Əliyev Şentop və Niqmatulini qəbul etdi – FOTOLAR – YENİLƏNİB – (1)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopu qəbul etdi.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırdı.

Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Görüşdə bu yaxınlarda TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin tarixi hadisə olduğu vurğulandı və bu, Türkiyə-Azərbaycan birliyinin növbəti nümayişi kimi dəyərləndirildi. Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji sahələrində uğurlu nəticələr verdiyi bildirildi, dövlət başçıları arasında mütəmadi görüşlərin bu əlaqələrin genişləndirilməsi işinə xüsusi töhfə verdiyi qeyd olundu.

Söhbət zamanı ikitərəfli münasibətlərimizin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın rolu vurğulandı.

Görüşdə, həmçinin TÜRKPA-nın IX plenar iclasının əhəmiyyətinə toxunuldu, Azərbaycanın Türk Şurasına uğurla rəhbərlik etməsinin və təşkilata dünyada marağın getdikcə artmasının önəmi qeyd olundu, bu qurum çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu bildirildi.

***

İlham Əliyev dekabrın 18-də Qazaxıstan Parlament Məclisinin Sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyətini  də qəbul etdi.

Nurlan Niqmatulin Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə Türk Şurasının üzv ölkələrinin prezidentlərinin birgə qərarı ilə Türk Şurasının fəxri sədri adının verilməsinə görə qazax xalqı adından səmimi minnətdarlığını bildirdi. Qonaq Bakıda gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi.

Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevə və Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Görüşdə Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevlə Azərbaycanın ümummilli lideri Heydər Əliyev arasında şəxsi dostluğun xalqlarımız arasında münasibətlərin inkişafında böyük rol oynadığı vurğulandı, Prezident İlham Əliyevin ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi işinə verdiyi töhfələr xüsusi qeyd olundu.

Söhbət zamanı Azərbaycanla Qazaxıstan arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, energetika və iqtisadi sahələrdə uğurla inkişaf etdiyi bildirildi, dövlət başçıları arasında görüşlərin bu münasibətlərin möhkəmləndirilməsi baxımından önəmi vurğulandı.

Görüşdə, həmçinin Azərbaycanda yaxşı investisiya mühitinin olduğu, ölkəmizin investisiyalar üçün cəlbediciliyinin beynəlxalq qurumlar tərəfindən də təsdiq edildiyi bildirildi.

Söhbət zamanı parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunuldu, TÜRKPA-nın Azərbaycanda keçirilən IX plenar iclasında Qazaxıstanın da yüksək səviyyədə təmsil olunduğu və bu tədbirin münasibətlərimizin inkişafına töhfə verdiyi qeyd edildi.

Etikxeber.az

Read Previous

“Problemləri təkcə şagirdlərlə yox, həm də müəllimlərlə…” – MƏLEYKƏ ABBASZADƏ – YENİLƏNİB – (2)

Read Next

TÜRKPA-ya sədrlik Azərbaycana keçdi – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir