şəhərlə hava əlaqəsi də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilməsinin qarşısı alınmışdı. Şəhəri yalnız atıcı silahları olan yerli özünümüdafiə dəstələri qoruyurdular. Əlbəttə, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər.

Fevralın ikinci yarısından başlayaraq Xocalı Ermənistan silahlı birləşmələri tərəfindən tam mühasirəyə alınmışdı. Dinc sakinlərin dəstələr halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınırdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı. Hücumda Ermənistanın hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayı iştirak edirdi. Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edildi. Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər şikəst edildi. 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək də məlum deyil. Beləliklə, son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəslinin milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi nəticə etibarı ilə 20-ci əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi qanlı və dəhşətli faciənin baş verməsinə gətirib çıxardı. Xocalı şəhərində törədilmiş müdhiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Çünki qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdi. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməmiş, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişdilər. Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etmişdi. Bu dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdu. Bununla birlikdə, bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Respublikasının silahlı qüvvələri Xocalı faciəsindən sonra tezliklə özünə gələ bilməyən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalını qısa müddətdə başa çatdırmış və ətraf rayonların zəbt edilməsi planlarının icrasına başlamışdı. Ancaq çox təəssüflər olsun ki, Xocalı şəhərində dinc əhaliyə vəhşicəsinə divan tutmuş erməni hərbçilərini və onların havadarlarını təmizə çıxarmaq üçün aparılan təbliğat kampaniyası bu gün də ara vermir. İddia olunur ki, guya Xocalıya hücum şəhərdəki “atəş nöqtələri”ni məhv etmək məqsədi ilə həyata keçirilib, bu zaman dinc əhaliyə qarşı heç bir zorakılıq əməlinə yol verilməyib.

Üzdəniraq təbliğatçıların dediklərindən az qala belə çıxır ki, guya Xocalıda azərbaycanlılar bir-birini, sonra da özlərini işgəncə ilə qətlə yetirmişlər. Bəzən onların həyasızlığı elə həddə çatır ki, Xocalı şəhərində lentə alınmış və ya təsvirləri götürülmüş qanlı qırğın səhnələrini beynəlxalq ictimaiyyətə azərbaycanlıların ermənilərə qarşı cinayət əməlləri kimi təqdim edirlər. Yalançı erməni təbliğatının miqyası ildən-ilə daha da genişləndirilir. Erməni millətçiləri qonşu dövlətlərə, o cümlədən Azərbaycan Respublikasına qarşı ərazi iddialarına haqq qazandırmaq, bunun vasitəsi kimi seçdikləri işğalçılıq, soyqırımı və dövlət terrorizmi siyasətini pərdələmək üçün hər vasitədən istifadə edərək, guya 1915-ci ildə ermənilərin soyqırımına məruz qaldıqları barədə uydurmaların beynəlxalq səviyyədə qəbul olunmasına cəhdlər göstərirlər. Həm də bu cəhdlər bir sıra hallarda müəlliflərinə çirkli siyasi “dividendlər” gətirir. Xocalı faciəsi kimi real soyqırımı aktına göz yuman ayrı-ayrı dövlətlərin parlamentlərinin təsir altına düşərək, yaxud siyasi konyunkturaya əsaslanaraq “erməni soyqırımı” əfsanəsini müzakirə mövzusuna çevirməsi, hətta bu barədə əsassız və ədalətsiz aktlar qəbul etməsi yalnız təəssüf hissi doğurur.

Bu baxımdan Azərbaycan xalqı olaraq hesab edirik ki, Xocalı soyqırımı unudulmamalı, gec də olsa, nəhayət, dünya birliyi tərəfindən beynəlxalq hüquqi qiymətini almalıdır. Onu da qeyd edək ki, faciənin baş verdiyi ilk illərdən fərqli olaraq, artıq dünya ictimaiyyəti yavaş-yavaş Xocalı soyqırımı həqiqətlərini dərk və qəbul etmək yolunu tutub. Yəni, əgər faciənin baş verdiyi ilk illərdə dünya ictimaiyyəti onun gözü qarşısında baş vermiş bu qanlı qətliama etinasız qalmşıdısa, susqunluq göstərmişdisə, ancaq Azərbaycan rəhbərliyinin, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı düşünülmüş və məqsədyönlü siyasət sayəsində, eləcə də, Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü, rəhbərliyi ilə aparılan “Xocalıya ədalət!” kampaniyası nəticəsində bu faciəyə daha həssaslıqla yanaşmağa, onu olduğu kimi qəbul etməyə başlayıb. Təsadüfi deyil ki, məhz bu istiqamətdə gərgin, o cümlədən, ardıcıl və məqsədyönlü işlər nəticəsində dünyanın bir neçə ölkəsinin parlamenti Xocalı qətliamının soyqırımı aktı kimi tanınması barədə qərar və qətnamələr qəbul edib. Bu isə onu deməyə və ümid etməyə əsas verir ki, yaxın illərdə Xocalı qətliamı bütün dünya tərəfindən öz ədalətli siyasi-hüquqi qiymətini alacaq, soyqırımı aktı kimi tanınacaq. Həmçinin, faciənin ideoloqları, təşkilatçıları və icraçıları – Levon Ter Petrosyanlar, Robert Köçəryanlar, Serj Sarkisyanlar, Seyran Ohanyanlar və digər əliqanlı cinayətkarlar yaxalanaraq, ədalətli mühakiməsi önünə çıxarılacaq, layiq olduqları cəzalarına çatdırılacaqlar.

eldeniz-xocali

Eldəniz Səlimov,
Millət vəkili

Etikxeber.az

Read Previous

“Bakı-2017″də mübarizə aparacaq Azərbaycanın U-23 yığmasının baş məşqçisi müəyyənləşdi

Read Next

Deputat “Semaşko”-nun baş həkimi haqda: “Oqtay Şirəliyevin ən uğurlu təyinatlarındandır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir