“Əliyaqublu mədəniyyət evinin əsaslı təmirinə, Dağcəyir mədəniyyət evinin yenidən qurulmasına ehtiyac var” – SAHİBƏ QAFAROVA

Seçildiyim Şəmkir rayonunda da bir sıra tədbirlərin həyata keçirilməsinə dəstək verilməsini xahiş edirəm. Belə ki, Şəmkir rayonunun ən böyük məktəbi olan Cahangir Rüstəmov adına tam orta məktəbin və Füzuli adına tam orta məktəbin əsaslı təmirə ehtiyacı var. Bu məktəblərdə faktiki olaraq mövcud olan vəziyyət təlim-tərbiyyə işlərinin yetəri səviyyədə aparılmasına imkan vermir. Bu gün Azərbaycanda ən müasir standartlara cavab verən təhsil müəssiələri tikilib istifadəyə verilir, məktəblərdə tədrisin keyfiyyəti yüksəldilir. Qeyd etdiyim məktəblərdə də şəraiti yaxşılaşdırmaqla rayonumuzda təhsil göstəricilərinin yüksəlməsinə nail olacağıq.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Sahibə Qafarova parlamentdə büdcə müzakirələrində çıxışı zamanı deyib.

O, qeyd edib ki, seçiciləri narahat edən digər məsələ Atabəy kəndinin qazlaşdırılması ilə bağlıdır.

“Azərbaycanda ən ucqar kəndlərdə belə yüksəksəviyyəli infrastruktur quruculuğuna diqqət göstərilir və bu, həm əhalinin daha yaxşı yaşamasına, eyni zamanda vətəndaş məmnunluğunun yüksəlməsinə imkan verib. Atabəy kəndinə yaxın və ətraf kəndlərdə də qazlaşdırma başa çatdırılıb. Yaxşı olar ki, gələn il Atabəy kəndində də bu problem öz həllini tapsın.

Bunlarla yanaşı, rayonumuzun Əliyaqublu  kəndinin mədəniyyət evinin əsaslı təmirinə, Dağcəyir kəndinin mədəniyyət evinin yenidən qurulmasına ehtiyac var. Bu, kənd sakinlərin, o cümlədən, gənclərin asudə vaxtlarının daha səmərəli və məhsuldar təşkilinə, regionlarda mədəni mühitin möhkəmlənməsinə xidmət edəcək.

Ümumilikdə gələn ilin dövlət büdcəsini yüksək qiymətləndirirəm. Nəzərdə tutulan məsələlərin yerinə yetirilməsi nəticəsində ölkəmizin daha böyük uğurlar əldə edəcəyinə şübhə yoxdur. Hesab edirəm ki, gələn ilin dövlət büdcəsi layihəsi hazırlanarkən həm ölkəmizin inkişaf paradiqmaları, həm də son illərdə həyata keçirilən islahatların uğurlu nəticələri, qlobal məkanda iqtisadi sistemdə gözlənilən risk və meyllər nəzərə alınıb. Biz büdcə layihəsi ilə tanış olarkən gələn ilin dövlət büdcəsinin Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsi olduğunu gördük. Bu isə həm də o deməkdir ki, bu gün Azərbaycan özünün inkişafında ən yüksək zirvəni yaşamaqdadır.

Büdcənin gəlirləri və xərcləri ölkəmizin prioritetlərinin, inkişaf məqsədlərinin həyata keçirilməsinə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə islahatların uğurla reallaşdırılmasına imkan verəcək. Sosial sferada nəzərdə tutulan xərclərin artırılması Azərbaycanın sosial dövlət fəlsəfəsinə tam uyğundur və bu, vətəndaşların sosial müdafiəsinin daha uğurlu və etibarlı təşkilinə töfhə verəcək. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlərin mərkəzində vətəndaşlarımızın sosial rifahı dayanır. Gələn ilin dövlət büdcəsində də xalqımızın sosial rifah halının yaxşılaşdırılması əsas məqsədlərdən biridir.

Diqqət çəkən mühüm məqamlardan biri də elm xərclərinə 42,1 faiz, təhsil xərclərinə 38,3 faiz çox vəsait ayrılmasının nəzərdə tutulmasıdır. Azərbaycanda müasir, bilik əsaslı cəmiyyət quruculuğu prosesində təhsil və elm sahəsinə yüksək diqqət göstərilməsi ölkəmizdə müasir çağırışlara uyğun tədbirlərin görülməsinə təkan verəcək”-deyə, S. Qafarova sözlərinə əlavə edib.

K.HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Eldar İbrahimov büdcə müzakirələrində nə dedi?

Read Next

Millət vəkilindən şəhid ailələri və Qarabağ əlilləri ilə bağlı – ÖNƏMLİ TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir